Erkən nikah və fəsadları, təhsilin qadın üçün əhəmiyyəti hər zaman danışılıb. Cahil adam həyatı özü üçün daha da çətinləşdirir. Bunu özü də inkar etmir. Müsahibim Abbasova Vəfadır.
Yaşadığı şəraiti, ac gecələrini danışmağa nə cəsarəti, nə də adamı var. Elə hekayəsini də 5 aylıq körpə acından ölməsin deyə evinə aparmış qonşusu mənə danışdı. Səhhətində problem olduğundan anasıgildə görüşdük.
O, 28 yaşında 6 uşaqla həyatın bütün çətinliklərini görmüşdü:
"Əslim Saatlıdandır. 16 yaşımda ailə qurmuşam. 6 uşağım var. Qayınanam təzə rəhmətə gedib, yaşadığımız evi də o bizə verib. Yoldaşımın daimi işi yoxdur, nə vaxt iş olur, onda gedir. Özüm də arada evlərə təmizliyə gedirəm".
Vəfanın ən çətin günlərində öz ailəsi ona dəstək olub. Anası öz səhhətinin də yaxşı olmadığını, özləri də böyük ailə olduğundan daha yardım edə bilmədiyini deyir:
"Özüm də, yoldaşım da asma-bronxitik, aldığım təqaüdlə mən bunları dolandırıram, özümüzə çatmır, dərmana bağlı yaşayıram. Düz 2 ildir, qaz əvəzinə odun peçi yandırırlar. Paltarlarını gətirib öz evimdə yuyuram. Mənim də vəziyyətim yaxşı deyil, görürsünüz, yoldaşım, oğlum, gəlinim, özümüz də xəstəyik. Bu qədər adamı necə dolandırım? Mən nə vaxta qədər büküb-büküb qızıma verəcəm? Elə dolanmaq olar? Özü də bu yaşında oynaq təzyiq tapıb".
Həyat yoldaşı özünü öldürürmüş...
Anası deyir ki, Vəfagilin vəziyyəti əvvəl belə olmayıb, qızının ailəsində dava-dalaş da kasıblıq ucbatından olub:
"Əvvəl belə deyildilər. Vəziyyətləri çox ağırdır. Eşitdim, yoldaşı özünü öldürürmüş ki, evi dolandıra bilmirəm. Neyləsin? Kasıbçılıq üzündən dava-dalaşları da olur. Bir dəfə qızım acıq elədi, gəldi bura, taksi tutub yolladım ki, get uşaqlarının yanına. Denən da (qızına), denən ki, odunu sındırıb yığa bilməyəndə, evimizdə dava düşürdü, balalarım ac yatırdı. Bunun bədbəxtliyi budur ki, onun yerinə mən danışıram".
Dəhşətli yanğın...
Maddi vəziyyəti ağır olan ailə hər şeyin daha da pisləşəcəyini bilmirdi. Elə o dəhşətli yanğından da xəbərsiz idilər...
"Qaz limiti keçdiyinə görə ödəyə bilmədik, odundan istifadə edirdik. Keçən il evim yandı, bütün əşyalarımız, yorğan-döşəyə, geyimlərə qədər yandı, kül oldu. Uşaqları güclə evdən çıxardıq".
Anası:
- Onun evini görənin ürəyi ağrıyar, bu qız dərddən şişib, əvvəl belə deyildi. Evlərində hamam, su, heç nə yoxdur. Axırıncı döşəyimi də bunlara vermişəm. Nə varsa, hamısı yandı. Allaha şükür ki, uşaqlara heç nə olmayıb".
Uşaqları o qədər ac yatızdırmışam ki...
Ən vacib məsələ isə uşaqların məktəb yaşlarına çatsalar da, məktəbə gedə bilməmələridir. Ana uşaqlarının təhsil almasını istəsə də, buna imkanı çatmadığını deyir:
"4 uşağımın məktəbə yaşı çatır. Böyük oğlumun 11 yaşı var, adı məktəbdə gedir, amma məktəbə yollamağa imkan olmadı. Quru yeməkdən ölmüşük, bəlkə balalarımın ciyərləri xəstədir. 2 il də belə olsa, xəstəliyə düşüb, öləcəklər".
Qızımı övladlıqdan siləcəm...
Çarəsiz ana uşaqların yaşaması, sağlamlığı və təhsili üçün internata verməyi qərara alır. Lakin bu dəfə də münasib yer tapa bilmir:
"İcra hakimiyyətinə müraciət elədim, sərəncam verdilər. Həmin sərəncamla Təhsil Nazirliyinə getdim. Orda dedilər ki, ilin sonudur, məktəblər bağlanır, indi o uşaqları götürüb hara yerləşdirək? Kağızları ver icra hakimiyyətinə, qalsın, avqust-sentyabr aylarında gətir, onda uşaqları götürüb harasa yerləşdirək".
Anası:
- Deyir, uşaqları aparacaq uşaq evinə. Demişəm, aparsanız, mənə deməyin. Həmin günü ürəyim partlayar, səni də övladlıqdan siləcəm.
Ölməyib qalsalar, 4 Azərbaycan əsgəridir, indi qalıblar ortalıqda. Uşaq evinə qoymağına razı deyiləm, amma bilirəm, aparmasa da, ac-susuz, o toz-torpaqlı evdə öləcəklər. Kömək edən olsa, evi düzələr, özü baxar uşaqlara. Hansı ana istəyər uşağı gedib orda qala?
Dövlətdən də yardım ala bilmir
Vəfa xanım deyir ki, nə qədər müraciət etsə də, nə sosial yardım, nə də uşaq pulu ala bilir:
"Hər yerə getmişəm. Deyirlər, dövlət işi olmalıdır ki, hesablansın, sosial yardım verilsin. Dövlət hər uşağa 30 azn verir, ona görə də notariusda bütün sənədlər yığılmalı, möhür vurulmalıdır. Onun da biri 5 azn-dir. 8 nəfərə hesablayanda gəlib çıxır 40 manata. Gərək o pul olsun ki, sənədləri yığım aparım".
Vəfanın son ümidi uşaqlarına sahib çıxacaq dövlət müəssisələrinədir:
"Ən azından dördünü uşaq evinə verərəm, bilərəm ki, yaşayırlar, oxuyurlar. İki balacaya özüm baxaram. Ya dövlətdən yardım alaram, ya işləyərəm. Çox peşmanam ki, bu uşaqları dünyaya gətirmişəm, baxa bilmirəm, çarəsizəm. Bilirəm, Allah qarşısında günahkaram, cəzasını da çəkirəm. Övladlarımın bu gününü görməkdənsə, ölməyim yaxşı idi, gözümün qabağında acından ölürlər... Bilirəm, hamı qınayacaq ki, baxa bilmirdinsə, bu qədər uşağı neyləyirdin? Bəxtim belə gətirdi, Allah məni bu cür - balalarımla sınağa çəkir"./axar.az
Oxu24.com
ŞƏRHLƏR