Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
190
az

Erməni meyitlərindən ərazidə qalanlar oldu - Aprel döyüşçüsündən sensasion müsahibə

01:1803 Aprel, 2018
4560
QARABAĞ
  • A
2016-ci il aprel ayının 2-si. Hər dəfə atəşkəs rejimini pozmağa adət etmiş düşmən bu dəfə daha azğın şəkildə işğalçılıq planlarını davam etdirmək qərarına gəlir. Bir neçə istiqamətdə Azərbaycan Silahlı Qüvvələrinin yerləşdiyi mövqelərə hücum edən düşmən ordusu ağır məğlubiyyətdən sonra geri sıxışdırılmağa məcbur edilir. Həmin döyüşlərdə Raquf Orucov,Vüqar Yusifov,Samid İmanov,Murad Mirzəyev, Elimdar Səfərov, Pəncəli Teymurov, Dilsuz Qarayev,Qabil Orucəliyev və onlarla qəhrəman döyüşçülərin adı tarixə qızıl hərflərlə yazıldı. Bu tarix həm də qanla yazılan bir tarix olmaqla digər səhifələrdən seçildi. Ordumuzun qələbəsində əsgərləri ilə çiyin-çiyinə mübarizə aparan və Vətən torpağı uğrunda sağlamlığından keçən hərbçilərimiz də az olmadı. Onlarsa, Aprel Döyüşlərinin canlı şahidləri kimi tarixin səhifəsində öz adlarını yazdırdılar.


Femida.az aprel döyüşlərinin ildönümü münasibəti ilə döyüşlərdə qəhrəmanlıq göstərmiş və qazi adını almış iki dost, iki döyüşçü və iki qazi baş-leytenant Azər Məmmədov və Həsrət Almaslının həmin günlə bağlı xatirələrini əks etdirən reportajı təqdim edir:

Aprel döyüşlərinin il dönümü ilə bağlı müsahib axtarışında olarkən diqqətimi baş-leytenant Azər Məmmədov çəkir.Onun həyat yolunu, döyüşdə göstərdiyi qəhrəmanlıqları işıqlandırmaq üçün əlaqə vasitəsi axtardığım zaman əvvəlcədən tanış olduğum digər aprel döyüşçüsü Həsrət Almaslı köməyimə gəlir. Sən demə bu iki qəhrəman döyüşçü həm yaxın dost, həm də aprel döyüşləri zamanı düşmənə qarşı mübarizədə çiyin-çiyinə vuruşubmuş.Hətta biri-digərinin həyatını da xilas edibmiş..

...Təyin edilən vaxtda baş-leytenant Həsrət Almaslı ilə deyilən yerdə görüşürük . O, dostunun qəhrəmanlıqlarından, bu günki vəziyyətindən danışır. Qarışıq yolları qət etdikdən sonra Həsrət Almasla birgə digər döyüşçü Azər Məmmədovun yaşadığı ünvana çatırıq. Qarşımda iki il əvvəl düşmənin başına od ələyən və bu gün hərəkət qabiliyyətini itirməsinə baxmayaraq qürurla dayanan bir zabit görürəm. Söhbətə qəhrəman döyüşçünün özü ilə tanışlıqdan başlayırıq.

-Azər Məmmədov 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Mahmudkənddə anadan olub. 2003- cü ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olduqdan sonra 2006-cı ildə həmin liseyi bitirib. 2006 -2010- cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbə hərbi təhsili alan A. Məmmədov hərbi məktəbi bitirdikdən sonra Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində təkmilləşmə kursunu keçib. Leytenant rütbəsində hərbi xidmətə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə başlayıb.

Baş-leytenant Azər Məmmədov hərb yolunda aprel döyüşlərinin silinməz izlər buraxdığını deyir. Həmin gecə baş verənləri qəhrəman zabit belə anladır:

-Aprel döyüşlərinə qədər toqquşmalar olsa da, bu miqyasda döyüş olmamışdı. Biz bir neçə gün əvvəl təlimdəydik. Təlimdən qayıdan zaman bizə məlumat verildi ki, ayın 1-də düşmənin hücumu gözlənilir. Bu barədə kəşfiyyat məlumat əldə etmişdi. Buna görə də hamımız hazır vəziyyətdə idik. Gözlənilən kimi də oldu. Aprelin 1-dən 2-nə keçən gecə onlar mövqelərimizə hücum etdi. Mənim döyüşdüyüm istiqamət Tərtər rayonu Qapanlı və Seysulan tərəf idi. Həmin istiqamətdə düşmən gəldiyi qədər geriyə sıxışdırıldı. Biz 3 istiqamətdə düşmənə cavab verirdik. Bir istiqamətdə mən əsgərlərimlə, ikinci istiqamətdə baş-leytenant Həsrət Almaslı , üçüncü istiqamətdə isə kapitan Qəhrəmanov Nizami öz əsgərləri ilə döyüşürdü.


-Siz döyüşlərdə tağım komandiri kimi iştirak edirdiniz. Əsgərlərin döyüşdən əvvəlki vəziyyəti barədə danışardınız. Bu günə qədər böyük müharibə görməyən əsgər hansı hissləri keçiridi?

-Düzdür, biz əsgərlərimizə müxtəlif təlim mərkəzlərində döyüş hazırlıqları, atış bacarılarının artırılmasınını öyrədirik. Amma real döyüşlə təlim tam fərqlidir. Həmin gecə hər kəs özünə güvənli idi. Sanki qisas üçün şans idi. Əsgərlərimi bir yerə toplayıb, tapşırıqları verdim. Onlar hamısı önə atılmağa çalışırdı. Həmin vaxt özümdə böyük əminlik və qürur hissi keçirdim. Əsgərlərimin bu qədər qorxmaz və döyüşə maraqlı olduğunu təsəvvür etmirdim. Amma təəssüflər olsun ki, mənimlə çiyin-çiyinə döyüşən əsgərlərimdən şəhid olanlar da oldu.


- Sizin tağımdan neçə əsgər şəhid oldu?

-Tağımımdan 5 nəfər şəhid verdik. Onlar Axundov Əbdülməcid, Mirzəyev Elvin, İbrahimov Mahmud, Nurayev Rəvan, Mirzəyev Mahir idi. Hamısı mənim üçün qəhrəmandır. Döyüşə ilk can atanlardan idi əsgərlərim. Bu gün onları xatırladıqca fəxr edirəm.Düzdür, bu xatirələr məni çox incidir.Amma belə bir deyim var ki, Vətən sağ olsun!

-Döyüş anından danışardınız. Neçə müddətə düşməni geri çəkilməyə məcbur etdiniz?


-Artıq səhər 6 radələrində onların səngərlərinə çatmışdıq. Səngərdə üzbəüz döyüşlər başlamışdı. Düşmən böyük itki verdiyindən geri çəkilməyə başlayırdı. Onlar bizim əks-hücumun qarşısını ala bilmədilər.

Səngər döyüşlərində iki erməni hərbçisi ilə üzbəüz döyüşdə onları məhv etdim. Həmin an qarşı tərəfdən bir erməni əsgəri üzərimə gəldi. Onu da vurduğum an yerə yıxıldı. Avtomatın tətiyi əlində çəkili vəziyyətdə qalmışdı. Açılan güllə sol böyrəyimdən girib, sağ tərəfdən çıxdı. Hiss etdim ki, ayağımın gücü qalmayıb. Yerə yıxıldım, məni güllə ilə vuran erməni həmin vaxt artıq ölmüşdü. Səngər döyüşləri isə davam edirdi. Digər istiqamətdə döyüşən baş-leytenant Almasov Həsrət yaralandığımı gördü. Sürünə-sürünə mənə tərəf gəlib, öz kəmərinə bağlayıb sürüməyə başladı. Çünki həmin anda döyüş gedirdi. Ərazidən məni çıxarmaq olduqca çətin idi. Hardasa yaralı vəziyyətdə iki saata yaxın döyüş gedən ərazidə qaldım. Daha sonra tibbi yardım heyətinin köməkliyi ilə ərazidən çıxarılıb hospitala aparıldım. Bu gün həyatda olmağıma görə döyüş yoldaşım Həsrət Almasova və həkimlərimizə minnətdaram. Həmin anda o zabit şərəfini layiqincə yerinə yetirdi.


-Döyüşlərin dayandığını kimdən eşitdiniz?

-Mən o vaxt hospitalda idim.Aldığım yaradan sonra 12 gün komada qaldım. Ayılan zaman əsgərlərimin yaralandığını və şəhid olduğunu bilmirdim. Palataya köçdükdən sonra 5 əsgərimin şəhid olduğunu bildim. O vaxt keçirdiyim hissləri bu gün sözlə ifadə edə bilmirəm. Döyüşlərin dayandığını palataya gələn döyüşçülərdən eşitdim. O zaman bir neçə cərrahi əməliyyat keçirdiyimdən bir çox hadisələri xatırlmaqda çətinlik çəkirəm.

-Sizə qarşı döyüşən erməni hərbçiləri kimlər idi? Mətbuatda muzdlu əsgərlərin olduğu barədə xəbərlərə rast gəlirik.

-Onların qaradərili döyüşçülərdən istifadə etməsi barədə mən də eşitmişəm.Amma mənim şəxsən rastlaşdığım erməni hərbçiləri adi əsgərlər idi. Bir fakt var ki, düşmən tərəfi şəxsi heyəti çatışmadığından muzdlu döyüşlərdən istifadə edir. Bu təsdiq olunmuş faktdır.

-Orduları müqayisə etdikdə hansı nəticəyə gəlmək olar?

-Bu danılmaz faktdır ki, bizim orduda texnika tamamilə yenidir.Müasir silahlanmamız var.Bunu aprel döyüşlərindən sonra ermənilər özləri də etiraf etmişdi. Hərb əsasən ruh yüksəkliyini sevir. Bu isə bizim ordumuzda yüksəkdir. Texnikaları müqayisə etdikdə də bizim ordumuz müqayisə olunmaz dərəcədə üstünlüyə malikdir.

-Canlı qüvvə baxımından itkiləri müqayisə etdikdə nələri deyə bilərsiniz?

-Müharibə varsa, itki də olmalıdır.Ermənilərin itkiləri təbii ki, çox oldu. Onların rəsmi rəqəmlərlə verdikləri itkilər yalnız İrəvan erməniləri idi. Qarabağdan olan ölülərin heç biri verilməmişdi. Əgər Ermənistan tərəfi Qarabağdan olan itkilərini də rəsmi şəkildə açıqlasaydı, onların itki sayı 300-ü keçəcəkdi. Buna görə də düşmən itkilərini gizlətdi.

-Aprel döyüşləri bizə nə verdi?

-Bizə qələbə, inam və ruh yüksəkliyi verdi.Hələ döyüşlər gedən zaman insanlar orduya, hərbçiyə necə böyük məhəbbətlə yanaşırdı. Bütün bunlar bizim gözümüzün qarşısında baş verirdi. Yaralı hərbçilər hospitala gətirilən zaman yüzlərlə mülki şəxslər hospitalın qarşısında idi. Onlar hərbçilərə dəstəklərini bildirməyə gəlirdi. Bu gün aprel döyüşləri deyəndə ağıla ilk növbədə qələbə gəlir. Düzdür, biz bu döyüşlərdə şəhidlər verdik. Hansı ki, onun acısını bu günə qədər unuda bilmirik.

Aprel döyüşlərində qələbədən danışarkən müdafi naziri cənab general-leytenant Zakir Həsənovun orduda apardığı islahatları da qeyd etmək lazımdır. Mən əvvəlki nazir Səfər Əbiyevin dövründə də xidmət etmişəm. Amma bir hərbçi kimi heç vaxt onu realda görməmişdim. Amma Zakir Həsənov nazir təyin olunduğu vaxtdan ordunun içərisində oldu. Bu isə böyük məsələdir. Hərbçi yanında dəstək görəndə daha ruh yüksəkliyi ilə xidmət e dir.

-Bu gün vəziyyətiniz necədir?

-Hazırda müalicələrimi davam etdirirəm.Bütün müalicəm Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev fondunun dəstəyi ilə aparılır.

-Qalib ordunun istefada olan zabiti kimi cəmiyyətə sözünüz nədir?

-Gənclərə vətəni sevməyi, qorumağı tövsiyə edərdim. Çünki bu torpaqlar bizimdir. Onu qorumaq isə bizim borcumuzdur...

Qəhrəman zabitlə müsahibəmiz zamanı elə bir gözü döyüşçü yoldaşı və dostu Həsrət Almasovdadır. Dostunun qəhrəmanlığından, onu necə xilas etməsindən yazmağımı istəyir. Baş-leytenant Həsrət Almasov da aprel döyüşləri zamanı düşmənə qan udduran zabitlərimizdəndir. Döyüşlərlə bağlı xatirələri, deyəcəkləri çoxdur. Amma onun daha çox ürəyində bir nisgil kimi qalan şəhidlərinin adının daha çox tanınmasıdır. Qəhrəman zabit söhbətə elə şəhidlərini yad etməklə başlayır.

