Oxu24.com "ölkə.az"-a istinadla tanınmış müğənni Damlanın müsahibəsini təqdim edir:
- Hər bir insanın həyatda bir missiyası, vəzifə borcu var. Damlanın vəzifə borcu nədir bu həyatda?
- İnsan həyatda ilk öncə vəzifəsindən, həyatda yaşadığı mühitdən asılı olmayaraq, olacaq missiyası elə ən birinci özü olmalıdır. İnsan olmalısan. Xarakteri, mənəviyyatı, daxili dünyası, vicdanı olan bir insan olmalıdır.
- Sizcə insanlıq ölübmü?
- Deməzdim insanlıq ölüb. Dırnaq arası insanlar, daxilən kasad olan insanların həyata baxışı kənarda olan insanlarda belə bir fikir yaradıb ki, insanlıq ölüb, artıq insanlar azğınlaşıblar, vəhşiləşiblər. Mən bu fikirlə razı deyiləm.
- Ölü bir ət parçası adlanan ürək çoxmu ümidə möhtacdır?
- Əgər bir canlı həyatda yaşayırsa, sabah açılır, gecə düşürsə və o ətrafa boylanıb hər şey görə bilirsə, addımlayırsa, gedəcəyi yol kələ-kötür də olacaq, o yolda büdrəmələr də olacaq, yara da alacaqsan, üstünü çırpıb davam da edəcəksən, güclü olacaqsan, yaralarını sarıb davam edəcəksən. O yaraların ən betərini aldım, amma mən o yaraları sağaltmağı bacardım.
- Keçə bilmədiyiniz, büdrədiyiniz missiya hansı olub?
- Düşünmürəm uzun yol qət etmişəm. Mən hələ yolun başındayam. İnşallah davam etdiyim məqamlarda, hardasa Damlanın gücü çata bilməyəcək bir şey olsa, onu çəkinmədən etiraf edərəm. Edə bilməyəcəyim, qarşıma məqsəd qoyduğum, bu heç vaxt alınmayacaq deyə bir fikrim yoxdu. Düşünürəm ki, insan istədiyi şeyi qarşısına məqsəd qoysa, edər. Bacara bilər. Olmayacaq bir şey yoxdur. Bu iş insan üçün yaradılıbsa, bu işi insan görəcəksə, niyə o yolda ümidsizlik olsun? Düşünürəm ki, qorxaq insanların, əziyyət çəkmək istəməyən insanların şüarıdır ki, olmayacaq, alınmayacaq, bu məndə ola bilməz. Zəif insanların işidir.
- Sizdə nə alınmaya bilər? Nəyin alınmamasından qorxursunuz?
- Əslində güclü qadın olduğum üçün və bu günə qədər məqsədlərimin arxasınca gedib, uğur qazandığım üçün ola bilməz deyə bir şey yoxdur. Hər bir şeyi içdən Allahdan istəyirəm. Allah da ol deyərsə olur. Mən cəhd edirəmsə, olacaq. Çünki Allah ona qarşı uzanan əlləri geri çevirmir. Əziyyət çəkən insan ola bilməz ki, bəhrəsini görməsin.
- Dediniz ki, güclü qadınam. Bəs iki əlinizlə də qaldıra bilmədiyiniz yükünüz var?
- Məcazi mənada da izah edə bilərəm, sözün həqiqi mənasında da. Sözün həqiqi mənasına gəldikdə bəli fiziki gücüm yoxdur. Ağır bir şey qaldıra bilmirəm. Ağır bir masa olsun, bəzən maşının qapısı ağır olanda aça bilmirəm. Fiziki tərəfdən gücsüzəm. Bu mövzuya mənəvi tərəfdən baxsaq, nəticə etibarı ilə anayam. Bir ana nəyi qaldıra bilməz? Övladının puç olan taleyini qaldıra bilməz. Gözünün önündə yıxılmağını, əyilməyini, məhv olmağını qaldıra bilməz. O gündən mən Allaha sığınıram. Allah övladımdan mənə peşmançılıq yaşatmasın. Bunu Damla qaldıra bilməz.
- Dərdinizin üstünə dərd yığıldı və bir dağ əmələ gəldimi?
- O dağ əmələ gəlməlidir ki, sən zirvəyə qalxa biləsən. O dərdlərin ucqar nöqtəsindədir uğur. Sən o ağrıları çəkməlisən ki, gedib o uğura çata biləsən. İtkisiz, ağrısız, göz yaşı olmadan, yuxusuz gecələr olmadan, heç nə əldə etmək olmaz. Biri var hansısa pilləkənə özün çıxırsan görürsən ki, laxlayır. Addım atırsan ki, bu tərəfdə çala var, o tərəfdə çuxur var. Özün çıxdığın üçün yıxılanda da qalxıb davam edəcəksən. Amma kimsə səni qucağında gətirib qoyanda, ordan ağzı üstə dəyəndə sən o zirvəyə baxarsan ancaq. Çünki bilmirsən ora necə getmək lazımdır. Mütləq özün getməlisən. Təbii ki, sənin yanında sənə kömək edəcək insanlar olmalıdır.
- Nəyin arxasınca sürünə-sürünə getmisiz?
- Atamı itirəndən sonra onun tabutunun arxasınca sürünə-sürünə getmişəm. O mənzərə gözümün önündən heç vaxt getməyəcək. O hisslərin izahı yoxdur. Həyatda məni süründürən və diz çökdürən yeganə kişi atam olub.
- Konsertinizi görə bilmədi. Sosial şəbəkələrdə də bu məsələ ilə bağlı çox qınandınız...
- Qınayanların düşüncələri, həyat tərzləri o səpkidə olduğuna görə Damla susdu. Evində hazır oturub yoldaşının gətirdiyi aylıq maaşla övladını böyüdən qadın məni anlaya bilməz. Evində yeyib-içib, təhsil haqqını atası ödəyən, gündəlik məktəbə yolpulunu qardaşı verən bacı heç vaxt Damlanı anlaya bilməz. Məni bilirsiniz kim anlaya bilər? Atasını itirən, tək ayaqları üzərində tutuna bilən, övladını tək böyüdən çarəsiz qadınlar anlaya bilər. El arasında belə bir söz var, ağzı isti yerdədir. Mən o insanlara nə qədər izah etsəm də, onlar məni başa düşə bilməzlər.
- Bir anlıq düşünün rəhmətlik atanız qapını açır daxil olur içəri və siz onun üzünə baxaraq müraciət edirsiz: "Ata səndən xahiş edirəm, çox xahiş edirəm ki..."
- Haqqını halal et. Çünki, onun son zəngini açmamışdım. Hər şeyimi qurban verərəm o anı yaşamaq üçün. Təbii ki, bu reallaşmağı mümkün olmayan bir şeydir. Kaş ki, heç olmasa yuxuma gəlsə.. Bir dəfə olub, amma ürəyim istəyən kimi olmayıb. O məndən heç vaxt inciyə bilməzdi. Çünki onun həyatda tutunacağı, arxalanacağı tək mən idim. Halbuki mən ondan yaşca kiçiyəm, mən onun övladıyam, mən ondan qat-qat gücsüzəm, təcrübəsizəm. O mənim həyat eşqimi sevirdi, çalışqanlığımı, zəhmətkeşliyimi, inadkarlığımı sevirdi. Düşünmürəm ki, məndən narazı köçər dünyadan. Onu yaşatmaq üçün Damla hər şeyindən keçər.
- Öz əlinizlə "baltalandığınız" məqam olubmu?
- Belə bir misal var: Sapı özümüzdən olan baltalar. Necə ki baltanı ağacdan hazırlayırlar, amma ağac bilməz ki, zamanı gələr ondan hazırlanmış balta çubuğu ilə onu qırarlar. Təbii ki, mənim həyatımda da belə bir dönəm olub. Hansı ki bacı dediyim, güvəndiyim, evimin açarını etibar etdiyim, bir boşqabdan yemək yediyim, dəyər verdiyim, eyni yataqda bir yastığa başımı qoyub yatdığım insandan o baltanın ən pisini almışam, amma mən inanın ki, ondan sonra çevrəmə qadın rəfiqə, qadın işçi buraxmadım.
- Bəlkə də qadın qısqanclığından irəli gələn bir addım olub.
- Amma mən başqa cür düşünürəm. İstəyirəm ki, əhatəmdə olan dostlarım o qədər varlı olsun ki, o qədər çox pullar qazansınlar, o qədər zirvələrə qalxsınlar ki, mənə də dəstək olsunlar. Mən çox sevinərəm ki, aranjmançım mənə zaman çatdırmasın. Rejissorum mənə zəng etsin ki, 3 gün sonra sənə klip çəkməyə başlayaq. Fotoqrafım fotosessiyaya çağıranda desin ki, 10 gündən sonra yazanlarım var. Mən bundan sevinərəm, fəxr edərəm. Qətiyyən incimərəm, siz mənim komandamsınız gedib başqasına iş görürsünüz demərəm. Mən əksinə qürur duyaram. Sevinirəm ki, bugünkü gün Azərbaycanın ən önəmli və ən güclü qrupu bizim qrupdur. Amma o dardüşüncəli insanlara yazığım gəlir ki, qadın qısqanır deyirlər. Nəyi qısqanır qadın? Qazancımı, evimi, yeməyimi sənlə paylaşıram. Burda qısqanmalı nə varki? Əksinə insan dua etməlidir ki, Allahım, artıq et, daha da ona bol qazanc ver. Ona elə bir imkan ver ki, mənə də bir ev alsın.
- Sizə nə veriblər, ala bilmirlər?
- İş orasıdır ki, mənə heç nə verməyiblər. Amma əlimdə olanları da, güclə məndən almaq istəyiblər. Biri var yalvarışla, xahişlə. Biri də var ki, zorlamayla, təhqirlərlə, tənqidlərlə. Mənim olanı əlimdən almaq istəyirlər ki, "niyə? Sən kimsən? Sən hardan çıxdın? Sən nə oxuyursanki?" - belə deyirlər. Allahın mənə yazdığı ruzini sən mi təyin etməlisən?! Allahın mənə açdığı yolu sən hansı güclə bağlaya bilərsən?! Bu gücü sənə kim verib?! Yazıqdır o insanlar.
- Ala biliblərmi?
- Əsəblərimi ala biliblər. Bəzən çox haqsız danışırlar, bilib-bilmədən danışırlar, özlərinə nə sərf edir o cür danışırlar. Onlara necə rahatdır elə danışırlar. Fikirləşmirlər ki, bir qəlbi yaralayıb yıxmaq, Kəbəni yıxmaq kimi bir şeydir. Onun altından qalxmaq var. Ondan Allah saxlasın.
- Haqsızlıqlara qarşı necə mübarizə aparırsınız?
- Susmaq mənim ən böyük silahımdır.
- Bir müddət əvvəl demişdiniz ki, bu cür fikirlərə önəm vermirəm.
- Dərinliyə getmirəm.
- Qırmızı çizgiyə çatan olub?
- Bilirsiniz, Damla nə vaxt cavab verə bilər? Damla nə zaman məsləhət verə bilər? Ona tutulan iradlara aqressiv yox, mədəni şəkildə fikir bildirə bilər? 10 il sonra.. Əməkdar artist olaram, xalq artisti olaram ondan sonra. O zaman o insanları qarşıma alıb danışaram. Kamerada, görüntüdə yox. Üz-üzə danışaram o insanlarla. O insanların qüsur tutduğu şeyləri detaylarla izah edərəm onlara. Bugünkü gün mənim haqqımda əməkdar artist danışır, xalq artisti danışır. Gündəmin illərlə öz sözünü demiş jurnalistləri danışır. 5 illik sənət təcrübəmlə 20 illik qələmi susdurmaq çox erkən olar. 20 illik sənət təcrübəsi olan, illərdir konsert verən, illərdir bu sənətdə hitlər ifa edən ifaçıya 5 illik sənət təcrübəmlə cavab verməyim insanları çox pis qıcıqlandırar. 10 il sonra cavab verəcəm İnşallah.
- Amma bu 5 ildə də çox yol qət etmisiniz...
- Allaha şükürlər olsun. Mənim çəkdiklərimi, mənim ağrılarımı puça çevirmədi şükürlər olsun Allaha. Çox razıyam Allahımdan.
- Son məqamda deyək ki, hər şeyinizi əlinizdən alıblar və yıxılmısınız, amma ovucunuz bərk-bərk sıxmısınız. Nəyi gizlədərsiniz ki, məhz sonuncu amili əlinizdən almasınlar?
- Allah mənə elə bir xəzinə bəxş edib ki, elə bir mülk bəxş edib ki, elə bir sərvət bəxş edib ki, bu nə maşın deyil, bu nə bank deyil, nə villa deyil, nə qızıl onluqlar deyil. Mənim sərvətim ürəyimdə yatır. Onu da Allahım ala bilər. Əcəl gələr, canımı alar götürər. Ovucumda bir tək boğazımı sıxaram. Bəlkə çayıma nə isə qatarlar, nə edərlər. Allahın qoruduğuna heç kim, heç nə edə bilməz.
- Sizin üçün nə samanlıqda iynə axtarmaq kimi bir şeydir?
- Sevgi. Sevgi dolu bir qadınam və sevgi əsiriyəm. İnsan var sevəndə, əziyyət çəkəndə, depressiyaya düşəndə hər kəsdən əlaqəsini kəsir. Amma mən yox. Üzüləndə də, yıxılanda da, yara alanda da, yeni mahnı, yeni uğur, yeni hit çıxaranda da. Hər zaman belə olub. Heç bir itki, heç bir sıxıntı məni yerə atmayıb. Müğənni Damla olaraq sevilmək istəmirəm. Çılğın, qaranlıqdan qorxan, yüksəklik qorxusu olan, tək yatmaqdan qorxan Damlanı sevsin.
- Tapa bilmisinizmi o sevgini?
- Yox. Ya o insan doğulmayıb, ya da mən öldükdən sonra o insan peşmançılıq çəkəcək ki, kaş gedərdim, kaş yanında olardım. O mövzularda şanslı qadın deyiləm.
- "Ağ atlı şahzadə"nizi gözləyirsiniz?
- "Ağ atlı şahzadə" axtarışında deyiləm. Mənim kriteriyalarıma uyan insan olsun? Yox. Gəlsin, Damlanı dəyişsin. Razıyam.
- Sizin üçün qıfılı o tərəfdən bağlı olan qapılar çoxmu qalıb?
- Bağlı qapı arxasında çox qalmamışam. Hər şeyi elə bir nizam-intizamla, çertiyojla elə çizərəm ki, mən gedənə qədər artıq o qapını açarlar. Çünki, mən heç kimin ailəsin dağıtmıram, heç kimin hissləri ilə oynamıram, heç kimin şərəf və ləyaqətinə toxunmuram, heç kimin qürurunu ələ salmıram, heç kimin mənliyini ayaqlar altına atmıram. Düşmənin yoxdursa, sənin üzünə qapını niyə bağlasınlar? Necə ki, məscidin qapısını açıq saxlayırlar, bax elə. Həyatımı elə yaşayıram ki, heç vaxt üzümə qapı bağlamasınlar, qarğış yiyəsi olmayım.
- Göz yaşınız yastığı damla- damla isladıb, yoxsa sel olub?
- Sel olan zamanları daha çox olub. Amma şükürlər olsun ki, göz yaşlarımın mükafatı oldu. Bugünkü gün yadıma düşəndə o anları təkrar yaşayıram. Göz yaşlarım yanağımdan axır, dayanmadan axır. Yaxşı ki, o günləri yaşadım. Çünki bu gün oturduğum yerin qədrini bilirəm.
- Çox duyğusalsınız. Nədən irəli gəlir bu?
- Hədsiz. İnsanlığı çox sevirəm. Çünki həyatı sevirəm. Ətrafdakı bütün canlı məxluqları da sevirəm. Gedərəm hardasa bir yolla, orada bir qurumuş bir ağac ola bilər. Hər kəs o ağacın yanında keçib gedər. Amma mən baxaram o ağacı nəyəsə, kiməsə, yaşadığım hansısa bir günəsə bənzədərm. Yolla gedərkən qurumuş bir çay görərəm. Kimsə deyər ki, nədir bu? Burada şəkil çəkdirməkmi olar? Burada quru çay var. Orada belə Damlanın bitmiş həyatının xəyalını cızaram. Elə günlərim olub ki, ağlamışam və ağlamaqdan gözümün yaşı quruyub. Gedərəm yağışın altında dayanaram ondan elə zövq alaram. Kimsə gələr deyər ki, üstün başın yaş olub. Duyğusallığım Allahın yaratdığı sevgidən gəlir.
