Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3578
az

" Terrorun daha bir üzü Ermənistanla bağlıdır " -

15:5211 İyul, 2018
1813
CƏMİYYƏT
  • A
 Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov ötən gün Gəncədə baş vermiş iğtişaşa münasibət bildirib.

 
Oxu24.com xəbərinə görə, Şura sədri sosial şəbəkədə yazıb ki, Gəncədə yaşananlar dini libas geymiş siyasi terrordur.

Ə. Amaşov bildirib ki, Gəncə şəhəri Azərbaycanın müasir dövlətçilik ənənələrinin formalaşmasında və dəyər qazanmasında müstəsna pay sahibidir: “Dövlətçiliyimizə qəsd cəhdinin törədilmə məkanı təsadüfən seçilməyib. Heç şübhəsiz, polis zabitləri İlqar Balakişiyevi və Səməd Abbasovu qətlə yetirən əllərlə icra başçısı Elmar Vəliyevə güllə atan əl eyni mərkəzdən idarə olunur”.

 
Ə. Amaşov deyib ki, müxalifət təmsilçiləri əllərinə düşən ilk fürsətdəcə hakimiyyətə qarşı kin və qəzəb püskürür, illərdən bəri düçar olduqları uğursuzluqların sanki heyfini alırlarmış kimi davranır, müxtəlif arqumentlər irəli sürməklə əsl mahiyyəti kölgələmək yolu tuturlar: “Ortada Azərbaycana qarşı yönəlmiş məkrli oyun var. Siyasi müxalifətin bu oyunda yer alması mənfi tendensiyadır və əslində düşərgənin gələcək məğlubiyyətlərini şərtləndirən məqamdır. Müxaliflik bir yerə qədər olmalıdır. Gəncə ümumdövlət maraqları baxımından vəhdət tribunasıdır. Təəssüf ki, əks düşərgə bu tribunada təmsilçilikdənsə inkarçılığı üstün tutdu”.


Millət vəkili müstəqillik illərində Azərbaycandakı asayişi pozmağın ən mühüm vasitəsinin məhz dini təxribatlar olduğunu vurğulayıb: “Hicab aksiyası” və Əbu Bəkr məscidi ətrafındakı qalmaqal, habelə bir neçə ay öncə Hacı Cavad məscidi ilə bağlı yaranmış insident yaddaşlardan silinməyib. Sual yaranır: nəyə görə məhz din? Cavab sadədir - Azərbaycan müsəlman ölkəsidir və ümumən müsəlman ölkələrində etiqad və vicdan azadlığı kontekstində təfriqələr yaratmaq, mövcud xüsusda nələrisə mübahisələndirməklə etirazçı kütlə hazırlamaq işi asandır. Prosesin Yaxın və Orta Şərq ölkələrindəki klassik metodlarını görmüşük. İkinci qeyd ediləcək məqam bundan ibarətdir ki, respublikamız dinlərin və mədəniyyətlərin qovuşduğu məkandır, tolerantlıq nümunəsidir. İstər dünyanın ayrı-ayrı yerlərindən ölkəmizə təşrif buyurmuş qonaqların gəldikləri qənaət, istərsə də düzənlədiyimiz nüfuzlu beynəlxalq tədbirlər zamanı səslənən fikir və düşüncələr onu deməyə əsas verir ki, Azərbaycan multikultural dəyərlərin hakim kəsildiyi, müxtəlif inanclı insanların dinc, birgəyaşam şəraitində ömür sürdükləri diyar kimi özünü təsdiqləməyi bacarıb. Bu, dünyana varlığımızı bəyan edən son dərəcə böyük sərvətdir. Deməli, Azərbaycana qarşı düşmənçilik motivləri varsa, məhz bu sərvətə qəsd ön planda olmalıdır. Bəli, məkrli plan ona hesablanıb ki, Azərbaycan mühafizəkar, dini fundamentalizmin, ehkamçı dünyagörüşünün hakim kəsildiyi məkan olaraq göstərilsin. Dünyaya burada dini müstəvidə münaqişənin alovlanması üçün guya münbit zəminin mövcudluğu mesajı verilir. Nəticədə beynəlxalq ictimaiyyət ölkəmizlə bağlı bir növ, tərəddüdlərə düşür. Planın tərkibinə din adamlarının hakimiyyətə qarşı mütəşəkkil etirazçı təbəqə olduqlarını göstərmək də daxildir. Bu, nəyə görə lazımdır? Məlumdur ki, xaricdə hakimiyyətlərin dinə qarşı guya barışmaz mövqedə olduqlarını iddia edən İslam pərdəsinə bürünmüş siyasi qruplar var. Zaman-zaman müxtəlif Qərb dairələri tərəfindən hərəkətə gətirilən bu qrupların dini təəssübkeşlik adı altında Azərbaycana cəlb edilməsi istəklərinə meydan hazırlanır. Beləcə nəzərdə tutulan xaos mühiti dərinləşdirilir. Məqsəd budur”.

