Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15
az

Ermənilər azərbaycanlı polisləri necə qətlə yetirib?

10:0727 Mart, 2018
9479
QARABAĞ
  • A
 

Dağlıq Qarabağ münaqişəsinin alovlandığı ilk illərdə hələ Milli Ordunun yaranmadığı dönəmdə bölgədə yaşayan əhalinin təhlükəsizliyi yerli milis dəstələrinin hesabına təşkil olunurdu. Həmin illərdə Dağlıq Qarabağın azərbaycanlılardan ibarət əhalisinin ermənilər tərəfindən tez-tez hücumlara məruz qalması, azərbaycanlıların öz tarixi torpaqlarından qovulmasının daha kəskin mərhələsi başlayırdı. Belə çətin bir zamanda erməni vəhşiliyinin qarşısının alınmasında xüsusi qəhrəmanlıq göstərən şəxslərdən biri də Xocalı polis şöbəsində Yol Patrol Xidmətində İnspektor vəzifəsini icra edən Əli İmran oğlu Vəliyev idi. Bu gün şəhid polisin doğum günüdür. Yaşasaydı, 56 yaşı olacaqdı.


Oxu24.com  xəbər  verir ki, Femida.az  tarixin qaranlıq qalmış keçmişi ilə bağlı məqamlara aydınlıq gətirmək məqsədi ilə həmin dövrdə baş verən hadisələr və ermənilər tərəfindən qətlə yetirilən polis əməkdaşının həyat yolunu araşdırıb.

Əli İmran oğlu Vəliyev kimdir?

1962- ci ildə Ağdam rayonun Baharlı kəndində anadan olub. Atası müəllim, anası evdar qadın idi. 11 uşaq böyüdən bu ailə övladlarının tərbiyəsində vətənpərvərlik ruhunun aşılanmasının vacibliyinə xüsusi diqqət yetirirdilər. Hələ uşaqlıq illərindən vətənə, torpağa bağlı olan Əli Vəliyevin ən böyük arzusu polis əməkdaşı olmaq idi. O, kənddə orta məktəbi bitirdikdən sonra Gəncə Politexnik Texnikumunda avtomobil nəqliyyatının istismarı fakültəsini bitirir. Taleh elə gətirdi ki, onun əmək fəaliyyəti yolu Xocalı şəhərindən başladı. Gənc Əli Xocalı şəhər daxili işlər şöbəsi yanında Dövlət avtomobil müfəttişliyində işə başladı. Bu Dağlıq Qarabağda və ətraf rayonlarda erməni işğalçılarının fəallaşdığı bir dönəmə təsadüf edirdi. Bölgədə yaşayan azərbaycanlılar tez-tez erməni millətçilərinin hücumuna məruz qalır və toqquşmalar zamanı öldürülənlər olurdu. Həmin vaxt bölgədə sabitliyi qorumaq məhz Əli Vəliyev və onun kimi qəhrəman milis əməkdaşlarının (red - o vaxtlarda polis əməkdaşları belə adlandırılırdı) boynuna düşürdü. Artıq 30 yaşında olan Əli Vəliyev 1 ildən artıq idi ki, Xocalı Yol Patrol Xidmətində avtomobil müfəttişi işləyirdi. Ancaq müfəttişlikdən çox, yolların qorunması, düşmən pusqularının təmizlənməsi ilə məşğul idi. O, xidmət apardığı Ağdam-Xocalı yolunda dəfələrlə erməni təxribatlarının qarşısını almışdı. Gənc inspektorun qətiyyətli mövqeyi düşməni qorxuya salırdı. Hər zaman hiyləgər mövqeyi ilə seçilən ermənilər Əlinin aradan götürülməsi üçün hərəkətə keçmişdilər. Hətta Ermənistanın Dövlət Televiziyasında 1991-ci ilin sentyabrında yayımlanan buraxılışda Xocalıda belə bir polis əməkdaşının olduğunu və onun aradan götürülməsinin vacibliyi qeyd olunmuşdu. Bu xəbərdən gənc polis əməkdaşının özünün də məlumatı var idi. Bir dəfə anası Zenfira xanım ona yolların təhlükəli olduğunu və bir müddət əraziyə getməməyi məsləhət görür. Lakin gənc polis serjantı 72-07 AQS nömrəli sarı rəngli “Jiquli”sinə oturaraq düşməndən qorxmadığını və onlara qarşı sona qədər mübarizə aparacağını demişdi. Ermənilər hər dəfə onu görəndə ““Sarı BTR” gəldi, qaçın”, deyirmişlər. Onlar Əlinin olduğu maşını sanki zirehli “BTR” gözündə görürdülər.


Hadisənin baş verdiyi anın videosu



Qəhrəmanın şəhidliyindən bir gün öncə nə baş vermişdi?


... Ermənilər həmin günlərdə daha çox fəallaşmışdı. Sentyabrın 24-də gecə saat 3-də Ağdam- Ağdərə yolunda polis əməkdaşı Fazil Mehdiyev erməni sakinləri tərəfindən qətlə yetirilmişdi.

(Mənbə: Azərbaycan qəzeti .31 oktyabr 1991-ci il . №43 (106) )

1991-ci ilin sentyabrın 25- də Xocalıdan Bərdəyə inşaatçıları qaytaran sərnişin avtobusu Əsgəranda ermənilər tərəfindən hücuma məruz qalır. Düzdür, bu birinci belə hadisə deyildi.Dəfələrlə azərbaycanlıların olduğu avtomobillər ermənilər tərəfindən müxtəlif üsullarla hücuma məruz qalmışdı. Bu zaman avtobusda olan azərbaycanlılardan yaralananlar da olur. Bütün bu hadisələr isə əslən ermənilərdən ibarət olan Əsgəran milis işçilərinin gözü qarşısında baş verirdi. Onlar baş verənlərə sadəcə seyrici mövqedə dayanıblar. Hadisədən xəbərdar olan Əli digər milis nəfəri Əhliman Abdullayevlə birlikdə özünü hadisə yerinə çatdırır. Avtobusun yandırılmsının qarşısını aldıqdan sonra azğınlaşmış erməniləri ərazidən qovur. Bu zaman onun gözünə vaxtı ilə Ağdamda yaşamış Rantkinin oğlu (red- əslən erməni idi ) Ararat sataşır. Bu zaman səbrini basa bilməyən Əli Ararata əynində olduğu milis formasından utanmağı və bir neçə kəskin sözlər deyir. Bundan sonra hücuma məruz qalmış yaralı azərbaycanlıları Əlinin “Sarı BTR”-i ilə Ağdamın Mərkəzi Xəstəxanasına daşıyırlar. Sonradan məlum olur ki, ermənilər bu hücumda azərbaycanlıları öldürmək və bəzilərini girov götürmək məqsədi daşıyırmış.


Bu hadisədən sonra azğınlaşan ermənilər növbəti gün Əlinin qətlə yetirilməsi üçün plan hazırlayırlar. Onlar bilirdilər ki, polis əməkdaşları hər gün Əsgərandan keçib Xocalıya işə gedir və yollarda əhalinin təhlükəsizliyinə nəzarət edirlər.


Polislərin dəhşətli qətlinin görüntüsü

“Sarı BTR”- də son mübarizə...


Femida.az həmin dövrdə baş vermiş hadisə ilə bağlı aparılmış istintaq materiallarına istinadən bir sıra qaranlıq məqamlara aydınlıq gətirib.1991-ci il 26 sentyabr tarixi. Hava tutqunludur. Göy üzünü qara buludlar alır . İki nəfər polis əməkdaşı yaşadıqları Ağdam rayonundan çıxıb Əsgəran yolu ilə Xocalıya, iş yerlərinə tələsir. Əslində həmin gün onların iş növbəsi deyildi. Əli və Natiq Əhmədov sentyabr ayının 27- də işə çıxmalı idilər. Amma bir gün öncə Əsgəranda mülki əhalinin daşındığı avtobus ermənilər tərəfindən hücuma məruz qaldığı üçün bölgədə vəziyyətin gərginliyini nəzərə alan iki həmkar və dost birlikdə yola çıxır. Bundan hansısa yollarla xəbər tutan ermənilər Əsgəranın çıxacağında, qalanın yaxınlığında gizli yerdə silahlanıb, pusqu qururlar. Həmin gün Ağdam-Xocalı yolu bağlı olub. Hər iki istiqamətdən gələn maşınlar geri qaytarılırmış. Ərazidə xidmət aparan rus əsgərləri nədənsə Əli və Natiqin olduğu avtomobili heç bir sorğu-sual etmədən Əsgərana buraxır. Artıq qala divarlarının yaxınlığına çatan sarı “Jiquli” gözlənilmədən maneə ilə rastlaşır. Ermənilərin yuxarı təpədən diyirlədikləri təkər maşının yolunu kəsir. Bu zaman silahlanmış quldurlar gizləndikləri yerdən çıxaraq polislərin olduğu avtomobilə hücum edir. Hər iki polis əməkdaşı Əsgəran qalasının yaxınlığında qətlə yetirilir.


Tarixin gizli qalan səhifəsi. Ermənilərin 57 güllə vurduğu milis əməkdaşı niyə Milli Qəhrəman adına layiq görülmədi?



İstintaq materialları zamanı aparılmış video-çəkilişlərdən də aydın olur ki, ermənilər güllənin böyük əksəriyyətini polis serjantı Əli Vəliyevə vurub. Ekspertiziyanın verdiyi rəsmi rəyə əsasən həmin vaxt Əli Vəliyevin bədənində 57 güllə yarası aşkarlanıb. Bu isə ermənilərin əsas hədəfinin məhz onun olmasına işarədir.