-Düşmən mövqeyinə Seysulan tərəfdən ilk addım atan, mövqe yaran Samir Kaçayev, Vüsal və Vuqar Alıyev qardaşları oldu. Samir Kaçayev komandiri Həsrət Almasovdan aldığı əmrlə sol cinahı açdı. Və bundan sonra arxadakı əsgərlər də hücuma keçdilər. Bir azdan tağım komandiri, baş leytenant Azər Məmmədov da öz dəstəsi ilə sol tərəfdən hücuma qoşuldu. Tankın açdığı ilk yaylım atəşi ilə vurulan ermənilərin müşahidə məntəqəsi oldu. Bu məntəqənin vurulması ilə də Seysulan azad olundu. Döyüşlər davam edirdi. Zabit yoldaşım baş-leytenant Azər Məmmədov yaralandığı üçün onu ərazidən çıxarmaq lazım idi. Bu xeyli müddət çəkdi. Mən zabit yoldaşımızı mövqelərimizə çatdırıb qayıdan zaman ən sevimli əsgərim – Samir Kaçayevin şəhid olduğunu gördüm. Kaçayev arxası üstə yerə uzanmışdı. Ondan qabaqda isə üzbə-üz döyüşdə iki ermənini məhv edilmişdi.

Bir az keçəndən sonra ən çox sevdiyim əsgərlərimdən olan Mikayıl Vahabzadənin düşmən mərmisindən şəhid oldu. O, özündə cəsarət tapıb erməni ilə ən yaxın üzbəüz mövqeyə keçmişdi. Atıcı və manqa komandiri idi. Üçüncü şəhidim isə Vüsal Alıyev oldu...

Bütün bunlar mənim gözümün qarşısında baş verirdi. Həmin anları sözlə ifadə etmək isə mümkünsüzdür...

Döyüşlərin sonrakı saatlarında mənim daha bir neçə əsgərim şəhid oldu. Elşən Səmədov, Nazim Zəkəralıyev, Orxan Əliyev, Firdovsi Bağırlı, Mahir Quliyev, Rəşad Niftallı, Əmiraslan Xeyirbəyov, Fəxrəddin Qurbanlı, Altun Dəmirli, Tural Dadaşov, Əbdülməcid Axundov, Rəvan Nurayev, Elvin Mirzəyev... Adını çəkdiyim bu qəhrəmanlar aprel döyüşlərində tarix yazılan həmin səhifədə adları ön sırada çəkiləcək əsgərlər oldu.

Qəhrəman döyüşçü o günlərlə bağlı xatirələrini danışarkən ən ağrılı mənzərənin döyüşlər bitdikdən sonra ərazidə qalmış meyitlərin tanınması və toplanması prosesi olduğu deyir:

-Döyüşlərdə mən də bir neçə yerdən yara almışdım. Buna baxmayaraq yaraların ağrısı şəhid əsgərlərimin yarasını üstələyə bilməmişdi. Bu gün həmin günlə bağlı unuda bilmədiyim bir hadisə Seysulan istiqamətində meyitlərin ərazidən götürülməsi ilə bağlıdır. Bir vaxtlar çiyin-çiyinə vuruşduğum əsgərlərim artıq həyatda yox idi. Onların cansız bədəninin tanınması isə mənə tapşırılmışdı...Ərazidən meyitləri götürərkən çoxsaylı erməni meyitləri də var idi. Erməni hərbçiləri meyitlərin hamısını götürmürdü. Elə meyitlər var idi ki, artilerriya zərbələrindən tanınmaz hala düşmüşdü. Düşmən tərəfi həmin meyitləri ərazidən götürmədi.

-...Danışdıqca qəhər boğur zabiti. O bu günə qədər şəhid əsgərinin qoxusunu onun isimliyindən alır. Bu nişanənin şəhid Mikayıl Vahabzadədən dəyəri ölçülməyən bir xatirə olduğunu deyir. Onu öpür, gözünün üstünə qoyur... Qəhrəman zabitin son sözü isə Şəhidlər Ölməz, Vətən bölünməz olur!

  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Şuşaya gedənlərə xəbərdarlıq

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır