İsmayıllıya yağan güclü yağış kəndlərə ciddi ziyan vurub, evlərin damları uçub, bir neçə ailə gecəni maşında gecələməli olub.
OXU24.COM apa-ya istinadən xəbər verir ki, iyunun 1-də gecə saatlarından başlayaraq İsmayıllı rayonuna qasırğa güclü küləklə müşahidə edilən leysan yağıb. Rayonun Diyallı kəndinə ciddi ziyan dəyib. Bir neçə evin dam örtüyü uçub. Damları uçan evlərin içindəki əşyalar, elektrik avadanlıqları və əşyalar su içində qalaraq yararsız vəziyyətə düşüb. Həyətdəki tövlələrin dam örtüyü də dağılıb, ot bağlamaları yararsız vəziyyətdədir.
Qaçqınların müvəqqəti yaşadığı binanın da dam örtüyü uçub, yağan yağış evlərə dolub. Evlərdə yaşamaq mümkünsüz olduğu üçün insanlar səhərədək küçədə qalıblar. Yol kənarındakı iri gövdəli ağacların budaqları qırılaraq yola düşüb, nəqliyyatın hərəkətinə maneə yaranıb.
Diyallı kənd sakinləri Hüseynov Rasim, Əhmədov Aqil, Əhmədov Şakir APA-nın yerli bürosuna bildiriblər ki, dünən gecədən qəflətən qasırğa şəklində yağış və külək başlayıb, evlərin dam örtüyü uçub, gecəni maşında və qohumların evində keçiriblər.
Hazırda Qızıl Aypara Cəmiyyəti və İsmayıllı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən zərərçəkənlər üçün çadırlar quraşdırılır və ailələr yaxın saatlarda müvəqqəti yaşamaq üçün həmin çadırlara köçürüləcək. Komissiya kənddə evlərə baxış keçirir. Dəymiş ziyanı hesablamaq üçün komissiya yaradılıb.
Oxu24.com
ŞƏRHLƏR