Azərbaycanda qeyri-adi cərrahiyyə əməliyyatı icra olunub. Bakıdakı xəstəxanalardan birində 17 yaşlı oğlanda aşkarlanan 18 santimetr uzunluğunda quyruq əməliyyatla götürülüb.
“E-tibb.az” saytının xəbərinə görə, bu barədə əməliyyatı icra edən həkim-cərrah İsmayıl Əsgərov məlumat açıqlayıb.
Cərrah deyib ki, 17 yaşlı oğlan bel-oma nahiyəsində doğuşdan bu günə qədər mövcud olan quyruq kimi çıxıntı şikayəti ilə xəstəxanaya müraciət edib:
“Oturarkən çətinlik çəkirdi və bir qədər ağrı, narahatlıq verirdi. Həmçinin, gündəlik geyimlərlə bağlı çətinlikləri vardı”.
Həkim bildirib ki, bu vəziyyətə yeni doğanlarda rast gəlinə bilər, amma 17 yaşda 18 santimetr uzunluqda quyruğun olması çox gecikmiş haldır:
“Xəstə və ailəsi inanc, sosial qınaq və utanc səbəbindən həkimlərə müraciət etməyib. Valideynlər bu quyruğun Hindli meymun tanrısı “Hanuman”dan bir hədiyyə olduğuna inanıblar. Xəstə ümumi anesteziya altında əməliyyat edildi. Əməliyyat öncəki müayinə ilə quyruğun onurğa sütunu, sinirlərlə əlaqəsinin olmadığı aşkarlandı”.
Mütəxəssis onu da qeyd edib ki, bu kimi hallarla bağlı həkimə vaxtında müraciət olunmalıdır: “Əsas diqqətimizi çəkən məqam isə ölkəmizdə tez-tez sosial ləkə, cəhalət, savadsızlıq ucbatından vaxtında müalicə oluna bilən xəstəliklərə görə gecikmiş müraciətlərdir.
Təəssüf ki, uşağının şəkər xəstəsi olduğunu kimsə bilməsin deyə qohum-qonşu yanında uşaqlara şirniyyat verən valideynlərlə də rastlaşırıq”.
Oxu24.com
ŞƏRHLƏR