Şəhid anası evinin önündə tikilən “moyka”nın sökülməsini istəyir – Cəlilabaddan şikayət
Hüquqlarının pozulduğunu iddia edən Cəlilabad rayon sakini, şəhid anası Surə Xəlilova Oxu24.com saytına müraciət edib. Şəhid anasının sözlərinə görə, oğlu Məmmədov Azər Xeyrulla oğlu Qarabağ müharibəsi zamanım 1992-ci ilin iyununda şəhid olub.
Surə Xəlilovanın müraciətində məqsəd yaşayış evlərinin önündə avto yuyucunun (“moyka) tikilməsi və nəticədə ailənin bundan narahatlıq keçirməsidir.
“ Mənim oğlum bu evdə böyüyüb, bu evdən hərbiyə yola salmışam və Şəhid cənazəsi də bu evə gəlib. Dövlət tərəfindən diqqət və qayğını hər zaman görmüşük. Yaşadığımız evin önünə oğlumun şəkli olan lövhə vurulub. Artıq bir neçə aydıq ki, bizim evin düz girişində maşınların yuyulması üçün “moyka” tikilir. Mənim evdə ərini itirmiş qızım var. Özüm də yaşlı qadınam. Evin düz qarşısında “moyka” olarmı? Bununla bağlı Cəlilabad rayonu İcra Hakimiyyətinə yazılı müraciət etdim və burada “moyka”nın tikilməsindən narahat olduğumuzu bildirdik. Buna baxmayaraq bizim məktuba cavab verən olmadı.”
Şəhid anasının iddia etdiyinə görə, qeyd olunan tikinti Cəlilabad rayonu memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Əliyev Zakir Nadir oğlunun ailəsinə məxsusdur.
“Zakir Əliyevin oğlu Səid Əliyev tikintiyə rəhbərlik edir. Bizə deyir ki, hara istəyirsiniz şikayət edin. Bizə heç bir təsir edə bilməzsiniz. Bir neçə gün öncə baş memarın oğlu Səid qızımı ələ salırdı. Mən bir ana kimi buna dözə bilmirəm. İndi sual verirəm. Yaşayış evinin önündə “moyka” tikilirmi? Onun səsindən biz bu evdə necə yaşayaq? Xahiş edirəm ki, bununla bağlı qanuni tədbirlər görülsün.”
Oxu24.com şəhid anasının iddiası ilə bağlı Cəlilabad rayonu memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Zakir Əliyevlə əlaqə saxlayıb.Şöbə müdiri deyilənləri təkzib edib.
“Qeyd olunan ərazidə tikilən obyektlə bağlı vətəndaşın bizə müraciəti olub. Həmin müraciət əsasında tikinti aparılmasına icazə verilib. Həmin obyektin mənimlə və ailəmlə heç bir bağlılığı yoxdur. Obyekt Məmmədov Yusif adlı vətəndaşa məxsusdur. Həmçinin bildirim ki, ərazidə yuyucu yox, mağaza tikilir. Bu məlumat həqiqəti əks etdirmir.”
Məsələni diqqətdə saxlayacağıq.
Oxu24.com
ŞƏRHLƏR