“COP29 tədbirində təhlükəsizlik məsələsi çox böyük əhəmiyyət kəsb edirdi”.
Oxu24.com xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Azərbaycan COP29 kimi beynəlxalq səviyyəli daha bir möhtəşəm tədbirə ev sahibliyi etdi. COP29-un işində 72 min nəfərdən artıq şəxsin qeydiyyatdan keçməsi, 80-dən çox ölkənin rəhbərlik səviyyəsində təmsil olunması bir daha göstərdi ki, tədbirin təşkilatçılığı ən yüksək səviyyədə idi. Belə bir böyük tədbirə ev sahibliyi etmək Azərbaycan dövlətinin, rəhbərinin düzgün qurduğu daxili və xarici siyasətin nəticəsi idi”.
Millət vəkilinin sözlərinə görə, təhlükəsizlik məsələsi bir neçə aspekti əhatə edirdi: “Fiziki təhlükəsizlik, kibertəhlükəsizlik, sağlamlığın qorunması, keçirilə biləcək dinc aksiyalarda təhlükəsizlik tədbirləri, logistika və nəqliyyat.
1. Fiziki təhlükəsizlik: Tədbir vaxtı yüksək profilli şəxslər, o cümlədən dövlət və hökumət başçılarının qorunması, o cümlədən bütün iştirakçıların yoxlanılmasını, yerlərin təhlükəsizliyini, əsas obyektlərə və tədbirlərə girişi əhatə etdiyinə görə ən yüksək səviyyədə təşkil edildi... Burada PTX, DTX, DİN, DSX, FHN, gömrük, bir sözlə, aidiyyəti olan bütün qurumlar öz işini yüksək səviyyədə qurdu.
2. Kibertəhlükəsizlik: COP29 ərəfəsində və keçirilən vaxt tədbirlər və çıxışlar hakerlərin və kibercinayətkarların da diqqətini cəlb edirdi. Kiberhücumlardan qorunmaq, rabitələri və sistemləri qorumaq üçün xüsusi təhlükəsizlik protokolları yaradıldı və həyata keçirildi. COP29-un əsas və ehtiyat data mərkəzləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Məlumat Mərkəzində yerləşdirildi. Tədbirlər keçirilən Olimpiya Stadionu ərazisində olan internet təminatı da XRİTDX-nin nəzarətində olan “AzStateNet” dövlət provayderinin kiberhücumlardan qorunan şəbəkəsi vasitəsilə reallaşdı. COP29 İT komandası qarşıya qoyulan vəzifəni uğurla yerinə yetirdi.
3. Sağlamlığın qorunması: Məlumdur ki, pandemiya və ya epidemiyalar zamanı iştirakçıların sağlamlığı prioritet məsələyə çevrilir. Xəstəlik testi, sağlamlıq qaydaları və səhiyyə xidmətlərinin əlçatanlığı daxil olmaqla sağlamlıq tədbirləri COP29-da öz həllini tapdı.
4. İqlim dəyişikliyi ilə əlaqədar keçirilə biləcək dinc aksiyalara qarşı tədbirlər də əvvəlcədən ehtimal olunduğundan təhlükəsizlik xidməti, həmçinin, digər hüquq-mühafizə orqanlarının iştirakı da yüksək səviyyədə təmin olundu.
5. Logistika və nəqliyyat: COP29-da təhlükəsizlik həm də təhlükəsiz nəqliyyat infrastrukturundan, iştirakçıların və işçilərin hərəkəti düzgün təşkilindən, habelə yaşayış yerlərində təhlükəsizlikdən asılıdır. Buna cavabdeh nəqliyyat strukturları da Metropoliten də daxil olmaqla, öz işlərini yüksək səviyyədə qura bildi.
Bir sözlə, COP29-un təhlükəsizlik tədbirlərində Azərbaycan dövləti ev sahibi kimi bütün beynəlxalq standartlara uyğun olaraq təşkilatçılıq məsələsinin ən vacib elementindən olan təhlükəsizlik tədbirlərini yüksək səviyyədə həyata keçirdi. Bütün dünya etiraf etdi ki, biz COP29-u ən yüksək səviyyədə təşkil etdik və təbii olaraq, onu da göstərdik ki, cənab Prezident İlham Əliyevin Azərbaycan xalqı ilə birlikdə həyata keçirdiyi daxili və xarici siyasət müstəqil və davamlıdır.”
Sədr Sahibə Qafarova Arzu Nağıyevə çıxışına görə təşəkkürünü bildirib: “Çox vacib məsələlərə toxundunuz. Hələ Milli Məclisdə bu məsələ ilə bağlı çıxış edən yox idi”.
Oxu24.com
ŞƏRHLƏR