Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 10 il keçir.
Oxu24.com faciə qurbanları barədə silsilə yazıları təqdim edir. ADNA-da törədilmiş terror hadisəsinin qurbanı Ayaz Bağırovun nişanlısı vaxtilə BDU-nun Jurnalistika fakültəsində oxumuş Pərvinin dəşhətli etirafını və nakam sevgi tarixçəsini təqdim edirik:
Həyatımda hər kəsdən çox sevdiyim bir oğlan var idi. Adı Ayaz idi. Biz birlikdə universitetə hazırlaşmışdıq. Xoşbəxtlikdən Mən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə, o isə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuşdu. Elə univeristetə daxil olduğumuz ilk gün o mənə təbriklərdən sonra məni sevdiyini demişdi. Həyatımın ən xoş günü olduğu üçün eyni gündə iki sevinc yaşadım. Həm universitetə daxil oldum, həmdə ürəyimdə həmişə sevgi hissi ilə alışıb yanan oğlan mənə sevdiyini etiraf etmişdi. Sevincimdən yerə göyə sığmırdım. Dərsdən sonra birlikdə görüşər, dənizkənarında gəzər, əl-ələ tutub söhbət edərdik. Onun gözlərindəki sevgini kitabdakı cümlələr kimi oxuya bilirdim. O mənə həmişə gözəl gözlüm, yayqaşlım deyirdi. Dediyinə görə həyatında gördüyü ən gözəl qızda elə məhz mənəm. Mən ürəyimi tamamilə ona bağlamışdım. Amma çox qorxurdum ki, bir gün o məni sevməz, məni atar.Ayaz da mənim qorxumu hiss edirdi. Məhz buna görə 4-cü kursda artıq oxuyanda mənə demişdi ki, bizimkilər sizə elçi gələcək. O qədər həyəcanlanmışdım ki, sevincimdən gözlərimdən yaş gəlirdi. O qədər görmüşəm filmlərdə, romanlarda sevgililər bir-birlərinə qovuşmur deyə. Ona görə mən öz sevgimə qovuşacağım üçün çox sevinirdim.
Sevincək evə gəlib , anama hər şeyi danışdım və mənim də razılığım olduğu üçün qonaqları “HƏ” ilə yola salacaqdılar. Həmin gün unudulmaz idi mənim üçün. Əslində həmişə Ayaz da mənim üçün qorxurdu. Onun qorxusu sadəcə bir gün mənim gözəlliyimə kiminsə vurulacağı və qaçıracağı üçün olmuşdu. Çünki elə olurdu ki, hər ay elçilər gəlirdi bizə. Anam gil xoşbəxtlikdən həmişə mənim fikirimi soruşublar.
Uşaqlıqdan atamı itirmişdim. Atamı itirəndən bu günə belə sevindiyim olmamışdı. Nişanımızı və toyumuzu təsvir edib elə həyəcanlanırdım ki… Atamın olmasına baxmayaraq həmişə Vüsal məni elə qızıymışam kimi qoruyurdu. Təbii ki, bu da öz sevgisindən irəli gəlirdi.
Ümidlərim sonsuz və tükənməz idi.
2009-cu ilin yanvar ayında bizə elçi gəldilər. O qədər həyəcanlı idim ki, Ayazın anası ilə bacısı cürbə-cür xonçalar bəzətdirib özləri ilə gətirmişdi. Həyəcandan qıp-qırmızı olmuşdum. Mənim həyəcanımı başa düşən Ayaz bacısı tez-tez mətbəxə gəlib məni əzizləyirdi. Hər şey yuxu kimi idi. Allaha şükür edirdim ki, bu elçilik sağ-salamat keçdi. Səhəri gün Ayazla restoranda oturub eşqdən və sevincdən işıl-işıl parlayan gözlərimizə baxa-baxa yemək yeyirdik. Ayaz eləcə deyirdi ki, Allah bu sevinci bizə çox görməsin, məni səndən heç vaxt ayırmasın. Onun belə ürəklə mənə bağlanması mənə qürur verirdi. Ona həyatım boyu sadiq bir qadın olacaqdım. Universitetdə çox qızların onu sevməyinə baxmayaraq, bilirdim ki, Ayazin gözləri məndən başqa birini görmür.
2009-un mart ayında bizim evdə çoxgözəl nişan mərasimiz oldu. Bu üzüklər sanki bizi bir-birimizə çox daha da bağladı. Ailələrimiz ölçüb-biçdi ki, mayın ilk günündə toyumuz olsun. Ayaz gilin bir neçə mağazaları və elə onun adına da evi var idi. Bu ay ərzində də biz cehizimizi tamamlamalı idik. Çoxları deyirdi ki, bəs biz tələsirik. Ancaq bir-birimizi elə sevirdik ki, qovuşmağımız üçün səbrsizlənirdik. Ayaz hər şeyi mənim üçün mükəmməl istəyirdi olsun. Ahh… Mən onu elə sevirəm ki, bunu bu cümlələrlə təsvir edə bilmərəm. Hətta bir gün yağışdan islanmayım deyə öz pencəyini mənə vermişdi və başımda çətir kimi tutumuşdum. Evə gəlincə o pencəyi qurudub və bu günə kimi hər gecə onun qoxusuna sarılaraq, şəkillərinə baxaraq yatıram. Həyatda hər şey birdən birə elə dəyişir ki, Allahın insanı necə sınağa çəkdiyini də belə bilmirsən.. Hər şeyi danışacağam.
Aprelin 30-da Ayazın vacib imtahanı var idi. Həm toy hazırlıqları, həm də imtahan onu yorurdu. Amma hər şeyi sevincək və həvəslə edirdi.
Aprelin 29-u gecə mənə zəng etmişdi ki, bəs bürsüyün toyumuzdur. Ancaq səsində nəsə kədər hiss edirdim və deyirdi ki, biz evlənəcəyik bəs mənə nəsə olsa sənə kim baxacaq. Məndə deyirdim ki, dəli-dəli danışma. Ehhh… Nə bilim…
Gecə yatarkən yuxumu qatdım. Görürdüm ki, toy günü Ayaz mənimlə rəqs edərkən sinəsindən axan qan mənim gəlinliyimə bulaşır və üzümə baxaraq gülüb alnımdan öpür, hər yan qaralır və Ayaz yoxa çıxır. Mən yuxudan oyanar oyanmaz Ayaza zəng vurdum ki, bəs bu gün evdən eşiyə çıxmasın. Ancaq bu imtahanın çox vacib olduğunu dedi və 10 dəqiqədən sonra imtahandan çıxacağını, telefonunu bağlayacağını və mənə zəng edəcəyini söylədi. Məndə onun sözünü 2 etməmək üçün razılaşdım.
2 saat imtahandan keçdi… Mən ona zəng elədim. Telefonu bağlı idi. Saatlar bir-birini əvəzlədi, ancaq telefonu yenədə bağlı idi. Ürəyimin döyüntüsünü qulağımla duyurdum. Sevincim, narahatçılığımla əvəz olunmuşdu. Balaca qardaşım kanalları çevirərkən bütün verilişlər eyni şeyi göstərirdi. “
Azərbaycan Dövlət Neft Akademiyasında qanlı terror hadisəsi olub, ölülərin və yaralıların sayı hər keçən dəqiqə artır”. Birdən birə elə qışqırdım ki, qardaşımın əlindəki televiziya pultu yerə düşdü. Evdə toya hazırlıq görən qadınların hamısı mənə tərəf qaçdı. Danışa bilmirdim, nəfəsim kəsilirdi. Anam da televizyaya baxdı və əlini ağzına qoydu. Hamı mənə dedi ki, hələ heç nə bilinmir. Qorxma… Amma qulaqlarım onları eşitmirdi. Birdən birə telefonuma zəng gəldi. Ayaz zəng etmişdi. ELə sevindim ki, sevincimdən ağlamağa başladım və sevinə-sevinə telefonu açdım. Telefonu açarkən polis maşınlarının siqnalları və insanların qışqırıq səslərini eşitdim. Telefonda başqa bir adamın səsini eşirdim.
- Xanım, siz Ayazın nəyisiniz? Sonuncu sizinlə danışıb?
-Ni…Ni… Nişanlısı… – Dilimi tərpədə bilmirdim.
- Xanım….
- Alo…Alo.. Yalvarıram deyin….
- Ayazın cəsədini şəhər xəstəxanasındadır. Başınız sağ olsun…
Telefon əlimdən düşdü. Artıq ətrafımdakı qadınlarda başa düşdüyündən, dizlərini döyməyə ucadan ağlamağa başladı. Mən ağalaya bilmirdim… Ağlamağa cəsarət edə bilmirdim. Yuxu idi sadəcə deyə fikirləşmişdim…
Onun yasında olarkən, Ayazin yanında oturan qız mənə yaxınlaşıb, yanımda əyləşdi və ağlaya-ağlaya danışmağa başladı:
- Ayaz, həmişə mənimlə birlikdə oturur və söhbətləşir. Mənə səni nə qədər sevdiyindn danışmışdı. O silah səsləri və qışqırıraqlar gələr gəlməz boş imtahan vərəqinə tez-tez nəsə yazmağa başladı. Terrorist qapıdan içəri girər-girməz sinifimizdəkiləri güllələməyə başladı. Silahını mənim üzümə tutarkən, Ayaz ayağa qalxaraq onun üzərinə getdi və bir neçə dəfə atəş açdı. Mən qorxumdan özümü itirmişdim. Silahında güllə bitincə sinifdən qaça-qaça çıxdı getdi. Ayazın kağızı budur- o əlindəki kağızı mənə uzadaraq dedi. Kağızda yazılmışdı:
” Xahiş edirəm məni bağışla, səni çox sevirəm”
Artıq 2012-ci ildir. Sabah mənim toyumdur. Anam məni məcburi başqasına verir. Amma ürəyimdə heç vaxt Ayaza olan sevgim bitməyəcək. Öləndən sonra ona qovuşmağımı arzu edirem...
Oxu24.com
ŞƏRHLƏR