Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Oxu24.com xəbər verir ki, məlumatda deyilir:
"18 iyul 2019-cu il tarixdə saat 00:20 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozulmuş, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov yaralanıb. Sərhədçi əsgərə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib və hazırda həyatı üçün təhlükə yoxdur.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi heyəti ilə görüşmüş, xidməti-döyüş fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verib".
Oxu24.com
ŞƏRHLƏR