- Bəlkə də təbiətin timsalında özünüzü görürsünüz.
- Fəsilləri bəzən öz xarakterimlə əlaqələndirirəm. Qışda doğulmuşam, amma qışa bənzər bir xarakterim var ki, soyuğam. Mən sevdiyimi, əzizlədiyimi başımın tacı edərəm. Sildiyimin adını bəzən xatırlamaram. Soruşaram ki, o kimdir? O dərəcə silərəm yəni.
- Yağışdan çıxıb yağmura düşdüyünüz anlar olub?
- Maddi sıxıntı yaşadığım dönəmlərdə olub. Faiz, banklar, borc. Faizin üstünə faiz, borcun üstünə borc. Yağışdan çıxıb yağmura düşmüşəm. Faizin faizin ödəmişəm. Amma çıxmışam o vəziyyətdən.
- O vəziyyətdə sizi saxlayan qüvvə hansi idi? İntihara cəhd etmisinizmi?
- Yox, zəif qadın deyiləm. Heç kimə və heç nəyə görə özümü öldürə bimərəm. Allah verdiyi canı Allahdan başqa heç kim götürə bilməz. Allah nə qədər ömür yazıbsa, yaşayacam İnşallah. Məni tutub saxlayan məqsədlərim olub. Uzaqgörənliyim var. Deyirdim, 5 il sonra Damla olacam mən. İnanmırdılar, gülürdülər. Deyirdilər ki, "Dəlisən sən? Müğənnilər var 20 ildir səhnədədilər. 10 ildir oxuyurlar, konsert verirlər. Bu dəqiqə onlar konsert versələr, heç kim gəlməz. Müğənni var son 7-8 ildə hit mahnısı yoxdur. Necə olacaq sən dayanmadan tutuzduracaqsan? Dəli olmusan?" - kimi fikrlər səsləndirirdilər. Mən o işığı gördüyüm üçün dözmüşəm. Allah o gücü verib mənə.
- Hansı sancının təsirindən yerinizdə ilan kimi qıvrılmısınız?
- Bir dəfə övladımı dünyaya gətirərkən olub. Dünyaya övlad gətirmək çox ağır bir prosesdir. Xüsusən də təbii doğuş çox çətindir. Bir dəfə də atamın infarkt keçirdiyi zaman xəstəxananın qapısında qaldığımız zaman ölümlə dirim savaşı var idi. Özəl həyatımda və ya işimdə o sancıları çəkən insan deyiləm. Hər şeyi axarına buraxıram. Demək ki, xeyirli deyildi, demək ki, Allah istəmədi, demək ki, məsləhət deyilmiş kimi təsəllilər verirəm özümə.
- Damla xanım, görə-görə gəlmisiniz?
- Bəzən də hiss edə- edə gəlmişəm.
- Amma nə istəyirdiniz görə bilmədiniz?
- Yolun başındayam İnşallah o da olar.
- Bir fikir idi ağlınızdan keçdi getdi...
- Evliliyim. Çox qısa sürdü. Ani bir fikir kimi beynimə gəldi getdi. Yoldaşımın həbsxana həyatı ilə evliliyimiz darmadağın oldu. O, həbsxanaya düşdü deyə ayrılmadıq biz. Ondan əvvəl alınmırdı.
- Nə bitirdi sevgini?
- Düşünmürəm qarşı tərəfdə sevgi bitib. Onun həyatına bundan sonra kim gəlsə, Allah qismət etsin onun övladı olsun. Mənim oğlum təkdir, oğluma bacı-qardaş lazımdır. Mən bundan sonra ailə həyatı quran deyiləm. Bir qadını güclü edən onun işi, komandası, sevdikləri deyil. Özünə aid iç dünyasını yaşadan sevgisi də olmalıdır. Mən o insana o sevgini vermişdim. Düşünürəm ki, o insan hələ də o sevginin təsirindədir. Kənar müdaxilələr, yaşın azlığı, təcrübəsizlik, erkən evlilik və gedən kimi də övlad dünyaya gəlməsi. Son ana qədər evliliyimi qorumaq üçün əlimdən gələni etdim. Amma təəssüflər olsun ki, bizi yaşamağa qoymadılar.
- Ayrılanda bir əl yeri qoymuşdunuzmu barışmağa?
- O, buna bir yer buraxmadı. Amma bu gün ikimiz də yaşlı-başlı insanlarıq. Bizim ortaq nöqtəmiz oğlumuzdur. Övladım onun yanına gedəndə mən çox rahat oluram. Onun məktəbiylə, idmanıyla məşğul olanda mən sevinirəm. Hətta deyirəm ki, bacardığın qədər atanla çox zaman keçir. Oğlum atamdan yetəri qədər kişi xarakteri, tərbiyəsi almışdı. Onun öz atası da mənliyi, qüruru olan bir kişidir. Qoy, mənim oğlum rahat kişi kimi böyüsün. İllərdir mən onu tək böyütdüm. Qoy, atası da onunla məşğul olsun.
- Bir araya gəlmək şansı təmamilə itib?
- Onun ailəsi var. Həyatı boyu onun həyatındakı xanımın qüruru ilə oynamaram. Yuva yıxanın yuvası olmaz. Heç vaxt o evliliyə son qoymaram, özü istəsə belə. O qadının günahı nədir ki?
- Ata silləsi ağır olur, ya ər silləsi?
- Heç vaxt ər silləsi almamışam. Çox mədəni insan olub. Nə söyüş söyən, nə əl qaldıran olub. Bizim aramızda ümumiyyətlə, bu mövzular olmayıb. Ata silləsi uşaq vaxtı olub, unutmuşam. Ər silləsi almadığıma görə müqayisə edə bilmirəm. Bundan sonra qədərdə, qismətdə varmı, olacaqmı bilmirəm. Həyat sürprizlərlə doludur. Bir də gördünüz mediaya xəbərlər yayıldı ki, Damla ailə qurur. Mən istəmirəm, amma Allah yazandan sonra mən kiməm?
- Fələyin çarxı tərsinə dönsə, nə olar Damla üçün?
- Çox gözəl evdar xanım olaram. Düşünürəm ki, mən həkim olsaydım 100% xərçəng xəstəliyinin çarəsin tapardım. Bəstəkar olsaydım, ölkəmin duymadığı mahnıları yazardım. Söz yazarı olsaydım, Nizami, Fizuli qədər tarixə sığacaq əsərlər yazardım. Müəllimə olsaydım, ölkəmə çox yararlı filosoflar, müəllimlər, pedeqoqlar bəxş edə bilərdim. Dərzi olsaydım, necə ki bizim milli geyimlərimiz əsrlərdən bəri qalıb, dərzi olsaydım da, Damla üslubu qalardı.
- Bəs müğənni olaraq nə qalacaq?
- Zamanında baltalanan, alçalan, təhqir olunan, "əşi, nə oxuyur?"- deyən insanlara ölümündən sonra sənətkar dedik, kişi oxuyur dedik. Ağsaqqal, qadın nələr oxuyurmuş dedik. Yəqin ki, mən öləndən sonra da nə isə deyilər...
- Niyə belə deyirlər sizcə? Niyə gözləri götürmür?
- Düşünün ki, bir bağa girmisiniz, alma yemək istəyirsiniz. Ağacın lap yuxarısında da alma var, amma aşağıda da alma var. Kim çıxar ağacın təpəsindən alma dərər? Biri də var qabağdakı alma ağaclarının üstü doludur almayla. Hamı qaçıb ora daş atacaq ki, rahatdır ora. Almanı dartsın, qırsın və yesin. İnsan da elədir. Daşı da ona atacaqlar qopartmağa çalışacaqlar, budaqlarını sındıracaqlar və baxacaqlar ki, ağac qalıb bomboş orada və meyvə yoxdur. Amma bar verəcək ağac başını aşağı salır.
- Daş qayaya rast gəlibmi?
- Daş qayaya rast gəlib, amma o ki, deyirlər iki qoçun başı bir qazanda qaynamaz deyə, bax ona görə başımız eyni qazanda qaynamayıb və gedib.
- Sizin başınızla eyni qazanda qaynamaq istəyənlər varmı?
- Var bəlkə də. Amma Damlanın ruhunun insanı deyil. Damla üçün maraqli insan deyil, onu həyata bağlayan və ruhunu dindirən bir insan deyil.
- Həyata bağlayan birinci növbədə övlad. Sonra?
- Anam. Allah bütün anaları qorusun. Və bir də övladım üçün gələcəkdə kimi gəlin gətirəcəmsə, o. Bir də ən böyük tapıntım o olar qızım.
- Qarışarsınızmı o məsələyə?
- Bunu deyim ki, mən oğluma qarşı çox titizəm. Yeməyinə, geyiminə, səliqəsinə. Bəzən əsəbləşirəm ki, niyə bu corabları geyinmisən? Niyə bu köynəyin ütüsü yoxdur? Hər şeyinə qarışanam yəni. Əgər görərəm ki, uşağımın paltarı çirkli qalır, köynəyinin boğazı çirklidi, işdən gəlir acdır, arıqlayır o zaman çox pis müdaxilə edərəm. Gedib evdə dava-qırğın salmaram. Sadəcə mənim uşağım niyə qırış koynək geyinsin?! Niyə ac qalsın?! Axı mənim oğlum ona hər bir gözəllikləri bəxş edəcək. Bir qadın üçün yoldaşının diqqətindən, sevgisindən önəmli nə ola bilər ki? Qadın evinin xanımı olmalıdır. Niyə ac qalmalıdır mənim uşağım?
- Darıxanda kimisə axtarmısınızmı?
- Ən nifrət etdiyim mövzu budur. Niyə yanımda deyilsən ki, darıxanda mən axtarım? Darıxanda məni axtarırsansa, sən mənə lazım deyilsən. Niyə darıxıb axtarırsan ki? Yanımda ol hər zaman heç darıxma da. Mən yanında ola-ola darıx. Yoxsa, get qıraqda həyatını qur, sonra da de ki, darıxmışam sənin üçün.
- Onu bağışlamaq olarmı?
- Tərs insanam bəzi məqamlarda. Bağışlayaram, amma yaxınıma heç vaxt buraxmaram. Çünki, qoy böyüklük məndə qalsın.
- Qorxularınızın üstünə gedirsiniz, yoxsa qorxular sizin üstünüzə gəlir?
- Çox riskli insanam. Bəzən elə böyük işlərin altına girirəm ki, özüm- özümə təəccüblənirəm ki, Damla bacaracaqsan? Məsələn: 15 iyun Qusarda, 18 iyun Mingəçevirdə, 30 iyun Sumqayıtda, 10 iyul "Yaşıl teatrda", Zaqatala, Gədəbəy, Lənkəran var qarşıda başqa ölkələr var, danışıqlar gedir. Konsertlərimiz var. Təsəvvür edin gecə saat 3-4 evə gedirik. Yuxu rejimimiz pozulub.
- Hələ də imza ata bilmədiyiniz hansı işdir?
- 3 böyük layihə var ki, imza atmamışam. Daha doğrusu imza atmışam, amma təqdimat oktyabr aylarında olacaq.
- Dodaqlarınızdan qəlbə axıb gedən nədir?
- Heç kimə izah edə bilmədiyim sevgi pıçıltısı. Yalnız öz duyğularım onu hiss edir. Heç kimə onu izah edə bilməmişəm. Ona görə də mənə deyirlər gücsüzsən. Artıq o sevgi pıçıltıları dayanıbdır.
- Sevgi kitabınızın vərəqin səhifələyən olmayıb...
- O səhifədə cızma-qaralar var. Damla çox qərarsızdır. Səhifələr cırılıb, ondan əvvəl yazılan yazılar o biri səhifəyə keçib, hərflər qarışıb. Sevgi durumum qarmaqarışıqdır.
- Onu küləyə ver, aparsın. Nəyi?
- Elə mahnılar var ki, gənc bəstəkarlar göndərirlər. Onda deyirəm ki, bundan gündə 10 dənəsini yazaram. Bunu verin küləyə aparsın.
- Mən ona əhəmiyyət vermirdim, lakin... bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Hal-hazırda yaşadığım ulduzluq anlayışımdır. Mən heç vaxt ulduzluq dünyama qapılıb, bununla fəxr edib, sinəmə döyməmişəm. Əhəmiyyət verməmişəm ki, baxın görün məni necə sevirlər. Heç vaxt ulduzluğa əhəmiyyət verməmişəm. Mahnı oxuyuram, klib çəkdirirəm, efirə çıxıram, amma əhəmiyyət vermirəm, bu mənim işimdir.
Oxu24.com
ŞƏRHLƏR