insan alverində ittiham olunan Ucar rayon sakini, 1969-cu il təvəllüdlü Təranə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu24.com xəbər verir ki, Təranə Abdullayeva Vəfa Məmmədovanın (ad və soyad şərti verilib) imkansızlığından istifadə edərək, onu cinsi istismar edilməsi üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə aparıb. Vəfa Məmmədova onun nəzarəti altında fahişəliklə məşğul olub və əldə etdiyi pulun bir hissəsini ona verib.
Təranə Allahverdiyeva Vəfa Məmmədovanı aldatmaqla 2011-ci il fevralın əvvəllərində müvəqqəti yaşadığı Nizami rayonu, B.Nuriyev küçəsindəki mənzilində Dubaya getməyə razı salıb. Vəfa həmin təklifi qəbul edib və fevralın 14-də Bakı beynəlxalq hava limanına gəlib.
Vəfa Məmmədova oradan da Dubaya gedib. Dubayda Təranə Ağayeva onu qarşılayıb və şəhərdə kirayə tutduğu evinə gətirib. Vəfa Məmmədova həmin gündən kişilərlə pul qarşılığında cinsi əlaqədə olub.
Bundan sonra Vəfa Məmmədova tanışı Samirə Əliyevanı (ad və soyad şərti verilib) Təranə Abdullayeva ilə tanış edib. Təranə Abdullayeva 2012-ci ilin mayında Vəfanın evində Samirə ilə görüşüb və ona da eyni təklifi edib. Samirə Əliyeva onun təklifi ilə razılaşıb və Dubaya gedib.
Sonra Azərbaycana gələn Təranə Abdullayeva Mətanət Əliyeva və Pərvanə Kərimovaya (ad və soyad şərti verilib) Dubay şəhərində fahişəlik edərək pul qazanmalarına şərait yaradacağını deyib. Həm Mətanət, həm də Pərvanə Təranə Abdullayeva ilə razılaşıb. O, hər iki qadını 2012-ci il martın 24-də Dubaya gətirib.
Amma Təranə Abdullayeva Dubaya çatan kimi qadınların pasportlarını əllərindən alıb və onların qazandıqları pulların hamısını özünə götürüb.
Bundan başqa, Təranə 2012-ci ilin iyununda Dubaydan telefon vasitəsilə Nəsimi rayonunda yaşayan Sahibə Əmirova (ad və soyad şərti verilib) ilə əlaqə saxlayıb. O, Sahibəni də Dubaya gəlməyə razı salıb. Onlar birlikdə iyunun 24-də Dubaya gediblər.
Həmin ilin avqustunda Bakıya gələn Təranə Abdullayeva Gəncədə yaşayan Gülnarə ilə danışıb və onu Dubaya getməyə razı salıb. Növbəti dəfə Azərbaycana gələn Təranə Abdullayeva Gəncədəki "Qaya” restoranında Ramella ilə görüşüb. O, Ramellanı da eyni təkliflə Dubaya aparıb.
Təranə Abdullayeva özü ilə Dubaya apardığı azərbaycanlı qadınları fahişəlik etməyə məcbur edib və onların seks xidməti qarşılığında qazandıqları pulların hamısını özünə götürüb.
Azərbaycana qayıdan zərərçəkmiş qadınlar Təranə Əliyevanın hərəkətlərilə bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.
Qadınların ilkin ifadələrində hər gün kişilərlə görüşməyə məcbur edildiklərini bildiriblər. "Elə gün olurdu ki, bir gündə iki kişi ilə cinsi əlaqədə olmağa məcbur edilirdim", deyə Pərvanə Kərimova ifadəsində bildirib.
İdarə əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Təranə Abdullayeva həbs edilib.
Təranə Abdullayeva Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) və 144-1.2.2-ci (təkrar insan alveri törətmək) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Abdullayeva 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Təranə Abdullayeva apelyasiya şikayəti verib. O, bildirib ki, əri rəhmətə gedib və uşaqlarını təkbaşına böyüdüb. O, himayəsində 75 yaşlı anasının da olduğunu bildirib. Təranə Abdullayeva barəsində həbs olmayan cəzanın təyin edilməsini istəyib.
Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə Təranə Abdullayevanın şikayəti qismən təmin edilib və onun cəzası 8 ilə endirilib.
Bu qərardan da narazı qalan Təranə Abdullayeva kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə Təranə Abdullayevanın kasasiya şikayəti araşdırılıb. Hakim heyəti onun şikayətini təmin etməyib. (teleqraf.com) Oxu24.com
ŞƏRHLƏR