Təəssüflər ki, ömrünü vətənə həsr edən polis əməkdaşı həmin illərdə gərgin olan siyasi hərc-mərclik dönəmində göstərdiyi qəhrəmanlığa görə qiymətləndirilmədi. Yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Əli Vəliyevin göstərdiyi qəhrəmanlığa qiymət verildi. O, Prezidentin 1997-ci il tarixli fərmanı ilə ölümündən sonra igidliyə görə medalla təltif olunsa da, Milli Qəhrəman adı verilmədi.


Həmin hadisədə həlak olan digər polis əməkdaşı kim idi?

Həmin gənc polis əməkdaşı əslən Ağdam rayonundan olan Natiq Əhmədov idi. Şəhid olarkən cəmi 23 yaşında idi həmin gənc. Özü də idmanla məşğul idi. Əli ilə yaxın dostluq münasibətlərində olan Natiq ondan bir həmkar kimi işin dərinliyini öyrənər və çox vaxt xidmətə bir yerdə gedərdilər. İstintaq materiallarından aydın olur ki, hadisə zamanı ona bir güllə, özü də yaxın məsafədən vurulub. Ölümündən sonra ona Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992- ci il tarixli 264 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir. Ağdam rayonunun Novruzlu kəndində dəfn edilib.

Ailə üzvlərinin polis serjantı Əli Vəliyev haqqında dediklərindən...

Əli Vəliyevin həyat yoldaşı Şəmilə xanım onun vətənpərvərlik hisslərindən danışarkən göz yaşlarını saxlaya bilmir. Həyat yoldaşını itirdikdən sonra iki övladı böyüdən qadın həmin illəri belə xatırlayır:

-Bildiyimiz kimi həmin illər Dağlıq Qarabağda vəziyyət çox gərgin idi. Deyirdim ki, Əli, yollar təhlükəlidir. Bəlkə bu gün getməyəsən. Buna baxmayaraq razı olmadı. Həmin dövrdə həyətimizdə təzə ev tikirdik. Oğlumuz İlkinə kiçik toy edəcəkdik. Toy üçün lazım olan ərzaqları, suları alıb evə gətirdi. Amma onlardan toyda istifadə etmək qismətimiz olmadı. Bütün ərzaqları yasında ehsan verdik.

-... Həmin gün elə bil ürəyimə nəysə dammışdı. Gecə qarışıq yuxu da gördüm. Xəyalə qızımızı bağçaya düşürəndə dedi ki, sənin “varyonkanı” bu gün alıb gətirəcəm. Bizi məktəbin qarşısında düşürdüb, getdi. Heç yarım saat keçməmiş hadisə baş verdi...


-Şəmilə xanım deyir ki, bu gün həyat yoldaşı Əlinin doğum günü olmasına baxmayaraq ürəkləri heç cürə şad ola bilmir.

-“ Həmişə onun doğum gününü xüsusi qeyd edərdik. Artıq neçə illərdir ki, onsuz doğum günü qeyd etməyə çətinlik çəkirik. Mənim yeganə təsəllim həyat yoldaşımın göstərdiyi qəhrəmanlığa görə fəxri adla təltif olunmasıdır. Axı onun da əməyi böyük olub. İnanıram ki, hər zaman ailəmizə diqqət yetirən rəhbər şəxslər bu məsələnin də müsbət həllinə kömək edəcəklər...”


Xocalı polis şöbəsinin rəisi olmuş, Sadiq Mədətov həmin günü belə xatırlayır:

-1990-cı ilin noyabrında Xocalı ilə Ağdam və Şuşa arasında əlaqə yaradan yol tamamilə bağlandı.Əsgəran rayon polis şöbəsində işləyənlərimiz dəfələrlə ölümlə üz-üzə gəlsələr də, düşmənə layiqli cavab verirdilər. Bizim polis işçilərimizin az hissəsində xidməti tapança var idi. Xocalı polis şöbəsinin əməkdaşlarına ilk sarsıdıcı ağır zərbə 26 sentyabr 1991-ci ildə vuruldu. Polis şöbəsinin əməkdaşları Natiq Əhmədov və Əli Vəliyevin idarə etdiyi minik maşını atəşə tutuldu. Hər iki əməkdaş orada şəhid oldu.

(Mənbə: “Əsrin Faciəsi – Xocalı” kitabı. Səh 92.)

Bütün qeyd olunan hadisələr onu göstərir ki, ermənilər əvvəlcədən Azərbaycanın tarixi olan torpaqları Dağlı Qarabağı işğal etmək planı qurubmuş. Bu işdə onlara mane olan şəxslərin planlı şəkildə aradan götürülməsi sonra Qarabağın işğalını asanlaşdırmaq demək idi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər -VİDEO
Şuşa Şəhərinin işğaldan azad olunmasından 4 il ötür
Laçına müntəzəm avtobus reysi açılır

Kardaşyan 30 min dollara robot aldı

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Polis 1 gündə 69 kq-dan çox narkotik  aşkarladı