MŞ sədri 11 apreldə Azərbaycanda keçirilmiş prezident seçkilərinə də diqqət çəkib. O qeyd edib ki, proses apreldə yox, oktyabrda keçirilməli idi, seçki öncəsi bəzi qüvvələr tərəfindən yaradılmasına cəhd göstərilən gərginlik mühitinin ayrı-ayrı elementləri göstərir ki, oktyabr ayı üçün daha geniş miqyaslı məkrli plan işə salınacaqdı:

 “Xalqın seçkidə cənab İlham Əliyevi dəstəkləyərək iqtidarla vəhdət nümayiş etdirməsi işə salınmış bütün “ssenariləri” iflasa uğratdı. Hesab edirəm ki, bu gün Gəncədə yaşananlar aprel iflasına görə qisas mahiyyəti daşıyan siyasi terrordur. Heç şübhəsiz, terrorun daha bir üzü Ermənistanla bağlıdır. Bir neçə ay öncə ölkədə siyasi dəyişiklik baş verdi. Nikol Paşinyanın hakimiyyətə yiyələnməsi ilə Dağlıq Qarabağ münaqişəsi də gündəmə gəldi. Paşinyanın ortaya qoyduğu mövqe konfliktin nizamlanması ilə bağlı indiyədək aparılan danışıqların ruhuna tamamilə ziddir. Yəni faktiki olaraq ölkəmiz üçün müharibədən başqa yol qalmır. Ermənistanın diplomatik qayda və prinsipləri heçə saymasının doğuracağı savaşın isə Azərbaycanın zəfəri ilə nəticələnəcəyi hər kəsə yaxşı məlumdur. 26 iyun Silahlı Qüvvələr Günü və Milli Ordumuzun 100 illiyi ilə bağlı keçirilmiş möhtəşəm hərbi paradla əlaqədar Ermənistan mediasında yayımlanmış materiallar göstərir ki, ermənilər təşviş içərisindədir. Mövcud durumda işğalçıya dəstək planlarının işə düşəcəyi proqnozlaşdırılırdı və işə düşdü. Gəncədə yaşananların həm də bu baxımdan dəyərləndirilməli olduğunun qənaətindəyəm. Hesab edirəm ki, cəbhəyə yaxın olan strateji bölgədə ictimai asayişi pozmaq və gərginlik yaratmaqla Azərbaycanın diqqətini daxili işlərə yönəltmək, ədalətli müharibə ovqatından daşındırmaq yolu tutulur”.


Ə. Amaşov müasir dövrdə dövlətlərə qarşı aparılan müharibədə informasiya təminatının mövcudluğunun başlıca şərt olduğunu da qeyd edib:

“Yəni faktiki olaraq müharibələr informasiya savaşı mahiyyəti daşıyır. Bu mənada Gəncədə Azərbaycana qarşı həyata keçirilən terrorun “klaviatura qəhrəmanları”nı da gördük. Onlar Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd sonrakı onun qətlə yetirildiyinə dair fikirlər yaymaqla cəmiyyətdə çaşqınlıq yaratmaq yolu tutdular. Ölkəmizin ikinci böyük şəhərində iki polis zabitinin qətli ilə nəticələnən iğtişaşın anonsunu verənlər də məhz onlar idi. Ümumən onu da bildirmək lazımdır ki, Gəncədə yaşanan olaylar Azərbaycanın mütərəqqi media cameəsinin elektron media və sosial şəbəkələr müstəvisində əsaslı tənzimləmələrin aparılmasına dair zaman-zaman səsləndirdikləri baxışların əməli iş müstəvisinə daşınmasının vaxtının çatdığını bir daha sübuta yetirdi. Bilirəm, fikrimi söz və ifadə azadlığının boğulmasına çağırış kimi dəyərləndirib məsələyə saxta ictimai motiv qazandıranlar tapılacaq. Heç bir halda mövcud sahədə hansısa mürtəce addımlar atıla bilməz. Sadəcə hazırlanmış qanuni mexanizmlər konkretləşdirilməli, təkmilləşdirilərək kompleks əhəmiyyət daşımalıdır. Söz azadlığının dövlətə qarşı qəsd azadlığı anlamı daşıması əsla yolverilməzdir. Məsələyə Azərbaycanın informasiya təhlükəsizliyi baxımından qiymət verilməli, zəruri tədbirlər görülməlidir. Dövlətin Gəncə ilə bağlı yazan bəzi informasiya saytlarına qarşı həyata keçirdiyi tədbirlər də bu kontekstdə dəyərləndirilməlidir.

Sonda bir daha vurğulayım ki, Gəncə hadisələri Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı qəsd, düşünülmüş məkrli oyun cəhdidir. Bu durumda mediamızın hərzamankı kimi mütəşəkkilik ortaya qoyması, həssas davranaraq peşəkarlıq nümayiş etdirməsi son dərəcə vacib şərtdir. Media peşəkarlığı dövlətçiliyimizə qarşı təhdidlərin qarşısının alınmasında səfərbəredici missiyadır. Jurnalistlərimiz bu missiyanı ləyaqətlə yerinə yetirir və qəti şəkildə əminəm ki, daha yüksək səviyyədə yerinə yetirməklə cəmiyyətə nümunə olacaqlar”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yatmazdan əvvəl dişlərimizi fırçalamasaq, nə olar?
Xəzərdə suyun səviyyəsi rekord həddə azalıb - fəsadları nə olacaq? - VİDEO
İDDİA: "Kənd yumurtası" adı altında broyler yumurtaları satılır -VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin       qarşısı        alındı