Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2466
az

Putindən Bakıya tarixi jest – Rusiya Azərbaycan və Türkiyə ilə hesablaşır

09:4201 İyun, 2018
1142
SİYASƏT
  • A
 Xəbər verildiyi kimi, ötən gün Rusiya prezidenti Vladimir Putin mayın 29-da açılışı olan Azərbaycanın «Cənub Qaz Dəhlizi» (CQD) ilə bağlı fikirlərini açıqlayıb. Putin bu layihəni alqışladığını bildirib.

“Azərbaycanın «Cənub Qaz Dəhlizi» layihəsinə gəlincə, biz istənilən iqtisadi aktivliyi alqışlayırıq, biz Avropa bazarına enerji nəqlində diversifikasiyanı da alqışlayırıq”, - deyə o, Moskvada Bolqarıstan baş naziri Borisovla birgə keçirdiyi mətbuat konfransında deyib. Putin həmçinin qeyd edib ki, Rusiya bazar şərtlərinin təkmilləşməsində maraqlıdır.

Kreml başçısının bu açıqlaması bir qədər gözlənilməz olsa da, əslində məntiqlidir və Rusiyanın Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin xarakterinə tamamilə cavab verir. Bu açıqlama sözsüz ki, öncəliklə Bakıya yaxşı, hətta tarixi bir jestdir, ölkəmizin regiondakı rolu ilə, Avropa və dünya üçün energetik dəyəri ilə Moskvanın hesablaşdığının təzahürüdür. Eyni zamanda Rusiyanın çox gərgin münasibətlərdə olduğu Qərbə, Avropaya incə bir reveransıdır.

Rusiya lideri onun da fərqində olmamış deyil ki, CQD - təkcə Azərbaycanın və ya Avropanın iri energetika layihəsi yox, həm də Türkiyənin strateji önəm verdiyi, onun energetik təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyan bir meqa-layihədir. Türkiyə-Rusiya münasibətləri isə hazırda özünün yüksəliş dövrünü yaşayır. O sırada hərbi-texniki (S-400), atom energetikası (Akkuyu AES) sahələrində əməkdaşlıq xeyli genişlənib. Üstəlik, “Türk axını” layihəsi kimi ortaq qaz nəqli layihəsi var. Yəni CQD-yə neqativ reaksiya faktiki surətdə, Türkiyəyə də etiraz demək olardı.

Qərbin ağır sanksiyaları altında olan Rusiya rəhbərliyi bütün bunları görməzlikdən gələ bilməz. Putinin məlum reaksiyası isə şimal qonşumuzun Azərbaycanla yanaşı Türkiyə ilə də hesablaşdığının əlaməti sayıla bilər. Ümid edək ki, Putinin söylədikləri söz olaraq qalmayacaq. Hər necə olmasa, biz CQD-nin üçüncü, sonuncu seqmenti olan TAP-ın inşasına qarşı bəzi tranzit Avropa ölkələrində (məsələn, İtaliya) yerli rusiyayönlü siyasi qüvvələrin hələ də etiraz aksiyaları keçirməsinə şahidlik eləməkdəyik.

*****

“Putinin bu bəyanatı Bakıya edilən diplomatik jest kimi qəbul edilməlidir”. “Yeni Müsavat”ın məlumatına görə, bunu axar.az-a Rusiya prezidentinin yuxarıdakı fikirlərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Putinin gözlənilməz reaksiyasının səbəbini «Cənub Qaz Dəhlizi» layihəsinin dünyanın aparıcı dövlətləri tərəfindən ciddi surətdə müdafiə edilməsi ilə izah edib.

“Rusiya qazına ən azı ABŞ səviyyəsində ciddi müqavimət var. Söhbət Baltik dənizinin dibindən Almaniyaya çəkilməsi nəzərdə tutulan ”Şimal axını"ndan gedir. Artıq Rusiyanın qaz vasitəsilə dünyada siyasi məqsədləri diktə etmə dövrü başa çatır. Çünki Azərbaycan qazı rus qazına alternativ kimi Avropa bazarlarında möhkəmlənir və avropalıların yeni seçim imkanı yaranır. Belə şəraitdə CQD-ni təqdir etməkdən başqa fərqli fikir səsləndirmək Rusiya başçısı üçün xoş təəssüratlar oyatmazdı", - deyə politoloq qeyd edib.

Politoloqa görə, ABŞ başda olmaqla, Qərb dünyası Qərbi Avropanın mavi yanacaqla təmin edilməsində birmənalı olaraq lazım gələrsə, türkmən qazını da buraya əlavə etməklə «Cənub Qaz Dəhlizi» layihəsinə hər cür dəstək verəcək: “Bu layihə Avropa üçün çox böyük əhəmiyyətə malikdir. Beləcə, Rusiya Avropada ölkəmizə verilən dəstəyin şahidi oldu”.

Ekspert TANAP-ın gerçəkləşdirilməsində Türkiyənin göstərdiyi səylər xüsusi vurğulayıb: “Çünki qazın əhəmiyyətli hissəsi həm də Türkiyənin ehtiyaclarını ödəyəcək. Rus qazına nisbətən Türkiyə Azərbaycandan daha ucuz qiymətə qaz almaq imkanlarına sahib olacaq. Artıq iyunun 12-də Azərbaycan qazının böyük hissəsi Türkiyəyə, oradan isə Yunanıstan və Adriatik dənizindən keçməklə İtaliyanın cənub hissəsinə göndəriləcək. Azərbaycan ”Şahdəniz-2" layihəsi çərçivəsində 2020-ci ildə Avropaya qaz hasilatını 20 milyard kubmetrə çatdıracaq. Üstəlik, gələcəkdə türkmən qazının Transxəzər qaz kəməri vasitəsilə TANAP-a qoşulması ideyası da var. Türkmənistan tərəfi buna tam şəkildə razıdır. Sadəcə, Rusiya türkmən qazının Azərbaycan ərazisindən Avropaya çıxarılmasına maneə törədir. Ancaq Azərbaycanın qaz hasilatı imkanları artır. Çünki yeni potensial neft, qaz yataqları aşkarlanıb. Bu yataqların təxminən 2023-cü ilə qədər hasilatının təmin edilməsi istiqamətində gərgin işlər gedir. Bu fonda hesab edirəm ki, Azərbaycan qaz hasilatını Türkmənistanın köməyi olmadan da daha böyük miqdarda həyata keçirə bilər. Hər halda, Türkiyə başda olmaqla, Avropa ölkələri Azərbaycan qazının rus qazını qabaqlamasını məmnuniyyətlə qarşılayır".

Politoloq onu da deyib ki, Rusiya bütün Avropa ölkələrini qazla təmin etmək iqtidarında deyil: “Məsələn, Rusiya ilk variantda Türkiyədən deyil, Bolqarıstandan Avropaya keçmək istəyirdi. Ancaq Bolqarıstan buna icazə vermədi. Yəni Azərbaycan qazı fonunda Avropa ölkələrində də rus qazına qarşı bir müqavimət var. Monteneqro, Albaniya, İtaliya, Yunanıstan, eləcə də Türkiyə Azərbaycan qazını istəyir. Bu isə Rusiyanı reallıqla barışmağa məcbur etdi”.

*****

Göründüyü kimi, SDQ yalnızca bir energetik meqa-layihə deyil. Həm də böyük geosiyasi layihədir. Azərbaycanı Avropaya, Qərbə daha sıx bağlayacaq, Avropanın da Azərbaycandan daha çox asılı edəcək, ölkəmizin Rusiyadan müstəqilliyini daha möhkəmlədəcək, işğalçı Ermənistanı isə bir az da “iqzoy dövlət”ə çevirəcək çox mühüm bir projedir. Bürün bunlar isə əlbəttə ki, Qarabağ məsələsinin ədalətli həllində öz sözünü mütləq deyəcək.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp İlon Maskı “kainatın mərkəzinə” DƏVƏT ETDİ -"Sizin üçün darıxırıq"
İsrail Ərdoğanı və Suriyanın yeni hökumətini görün nədə ittiham etdi
Rusiya hələ də buna görə Ukraynaya PUL ÖDƏYİR

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır