Samux rayonunda namus üstündə qızını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1955-ci il təvəllüdlü Sadif Vəliyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Sadif Vəliyevin doğma qızı Sevda Əliyeva 2017-ci ilin iyulun 2-dən 25-nə keçən gecə əri Sadiq Əliyev növbədə olarkən tanışı Xəyyam Hüseynovu yaşadığı Samux rayonu Ziyadlı kəndində yerləşən evinə dəvət edib.
Əri işə getdi, sevgilisini yatağa saldı
Həmin gecə Sevda Əliyev Xəyyam Hüseynov ilə evində görüşərək, cinsi əlaqədə olub. Xəyyam Hüseynovun Sevda Əliyeva ilə intim əlaqədə olmasını sonuncunun yaxınlıqda olan qohumu Mədət Bayramov bilib.
Bundan xəbər tutan Mədət Bayramov Sevda Əliyevanın atası Sadif Vəliyevə telefon vasitəsi ilə məlumat verib. Qızının evindən bir qədər aralıda yaşayan Sadif Vəliyev saat 06 radələrində ora gəlib.
Atası gəldi, sevgilisi pəncərədən qaçdı
Sadif Vəliyev qızının evinə gəldiyini eşidən Xəyyam Hüseynov yataq otağının pəncərəsindən çıxaraq qaçıb. Sadif Vəliyev qızını Xəyyam Hüseynovla birlikdə olmasını görə bilməyib.
Daha sonra Sadif Vəliyev qızını öz yaşadığı evinə gətirib. Orada qonaq otağında ikilikdə qızından tanışı Xəyyam Hüseynov ilə görüşüb, ərinə xəyanət etməsinin doğru olub-olmamasını soruşub.
Qızını intihara sürüklədi
Bu zaman Sevda Əliyeva susaraq, atasına bir cavab verməyib. Həmin vaxt Sevda Əliyeva ağlayıb. Qızının belə vəziyyətə düşməsi, həmçinin susmasını ərinə xəyanət etməsi kimi qəbul edən Sadif Vəliyev ictimaiyyət arasında rüsvay olduğunu, qızının bu hərəkətinin onun nüfuzuna xələl gətirdiyini düşünüb.
Belə olan halda Sadif Vəliyev qızını öldürüb, ondan qisas almaq qərarına gəlib. Bu niyyətini həyata keçirmək məqsədilə Sadif Vəliyev qızını əvvəlcə içildikdə insan həyatı üçün təhlükəli olan sirkə turşusu içməklə özünü öldürməyə məcbur edib.
Atası qızını boğdu, anası polisə zəng etdi
Sirkə turşusu içəndən sonra qızı Sevda Əliyevanın ölmədiyini gərən Sadif Vəliyev otaqda masanın üstündə olan stəkanı sındırıb. Sonra sınmış hissəsi ilə onu eyni məqsədlə bilək nahiyəsini kəsməyə vadar edib.
Bundan sonra da onun ölmədiyini görən Sadif Vəliyev qəsdini başa çatdırmaq üçün evin həyətindəki anbarda saxladığı baltanı götürüb və yenidən onun yanına qayıdıb. O, baltanın bərk küt hissəsi ilə qızının baş nahiyəsinə bir dəfə zərbə endirib.
Daha sonra Sadif Vəliyev baltanı kənara ataraq Sevda Əliyevanı döşəmənin üzərinə yıxıb, onu əlləri ilə boğub. O, qızının döşəmədə halsız vəziyyətdə qaldığını görəndən sonra onun öldürdüyünü zənn edib.
Daha sonra Sadif Vəliyev arvadı Tamaranı çağırıb, ona polis şöbəsinə zəng edib və qızını öldürməsi barədə məlumat verməsini deyib. Ana da qızının atası tərəfindən öldürülməsi barədə polisə məlumat verib.
Halsız cəsədini xəstəxana apardılar, ölmədiyi üzə çıxdı
Hadisə yerinə gələn polis, prokurorluq əməkdaşları Samirə Əliyevanın halsız vəziyyətdə olan cəsədini xəstəxanaya aparıblar. Orada həkim müayinəsi zamanı Samirə Əliyevanın ölmədiyi məlum olub. Ona göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Sadif Vəliyevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
{banner_reklam1}
4 il cəza
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sadif Vəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib.
Prokuror protestində Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini, Sadif Vəliyevin cəzasının ağırlaşdırılmasını istəyib.
Gəncə Apelyasiya Məhkəməsində hakim Çingiz Məmmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya protestinin dəlilləri araşdırılıb, sonda şikayətin təmin olunmaması barədə qərar qəbul edilib.
Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror kasasiya protestində Gəncə Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin ağırlaşdırıcı hallarının müəyyən olunması üçün şikayətə apelyasiya instansiyasında yenidən baxılmasını istəyib.
Prokurorun protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İmran Hacıqayıbovun sədrliyilə baş tutan prosesdə kasasiya protesti araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, şikayət təmin olunmayıb.
Oxu24.com
ŞƏRHLƏR