Yağıntılar dağlıq ərazilərdə xüsusən də şimal-qərb bölgəsində bir çox çətinliklər yaradıb. Sel nəticəsində bəzi kəndlərlə əlaqə kəsilib, evləri su altında qalan insanlar çadırlarda gecələməli olublar.
Oxu24.com xəbər verir ki, Ağsu çayınının daşması nəticəsində Şamaxının Qaleybuğurd, Keşmədin və Qaladərəsi kəndlərinin yollarını sel suları yuyub.
Kəndlərin rayon mərkəzilə əlaqəsi kəsilib. Hətta bəzi ərazilərdə torpaq uçqunları baş verib.
Ceyhun Əliyev – sakin: “Çayı keçmək mümkün deyil. Dağ çaylarıdı, sürətlə axır. Yolu dağıdır, daşlar gətirir”.
Kamal Kərimov – sakin: “Yollar bağlıdı, vəziyyət pisdi. Qalmışıq yolda, keçə bilmirik. İş yerimizə getmək istəyirik gedə bilmirik. Suyun səviyyəsi çoxdur, nə edirik, maşın keçmir”.
Qaleybuğurd kəndində çayı keçmək istəyən “UAZ” markalı minik avtomobilini də sel aparıb. İçərisində 4 nəfər kənd sakin köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan xilasedicilər vətəndaşları çaydan çıxarıb.
Ərazidə çəkiliş aparan ARB-nin Şamaxı bürosunun əməkdaşı da köməksiz vəziyyətdə qalıb. Çəkiliş qrupunun imdadına Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yetişib. Rayonun Dəmirçi kəndində isə sel suları evlərə və təsərrüfatlara ciddi ziyan vurub. Hazırda kəndlərə gedən yolların açılması istiqamətində iş aparılır
İsmayıllıda evləri sel nəticəsində dağılan iki ailə hazırda çadırlarda qalır.
Ərazidə selin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır. Bu gün səhər saatalrında isə güclü yağışların təsiri nəticəsində Tağlabiyan yolunda da sürüşmə aktivləşib. Aramsız yağışlar Zaqatalada da selə səbəb olub. Yuxarı Tala və Aşağı Tala kəndlərinin su borularına lil dolduğundan, içməli su ilə bağlı çətinlik yaşanıb. Bəzi yerlərdə fındıq bağlarına və əkin sahələrinə ziyan dəyib. Hazırda içməli su probleminin tam aradan qaldırılması istiqamətində işlər aparılır. Oxu24.com
ŞƏRHLƏR