Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2060
az

ƏMƏK NAZİRLİYİNİN “QARA KASSASI” NECƏ DOLDURULUB? – Yeni nazir kimləri vəzifələrə təyin edir?

18:4522 May, 2018
1386
İQTİSADİYYAT
  • A
 Səlim Müslümov gözlənilmədən nazir kreslosunu itirdikdən sonra onun rəhbərlik etdiyi nazirlikdəki yeyintinin miqdarı barədə mətbuatda 200 milyondan 2 milyarda qədər müxtəlif rəqəmlər səsləndirildi. Nəzərə alsaq ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) illik büdcəsi 3,5 milyarda yaxındır və bu qurum ölkənin heç də ən şəffaf təşkilatı sayıla bilməz, onda səsləndirilən rəqəmlər müəyyən dərəcədə inandırıcı görünə bilər. Bu rəqəmlərin mənbəyinə gəldikdə isə, sözügedən nazirliyin “qara kassa”sının formalaşmasında əsas gəlir mənbəyi olaraq, pensiya təyinatı və TSEK-lər, yəni əlillik dərəcəsi verən strukturlar göstərilir. Pensiyaçı və əlillərin də ən çox şikayət etdiyi məhz bu qurumlarda çalışan məmurlardır.
Niyə məhz Suraxanı?
Xatırladaq ki, yeni nazir ilk olaraq, nazirliyin Aparat rəhbəri Əjdər Cəbiyev, Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədovu işdən çıxarıb. Ardınca isə 5 rayonun – Yasamal, Sabunçu, Suraxanı, Xətai və Qaradağ rayon şöbələrinin müdirləri işdən azad olundu. Böyük ehtimalla, məhz bu rayonların seçilməsinə səbəb onlardan daha çox şikayət daxil olmasıdır. Onu da qeyd edək ki, Suraxanı rayon şöbəsinə rəhbərlik edən Şahalı Cəbiyev sabiq aparat rəhbəri Əjdər Cəbiyevin qardaşıdır. Oxu24.com verilən məlumata görə, keçmiş aparat rəhbərinin qardaşının məhz Suraxanıya təyin olunması təsadüfi olmayıb. Bildirilir ki, bu rayonu “yağlı tikə”yə çevirən əsas məqam ölkəmizin neft sektorunda çalışanların əhəmiyyətli hissəsinin məhz Suraxanı rayonunda qeydiyyatda olmasıdır. Bu isə yüksək maaş və deməli yüksək pensiya deməkdir. Ən başlıcası isə odur ki, neft sahəsində çalışanlar vaxtından əvvəl güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdirlər. Təsəvvür edin ki, əmək şəraitinin ağırlığından asılı olaraq, bu sahədə çalışanlar 50, 52, 55, yaxud 58 yaşından pensiyaya çıxmaq və yüksək pensiya ilə təmin olunmaq hüququna sahibdirlər. Bu hüquq isə heç də həmişə və hər kəsə havayı şamil edilmir! Bu şəxslərin çoxu öz hüquqlarını dəqiq bilmədikləri üçün onlara hansı yaşdan etibarən pensiya hesablanmalı olduğunu da əksər hallarda təyin edə bilmirlər.Əvəzində DSMF-nin rayon şöbəsinin rəhbərliyindəkilər bu təyinatı “çox böyük uğurla” həyata keçirə biliblər. Belə ki, məsələn, 60-62 yaşa çatan neftçi, yaxud başqa peşə sahibi şöbəyə müraciət edərkən məlum olur ki, onun işlədiyi şərtlər 52, yaxud 55 yaşda pensiyaya çıxmaq imkanı verir. Deməli, bir neçə ildir ki, həmin şəxs almalı olduğu vəsaiti almayıb. Belədə qalırdı pensiyanın məbləğini və hansı yaşdan hesablanmalı olduğunu təyin etmək ki, bu da necə deyərlər, “qarşılıqlı razılaşma” yolu ilə müəyyən olunurdu. Nəzərə alsaq ki, bu sahədə çalışanların əmək haqqısı ortalama 1000 manat və pensiyaları da 700-800 manat civarındadır, ortada külli miqdarda vəsait yarandığı aydınlaşırdı. Məsələn, 1 adamın 8 illik pensiyası bərpa edilirsə, deməli 8ilx12ay=96ay, 96x 800 manat=76 800 manat! Bəs bu məbləğin hamısı haqq-halalı olan pensiyaçıya ödənilibmi, yaxud ödənilibsə belə, bu təmənnasız olaraqmı həyata keçirilib? İldə yüzlərlə, bəlkə də minlərlə neftçinin bu cür təqaüdə çıxdığını nəzərə alsaq, təkcə bir rayon və bir istiqamət üzrə 10 milyonlarla manatın mənimsənilməsinə dair əsaslı şübhələr yaranır.

Yeri gəlmişkən onu da qeyd edək ki, Suraxanı rayon şöbəsinin yeni müvəqqəti təyin olunan müdiri Pərviz Rüstəmov bundan əvvəl bilavasitə həmin rayon şöbəsinin pensiya təyinatı sektoruna rəhbərlik edib. Yəqin yağışdan çıxıb, yağmura düşmək belə olur…

Maraqlıdır ki, yalnız Xətai rayonuna təyin olunan yeni müdir əmək müfəttişliyindən gətirilib, digər 4 rayona isə bundan əvvəl həmin rayonların pensiya təyinatı sektorlarına rəhbərlik edənlər təyin olunub.

TSEK-lər də pensiya təyinatı sektorundan geri qalmayıb
Əlbəttə ki, oxşar mənzərə təkcə Suraxanı deyil, digər rayonlarda da mövcud olub və məlum yollarla əldə olunan vəsaitlər bütövlüklə rayon şöbələrində qalmayıb. Sözsüz ki, burada hərənin öz faiz payı var və yerli şöbələrdən nazirliyin ən yüksək məqamlarına qədər həmin vəsait bölünə-bölünə gedib. Görünür, camaata 110 manatı qıymayan və ahıl insanları pensiyadan məhrum etmək üçün bütün elmi potensialını işə salaraq, əcaib pensiya qanunu çıxarmağa vasitəçi olan Müslümov bu sahədə də bilik və bacarıqlarını əsirgəməyib…
Nazirliyin ən gəlirli sahələrindən biri də, sözsüz ki, TSEK-lər sayılır. Burada vəziyyət daha da mürəkkəbdir. Elektron sistem tətbiq edilməsinə baxmayaraq, müxtəlif yollarla saxta əlillik dərəcəsinin alınması, yaxud dəyişdirilməsi kimi hallara rast gəlindiyi bildirilir. Həmçinin iddia olunur ki, elektron sistemin tətbiqindən öncəkilə müqayisədə “qiymətlər” bir neçə dəfə artırılıb. Elə yeni nazir də ilk olaraq, bu sahəyə daha çox önəm verdiyini nümayiş etdirir. Və Sahil Babayevin TSEK-lərdə saxtakarlığa və rüşvət hallarına yol verənləri sərt şəkildə cəzalandıracağını deməsi də yeni nazirin belə halların kütləvi xarakter almasını bilməsindən irəli gəlir. Onu da xatırladaq ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Qurbanovun qardaşı İlqar Qurbanovdur. 2015-ci ildə həmin vəzifəyə təyin olunan İ.Qurbanov artıq 10 ildən çoxdur ki, bu sahədə müxtəlif yüksək vəzifələr daşıyıb. Yəni ki, necə deyərlər, işin içində olan adamdır… Hətta mətbuatda sıx-sıx adı çəkilən İ.Qurbanovun çox vaxt Səlim Müslümovla belə hesablaşmadığı iddia olunub.

Bütün yuxarıda qeyd edilənlər bu nazirlikdəki “qara gəlirlər”in görünən tərəfləridir. Sözsüz ki, vəziyyətin nə yerdə olduğunu mütəxəssislərdən ibarət komisssiya, yaxud qrup daha dəqiq araşdırıb, müəyyən edə bilər. Ancaq bu problemlərin üzərinə haraya və kimlərə qədər gediləcək – başlıca sual budur.Təəssüf ki, istənilən yeni kadrın rəhbərlik etdiyi qurumda qayda-qanun yaratmasına mane olan çoxsaylı səbəblər vardır ki, bunların başında duranlardan biri də hakimiyyətdəki məmurların sıx qohumluq və lobbiçilik münasibətləridir – hansı yüksək ranqlı, kök atmış yetkilini tərpətsən, arxasından hansısa hörmətli və nüfuzlu zat çıxır…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu baxımdan istisna təşkil etmir və istər Füzuli Ələkbərov, istərsə də Səlim Müslümov həmin reallıqla qarşılaşıblar. İndi isə Sahil Babayev bu şərtlər daxilində yığılmış problemlərin həllinə nə dərəcədə nail olacaq – bunu zaman göstərər.

 




 



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dollar və avro bu tarixdən BAHALAŞIR -Rusiyada YENİ MƏZƏNNƏ
Brent markalı neftin qiyməti 73 dolları keçdi
Maaş və pensiyalarla bağlı MÜJDƏ -Büdcədən vəsait ayrıldı

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR