Türkiyədə təcavüz edən cinayətkarlar, xüsusilə pedofillər xədim ediləcək.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bununla bağlı Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ məlumat verib.
O bildirib ki, bundan sonra cinsi təcavüz edən şəxslərin xədim edilməsi üçün qanun layihəsinin qəbul edilməsi artıq ciddi şəkildə düşünülməlidir.
“Bu günə qədər müxtəlif tədbirlər gördük. Qarşıdakı zamanda bunları yenidən nəzərdən keçirəcəyik və cəzaları ağırlaşdıracağıq. Kimyəvi xədim üsulu da icra ediləcək”, - deyə B.Bozdağ əlavə edib.
Qeyd edək ki, bununla bağlı təkliflər Azərbaycan cəmiyyətində də səsləndirilib.
Konkret olaraq, millət vəkili Qüdrət Həsənquliyev illər öncə bir neçə dəfə mətbuatda və parlamentdə çıxışları zamanı bu məsələni dilə gətirib, pedofillərin, qadınlara, gənc qızlara qarşı cinsi zorakılıq kimi ağır cinayətləri törədənlərin məhz cərrahi əməliyyat yolu ilə xədim edilməsi təklifini irəli sürüb.
O, bu məqsədlə cinayət qanunvericiliyinə xüsusi bir maddənin əlavə olunmasını təklif edib. Millət vəkilinin təklifini təqdir edənlər də, əleyhinə çıxanlar da olub. Amma hələlik qanunvericilik səviyyəsində bu yöndə addım atılmayıb.
Bəs görəsən, Türkiyədə xədimlik məsələsi rəsmiləşdirilərsə, Azərbaycanda da bu yöndə addım atıla, Q. Həsənquliyevin təklifinə qayıdıla bilərmi?
Millət vəkili Azər Badamov Oxu.Az-a açıqlamasında bu məsələni istisna etməyib və pedofillərin cəzalandırılmasının bu yolunun daha məqbul olduğunu söyləyib:
“Pedofillər, psixi cəhətdən qeyri-normal insanlar cəmiyyət üçün çox böyük təhlükədir. Düzdür, onlarla bağlı qanunvericilikdə sərt cəzalar var, amma hesab edirəm ki, bunlar tam yetərli deyil.
Onlar 5 il, 10 il həbs cəzası çəkirlər, çıxırlar, yenə də öz əməllərindən geri qalmayanları, onlardan ibrət almayanları tapılır. Ona görə də onların bütün fiziki imkanlarının məhdudlasdırılmasının tərəfdarıyam.
Əgər qardaş Türkiyədə pedofillərin kimyəvi xədim edilməsi ilə bağlı qanunun qəbulu təklif olunursa, bunu çox doğru hal hesab edirəm. Belə bir qanun bizim Milli Məclisdə də gündəmə gətirilərsə və müzakirələrə çıxarılarsa, təbii ki, mən onu birmənalı şəkildə dəstəkləyəcəm.
Törədiləcək hər bir cinayəti qabaqlamaq mümkündürsə, onun yollarını tapıb, tədbir görülməlidir. Əgər bizdə də belə bir qanun qəbul olunarsa, o zaman pedofilizm təhlükəsi azalmış olar”.
Millət vəkili Eldəniz Səlimov da pedofillərə qarşı mübarizədə Türkiyədə atılması nəzərdə tutulan addımları dəstəklədiyini, bu istiqamətdə hələ bir qədər gecikildiyini və Azərbaycanda belə bir variantının tətbiqinin vacibliyini vurğulayıb:
“Türkiyədə səkkiz yaşlı qızla bağlı hadisə dolmuş bardağı daşırdı, bütün Türkiyə cəmiyyətini yerindən oynatdı, ayağa qaldırdı. Başqa cür də ola bilməzdi, insan olan kəs buna səssiz, seyirçi qala bilməzdi.
Doğrudan da, belə bir insanlıqdan kənar addıma əl atılması, səkkiz yaşlı, o cümlədən, onun kimi, neçə-neçə qız və bəzən də oğlan uşaqlarının zorlanması, sonradan vəhşicəsinə öldürülməsi dəhşətli bir mənzəridir, sözün bitdiyi yerdir.
Belə “insanlar”ın, daha doğrusu, “məxluqlar”ın nə bu dünyada, nə o dünyada yeri var. Onlar cəhənnəmlikdir. Onlara qarşı hansı sərtləşdirici addım atılsa belə, yenə də azdır. Çünki danışdıqca, belə şeyləri gördükcə, izlədikcə insanın qanın donur, bir anlıq, insanlığa belə nifrət edirsən.
Odur ki, istər Türkiyədə, istərsə də Azərbaycanda belə alçaqlığa, şərəfsizliyə yol verən adamlarla bağlı bütün sərt tədbirlər görülməlidir, hətta xədimlik məsələsi belə qanunla rəsmiləşdirilməlidir. Qoy, bu, başqalarına da dərs olsun. Əgər belə bir məsələ bizim parlamentə təqdim olunarsa, onu ilk dəstəkləyənlərdən olacağam”. Oxu24.com
ŞƏRHLƏR