Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12906
az

“Müstəntiq qardaşımı öldürən şəxsi qoruyur” - BİR QƏZANIN İZİ İLƏ - ARAŞDIRMA

10:2008 May, 2019
1024
KRİMİNAL
  • A
 Aprelin 6-da Xırdalan şəhərində baş verən yol qəzasında dünyasını dəyişmiş Faiq Həsənovun ailəsi işi araşdıran müstəntiqin fəaliyyətindən şikayətçidir.

Aprelin 6-da Masazır qəsəbə sakini Faiq Həsənov naməlum avtomobillə vurularaq hadisə yerində dünyasını dyəyişib. Məlum olub ki, "Hyundai” markalı avtomobillə qəzanı törədən Xırdalan şəhər sakini Müşfiq Həsənov Faiq Həsənovu maşınla vurduqdan sonra hadisə yerindən qaçıb.

İstintaq nəticəsində ortaya çıxıb ki, qəzadan dərhal sonra hadisə yerindən uzaqlaşan M.Həsənov bir neçə kilometrdən sonra geri dönüb və heç nə olmamış kimi F.Həsənovu vurduğu yerdən keçib gedib.


Mərhum F.Həsənovun bacısı Şahnaz Həsənova Bakupost.az-a bildirib ki, qəzadan sonra hadisə yerindən qaçan M.Həsənov polis tərəfindən saxlanılıb: "Hadisədən 5 gün sonra bu işə baxan müstəntiq Xəyyam Rüstəmov bizim ailəyə baş çəkib, hüquqi varis kimi anamdan şikayət ərizəsi alıb. Biz yalnız bu zaman bildik ki, qəzadan sonra hadisə yerindən qaçan Müşfiq Həsənovdan yalnız tüpürcək vasitəsilə alkotest edilib. Halbuki hadisədən təxminən 17-18 saat sonra tutulan şübhəlinin alkoqollu olub-olmadığı qan və sidik analizi vasitəsilə yoxlanılmalı idi. Hadisə piyada yolunda baş verib, qardaşım yolun kənarı ilə gedərkən, yüksək sürətlə sağdan ötmə edən Müşfiq Həsənov tərəfindən vurulub, üstəlik, bir neçə dəqiqə sonra təkrar hadisə yerinin yanından keçib, ancaq yenə də dayanıb qardaşıma kömək etməyib. Nəzərə alsaq ki, hadisə qeyri-iş günü (şənbə günü) baş verib, biz düşünürük, Müşfiq Həsənov qəzanı törədən zaman içkili və ya başqa vəziyyətdə olub. Ancaq müstəntiq müəmmalı şəkildə müvafiq normalara tam riayət etmədən alkotest üçün qan analizi götürməyib və işə Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin əlavə olunmasının qəsdən qarşısını alıb”.


Ş.Həsənova deyir ki, müstəntiq X.Rüstəmov təqsirləndirilən şəxsin bu işdən ən aşağı cəza ilə qurtulmasına çalışır: "Biz qəzadan dərhal sonra müstəntiqdən tələb etdik ki, Müşfiq Həsənovun qanından alkoqol və narkotik maddə testi götürülsün. O isə bizə dedi ki, artıq alkoloq testi götürməyin bir mənası yoxdur, çünki təqsirləndirilən şəxsin qanında spirtli içki tapılsa belə, qəza anında onun içkili olub-olmadığını sübut eləmək mümkün deyil. Halbuki qanunda qeyd olunub ki, şəxs hadisədən sonra hadisə yerindən qaçdıqda onun cinayət törədərkən sərxoş olub-olmaması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsində nəzərdə tutulan sübut növləri ilə müəyyən oluna bilər. Müstəntiq bildirdi ki, narkotik testi götürüləcək. Ancaq hadisədən bir aya yaxın vaxt keçməsinə baxmayaraq hələ də təqsirləndirilən şəxsdən heç bir test götürülməyib. Bununla yanaşı, biz düşünürük ki, müstəntiq işi yüngülləşdirmək üçün nə lazımdısa edir. Misal üçün, DİN-in saytında qeyd edilib ki, şübhəli polis tərəfindən saxlanılıb, ancaq müstəntiq indi deyir ki, yox biz tutmadıq, özü gəlib təslim oldu”.

Ş.Həsənovanın sözlərinə görə, müstəntiqin bunun üçün çalışdığının ən baris göstəricisi isə odur ki, onların ailə ilə təqsirləndirilən şəxsi barışdırmağa, şikayətçi olmamağa vasitəçilik edir: "Müstəntiq Xəyyam Rüstəmov atamı başqa adla çağıraraq, qəzanı törədib hadisə yerindən qaçan Müşfiq Həsənovun ailəsi ilə görüşdürüb. Axı müstəntiqin hansı marağı ola bilər ki, təqsirləndirilən ailənin xahişi əsasında zərərçəkmişin ailəsi ilə təqsirləndirilən şəxsin ailəsini görüşdürsün”.

Mərhum F.Həsənovun bacısı deyir ki, onlar müstəntiqdən xüsusi heç nə tələb etmirlər, sadəcə, qanunun göstərdiyi şeyləri yerinə yetirməsini istəyirlər:

"Müşfiq Həsənova veriləcək heç bir cəza qardaşımızı geri qaytarmayacaq. Ancaq adam öldürmüş, üstəlik, qəddarcasına hadisə yerindən qaçmış bir şəxsin cəzasının hansısa yolla azaldılmağa çalışılmasını qəbul edə bilmərik. Gənc bir insanı öldürüb, canicə hadisə yerindən qaçan şəxsin layiq olduğu ən ağır cəzanı almasını ona görə tələb edirik ki, bizim başımıza gələn bu ağır faciə gələcəkdə başqalarının da başına gəlməsin”.

Vəkil Fariz Namazov məsələ ilə bağlı açıqlamasında deyib ki, təqsirləndirilən şəxsdən qəzadan dərhal sonra qandan alkoqol və narkotik testi edilməməsi prosedur pozuntusudur:

"Qəzadan dərhal sonra müstəntiq qəzanı törədən şəxsin qanından analiz götürülməsini təmin etməli idi. Əgər götürülməyibsə, burada prosedur pozuntusu olub. Müstəntiq hesab edə bilər ki, qan analizinin nəticəsi işin istintaqına o qədər də təsir etməyə bilər. Ancaq müstəntiqin işi bu deyil. Müstəntiq işlə bağlı bütün sübutları dərhal toplamalı və bunu aidiyyəti orqana təhvil verməlidir. Toplanan materiallarla bağlı nə qərar veriləcəyi məhkəmənin öhdəsində olan məsələdir”.


Narkoloq Asif Kəngərli Bakupost.az-a açıqlamasında deyib ki, narkotik maddənin kimyəvi tərkibindən asılı olaraq qan analizi ilə onun istifadə dövrü barədə məlumat əldə etmək mümkündür:"Misalçün, əgər marixuana istifadə edilibsə, bu, qanda 5 gün qalır və analizlə bunu müəyyənləşdirmək mümkündür. Lakin analiz narkotik maddənin konkret hansı saat aralığında istifadə edildiyini müəyyənləşdirməyə imkan vermir. Sadəcə, qanda narkotik maddənin olub-olmadığı müəyyənləşdirilir; var və ya yoxdur”.

Həkim deyib ki, qanda spirtli içkinin müəyyənləşdirilməsi də 12-24 saat ərzində mümkündür: "İçkinin miqdarından asılı olaraq, qanda 12-24 saat ərzində müəyyənləşdirmək mümkündür ki, şəxs içkili olub, ya yox. Əgər az içibsə, 12 saat sonra bunu müəyyənləşdirmək mümkün olmur. Ancaq içkinin miqdarı çox olubsa, 24 saat ərzində bunu analizlə öyrənmək mümkündür”.


Abşeron rayon Polis İdarəsinin müstənqidi Xəyyam Rüstəmov deyib ki, qəzadan sonra polisə gəlib təslim olan M.Həsənovdan alkoqol testi götürülüb və onda spirtli içki aşkarlanmayıb:

 "Qəzadan təxminən 13-14 saat sonra Müşfiq Həsənovdan narkoloji müayinə mərkəzində tüpürcək vasitəsilə alkoqol testi götürüldü və ondan heç nə tapılmadığı yazıldı. Bundan sonra onun barəsində təqsirləndirilən şəxs qismində həbs qətimkan tədbiri seçilib və 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilib”.

M.Həsənovdan narkotik maddə istifadəçisi olub-olmadığı ilə bağlı testin götürülmədiyi barədə də danışan müstəntiq bildirib ki, bununla bağlı yazılı müraciət edib:

"Mən təqsirləndirilən şəxsdən narkoloji test götürülməsi barədə yazılı müraciət etmişəm. Sadəcə, M.Həsənovun təcridxanadan narkoloji müayinə üçün etap olunması ləngiyir. Bu da məndən asılı olan məsələ deyil. Görünür, təcridxanada etap olunmağı gözləyən şəxslər çoxdur ki, bu məsələ ləngiyir. Ancaq bu həftə Müşfiq Həsənovun da narkoloji müayinəyə göndəriləcəyini deyə bilərəm. Əgər bu şəxs nə vaxtsa narkotik maddə istifadəçisi olubsa, müayinənin vaxtından asılı olmayaraq, bu, onun qanında çıxacaq”.

X.Rüstəmov zərərçəkənin ailəsi ilə təqsirləndirilən şəxsin ailəsinin barışmasına və şikayətin geri götürülməsinə vasitəçilik etdiyi barədə iddiaya da münasibət bildirib. O deyib ki, təqsirləndirilən Müşfiq Həsənovun ailəsi mərhum Faiq Həsənovun ailəsinə yas və digər xərclərdə köməklik göstərməklə bağlı ona müraciət ediblər, o da bu təklifi mərhumun atasına çatdırıb: "Mənim bu məsələdə nə marağım ola bilər ki? Mən iki ailənin barışmasında niyə maraqlı olum ki? Bu işə məhkəmədə baxılacaq və ailənin şikayətçi olub-olmadığı da məhkəmə zamanı müzakirə olunacaq. İstintaq dövründə bu məsələnin o qədər də əhəmiyyəti yoxdur. Mən müstəntiq kimi öhdəmə düşəni eləyirəm və Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlayıb prokurorluğa göndərmişəm”.

Qeyd edək ki, mərhum Faiq Həsənov ailəsinin yeganə oğludur. Onun bir övladı atasız qalıb. F.Həsənov yaxın günlərdə ikinci dəfə ata olmağa hazırlaşırdı.(bakupost.az) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu