Bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi böyük səhvdir, yumşaq desək.
Oxu24.com xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev ölkənin enerji sektorunda baş verən hadisələrlə bağlı müşavirədə “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevə irad tutaraq bildirib.
Dövlət başçısı deyib ki, ölkənin kifayət qədər enerji gücü var.
“Təkcə 15 il ərzində 2500 meqavatt gücündə elektrik stansiyalar yaradılıb. Biz indi xarici ölkələrə elektrik enerjisi ixrac edirik. Ona görə isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz.
Qəzanın səbəblərini komissiya araşdıracaq. Siz, sadəcə, utanmalısınız. Xalq qarşısında, ölkə qarşısında.
İnsanlara bu qədər əziyyət vermisiniz. Metroda qocalar, qadınlar, uşaqlar, xəstələr, liftdə qalanlar...”
İlham Əliyev qeyd edib ki, hadisə nəticəsində ölkəyə böyük iqtisadi ziyan dəyib.
“Mən bu sahəyə bu qədər investisiya ayırmışam, dövlət investisiya proqramı sahəsində hər il böyük vəsait ayrılır, yeni elektrik stansiyaları tikilir.
Son 15 il ərzində 30 stansiya tikilib. Elə sistem qurulmalı idi ki, ölkənin enerji sistemi çökməsin.
Niyə bölgələrdəki elektrik stansiyaları qəza baş verəndən sonra fəaliyyətini dayandırdı? Bunun səbəbləri haqqında danışmalısınız. Yoxsa havalar isti keçir, istehlak artır – bu məni qane edə bilməz”, - deyə dövlət başçısı vurğulayıb və qeyd edib ki, məsələni çox ciddi araşdırmaq lazımdır. Oxu24.com
ŞƏRHLƏR