Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1487
az

Ağcabədidə 2 dostdan dəhşətli əməl: Zorla maşına mindirdilər, kolluq sahəyə gətirdilər və...

15:4707 May, 2018
3243
KRİMİNAL
  • A
Ağcabədi rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü Xəyyam Salahov və 1987-ci il təvəllüdlü Namiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu24.com -un  publika.az-a istinadən verdiyi məlumata görə, Namiq Məmmədov tanışı Xəyyam Salahovla birlikdə Ağcabədi şəhər mərkəzi bazarında valyuta mübadiləsi ilə məşğul olan Valeh İsmayılovun külli miqdarda pulunu ələ keçirmək məqsədilə onu öldürmək qərarına gəliblər.


Razılaşmaya əsasən, 17 oktyabr 2015-ci ildə, saat 07.40-da təqsirləndirilən şəxslər "VAZ-21154” markalı avtomaşınla Valeh İsmayılovun yaşadığı Ağcabədi şəhəri, Etibar İsmayılov küçəsinə gəliblər.

Həmin vaxt küçədə piyada gedən Valeh İsmayılovu avtomaşına minməyi təklif ediblər. Valeh Namiqin idarə etdiyi avtomobilin qabaq oturacağına əyləşib.

Daha sonra onlar şəhərin Hüsü Hacıyev küçəsi ilə hərəkətdə olarkən, əvvəlcədən razılaşdıqları kimi arxa oturacaqda əyləşən Xəyyam Salahov qəflətən arxadan Valeh İsmayılovun boğazından tutaraq, var gücü ilə sıxıb.

Valeh İsmayılov ilk anda müqavimət göstərməyə cəhd etsə də, cəhdi baş tutmayıb. Xəyyam Salahov onun müqavimətini qırıb, Namiq Məmmədov isə avtomaşının hərəkətini davam etdirərək Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 116-cı kilometrliyində, "Qarabağ” su kanalının keçdiyi ərazinin yaxınlığında yerləşən kolluq sahədə maşını saxlayıb.

Orada Valeh İsmayılovun əynindəki gödəkcəsinin cibindən ona məxsus 10 min manata bərabər müxtəlif valyuta əsginaslarından ibarət nağd pulunu götürüblər, onun özünü isə su kanalına atıblar.

İstintaq orqanı tərəfindən Xəyyam Salahov və Namiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyyam Salahov və Namiq Məmmədovun hər biri 19 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların cəzalarının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri qərara alınıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.

Bu qərardan narazı qalan təqsirləndirilən şəxslərin müdafiəçiləri kasasiya şikayəti veriblər. Məhkumların müdafiəçiləri Bəxtiyar Babayev hər iki şəxsin barəsində cinayət qanununa olunan dəyişikliklərin şamil edilməsini istəyib. Vəkil şikayətində göstərib ki, yeni qanunvericiliyə əsasən, 10 min manat külli miqdarda talama hesab olunmur, külli miqdarda talama 50 min manat miqdarında müəyyən edilib.

Vəkil hər iki təqsirləndirilən şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsini həmin məcəllənin 181.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək) maddəsinə tövsif edilməsini istəyib.

Müdafiəçi həmçinin şikayətində təqsirləndirilən şəxslərin barəsində təyin edilmiş cəzanın 15 ilədək azaldılmasını, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının ilk 5 ilinin həbsxanada çəkilməsi haqqında olan müddəaların hökmdən xaric edilməsini xahiş edib.

Müdafiəçinin bu şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin barəsində verilən kasasiya şikayəti araşdırılıb.

Hakim heyəti təqsirləndirilən şəxslərin barəsində olan kasasiya şikayətini qismən təmin edib. Hər iki məhkumun barəsində elan olunmuş Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsini həmin məcəllənin 181.2.1 və 181.2.4-cü maddələrinə tövsif edilib.

Təqsirləndirilən şəxslərin barəsində olan hökm dəyişdirilsə də, təyin edilmiş cəza yenə də 19 il müddətinə təyin olunub.

Onların barəsində olan cəzanın ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri yenidən qərara alınıb.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 70 yaşlı "professor" həbs edildi
Ağır qəza yenə can aldı
Xaçmazda evdən qadının meyiti tapıldı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi