"İqtisad Universiteti ilə bağlı başlanmış cinayət işi üzrə zəruri ilkin dövr üçün araşdırma aparılmalıdır. Həmin araşdırmanın nəticəsində isə təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. Faktla bağlı hələ ki, kimin günahkar olduğunu demək olmaz. Bu, aparılmış istintaqın nəticəsindən asılı olacaq”.
Oxu24.com xəbər verir ki, bu sözləri modern.az-a tanınmış hüquqşünas Adəm Məmmədov İqtisad Universiteti ilə bağlı başlanmış cinayətindən danışarkən deyib.
Hüquqşünas bildirib ki, faktla bağlı konkret şəxsləri məsuliyyətə cəlb etmək üçün yetərli dəlillər toplanmalıdır:
"Və yalnız bundan sonra ayrı-ayrı şəxslərə qarşı cinayət işi başlana bilər. Eyni zamanada, istintaqın nəticələrindən asılı olaraq konkret şəxslərə qarşı cinayət işi başlamaq və ya cinayət işini rədd etmək haqqında qərar qəbul edilə bilər. Kimin məsuliyyətə cəld ediləcəyi və ya kimlərin kənarda qalacağı ifadələrdən, dəlillərin əsaslılığı və yetərliliyindən asılı olacaq. Bunun üçün kimlərin məsuliyyətə cəlb olunacağı ilə bağlı açıqlama vermək hələ ki tezdir”.
Adəm Məmmədov qeyd edib ki, əgər istintaq yolu ilə mötəbər sübutlar İqtisad Universitetinin rəhbərliyinin birbaşa rolunun olmasına yönəlsə, o zaman Baş prokuror Milli Məclisə Şəmsəddin Hacıyevin mandatdan məhrum edilməsi ilə bağlı təqdimat göndərə bilər:
"Həmin təqdimatın nəticəsinə uyğun olaraq deputat mandatdan məhrum ediləcək və istintaqa cəlb olunacaq. Amma bir daha xatırladıram ki, bütün bunlar aparılmış istintaqın nəticəsindən asılı olacaq”.
Qeyd edək ki, bir müddət əvvəl Hesablama Palatasının Kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair aparılmış auditin nəticələri üzrə Hesabat müzakirə olunub.
Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.
Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb. İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.
Xatırladaq ki, 2012-2014-cü illərdə İqtisad Universitetinə deputat Şəmsəddin Hacıyev rektorluq edib.
Baş Prokurorluqdan instintaqın gedişi və hansı mərhələdə olduğu barədə yeni məlumat verilməyib. Oxu24.com
ŞƏRHLƏR