Ermənistanın baş naziri Nikol Paşinyanın son təyinatları Moskvada suallar yaradıb. Çünki yeni təyin olunan kadrların əksəriyyəti rusofoblardır. Misal üçün, “Moskva komsomolçusu” nəşri “niyə mülayim Paşinaynın komandasında bu qədər rusofob var?” sualını manşetə çıxarıb. “Eadaily” saytı isə “Paşinyanın komandasında rusofoblar: Soros “erməniyönümlü” baş nazirin gəmisini yönəldir” deyə yazıb.
OXU24.COM xəbərinə görə, rusiyalı siyasi şərhçi Mixail Belyayev yazır ki, Serj Sarkisyanın rəhbərlik etdiyi “Qarabağ klanı”nı hakimiyyətdən uzaqlaşdıran Paşinyan maksimal dərəcədə hökumətdə öz mövqelərini bərkidir, Respublika Partiyasından olan rəqiblərinin maliyyə və siyasi təsirlərini məhdudlaşdırır, həmçinin, növbədənkənar parlament seçkilərinə qədər əhalinin dəstəyini itirməməyə çalışır: “Parlamentdə çoxluq Respublika Partiyasınındır. Paşinyan da “küçə etibarının verdiyi avans”dan yararlanaraq, vəziyyətə nəzarəti ələ alır”.
Belyayev hesab edir ki, Paşinyanın Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin reallığından uzaq və sərt ritorikası da daxili auditoriyaya hesablanıb: “Lakin bu da nisbidir. Çünki Tomas de Vallın qeyd etdiyi kimi, Paşinyan müxalifətçi olanda da Qarabağ məsələsində son dərəcə sərt mövqe nümayiş etdirir, ərazilərin qaytarılmasına qarşı çıxırdı. Britaniyalı analitikin də yazdığı kimi, Azərbaycan Paşinyanın sərt bəyanatlarını sakit qəbul edir, hərçənd, prezident İlham Əliyev bu ritorikaya sərt cavab verməyi də bacarır. De Valla erməni hakimiyyətinə “ağacı əyməməyi” məsləhət görür, çünki, Bakı ilə danışıqlar aparmamaq müharibəyə yaşıl işıq yandırmaq deməkdir. Bütün bunlarla yanaşı, cəbhədəki vəziyyət də Ermənistanın yeni rəhbərliyi üçün kifayət qədər narahat vəziyyət yaradır. Paşinyan baş nazir seçilən kimi Qarabağa getdi və qondarma rejimin danışıqlarda tərəf kimi iştirakını önə sürdü. Ardınca onun oğlu Aşot Paşinyan Qarabağa hərbi xidmətə yollanacağını açıqladı. Paşinyan bu addımlarla daxili simpatiya əldə etsə də, əslində bununla beynəlxalq səviyyədə Ermənistanın işğalçı olduğunu aydın şəkildə etiraf etdi. Görünür, Paşinyan xarici siyasət vektorunda uzağı görməyi bacarmır”.
Belyayev qeyd edib ki, Bakı diplomatik cəbhədə dözümlülük nümayiş etdirirsə, hərbi vəziyyətdə qaydaları diktə edəcək. Rusiyalı şərhçi buna nümunə kimi Naxçıvan cəbhəsində baş verənləri xatırladıb.
“Paşinyan hələ ki, Moskva ilə münasibətləri korlayacaq qədər mövqelərini möhkəmləndirməyib. Rusiyanın Ermənistana enerji, hərbi və Qarabağ kimi təzyiq rıçaqları var. Lakin Qərblə Rusiyanın qarşıdurmasında İrəvanın mərkəzdənqaçma siyasəti Kreml tərəfindən bağışlanmayacaq. Putin isə daha etibarlı tərəfdaş olan Əliyevə meyil edəcək, nəinki Paşinyana”, - deyə o bildirib. Oxu24.com
ŞƏRHLƏR