Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123596
az

Fransanın insan hüquqlarına dair hesabatına tənqidi baxış -TƏHLİL

23:4921 Noyabr, 2024
125
SİYASƏT
  • A

BMT-nin İnsan Hüquqları Komitəsi Fransanın altıncı dövri hesabatını təhlil edərək insan hüquqları sahəsində bir sıra mühüm çatışmazlıqları və problemləri gündəmə gətirib və müxtəlif sahələrdə beynəlxalq öhdəliklərə əməl olunmasının vacibliyini vurğulayıb. Bu, xüsusilə öz müqəddəratını təyinetmə hüququnun tanınmaması, insan alveri ilə mübarizə adı altında qeyri-insani davranış, həbsxanaların vəziyyətinin standartlardan kənar olması, miqrantların hüquqlarının pozulması və ictimai işlərdə iştirak məsələsində diskriminasiya siyasətində özünü göstərir.

AZƏRTAC BMT-nin İnsan Hüquqları Komitəsinin Fransa dövlətinə beynəlxalq öhdəliklərinin icrası ilə bağlı verdiyi ciddi tövsiyələri təhlil edir.

Öz müqəddəratını təyinetmə hüququ: Yerli xalqların mənafeyi və dekolonizasiya prosesi

BMT-nin İnsan Hüquqları Komitəsi Yeni Kaledoniya və Fransız Polineziyası ərazilərində xalqın öz müqəddəratını təyinetmə hüququnun reallaşdırılmasında ciddi ləngimələrdən narahatdır. Xüsusilə yerli kanak xalqının pandemiya dövründə keçirilmiş üçüncü referendumda iştirakının qeyri-kafi təşkili diqqət mərkəzindədir. Fransa hökumətinin referendum zamanı yerli icmalarla məsləhətləşmələrə diqqət yetirməməsi və onların razılığının təmin edilməməsi xüsusilə tənqid olunur. Bu vəziyyət dekolonizasiya prosesinin legitimliyinə kölgə salır və xalqın hüquqlarına uyğun qərarlar qəbul edilməsini çətinləşdirir.

İnsan Hüquqları Komitəsi Fransa hökumətindən aşağıdakı addımları atmağı tələb edir:

- Numea Sazişi çərçivəsində dekolonizasiya prosesini beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə həyata keçirmək;

- Yerli xalqlarla davamlı məsləhətləşmələr apararaq onların azad və məlumatlı şəkildə razılığını təmin etmək;

- Müstəqillik hüququnun BMT Nizamnaməsinə uyğun şəkildə təmin edilməsi üçün müvafiq beynəlxalq komitələrlə əməkdaşlığı gücləndirmək.

Bu tövsiyələr yalnız siyasi məsuliyyət tələb etməklə kifayətlənmir, həm də yerli xalqların gələcəyinin daha ədalətli və şəffaf şəkildə müəyyən olunmasını təmin etməyə yönəlib. Fransa hökumətinin bu istiqamətdə atacağı addımlar, onun beynəlxalq hüquqa hörmətinin və yerli xalqlara dəstəyinin real ifadəsi olacaq.

İnsan alverinə qarşı mübarizə: Qurbanların müdafiəsi və hüquqlarının təmin edilməsi

Fransanın 2024-2027-ci illəri əhatə edən İnsan Alverinə Qarşı Milli Mübarizə Planında da əsas problemlər tam həllini tapmayıb. Xüsusilə Mayot bölgəsində qeyri-qanuni miqrantlar arasında insan alveri qurbanlarının vaxtında və səmərəli müəyyən edilməsində ciddi çatışmazlıqlar mövcuddur. Qeyri-qanuni vəziyyətdə olan bu şəxslərin bir çoxu, onların insan alveri qurbanı olduğu nəzərə alınmadan deportasiya edilir. Bu isə qurbanların daha ağır istismar hallarına məruz qalmaları ehtimalını artırır.

Komitə qeyd edir ki, insan alveri qurbanlarının hüquqlarının təminatı və onlara təzminat imkanlarının yaradılması məsələsində mövcud sistem ciddi islahatlara ehtiyac duyur. Bu şəxslərin qanunsuz fəaliyyətlərə görə məsuliyyətdən azad olunması təmin edilmədikdə, onlar yalnız hüquq-mühafizə sistemində deyil, həm də cəmiyyətin digər sahələrində daha çox problemlərlə üzləşirlər. Qeyd olunur ki, Fransa bu istiqamətdə daha güclü hüquqi mexanizmlər qurmalı və insan alverinə qarşı mübarizəni gücləndirməlidir.

BMT-nin İnsan Hüquqları Komitəsinin bu istiqamətdə tövsiyələri:

- İnsan alveri qurbanlarının identifikasiyası üçün fəal və məqsədyönlü tədbirləri genişləndirmək, qurbanların müəyyən edilməsi prosesini asanlaşdırmaq üçün xüsusi təlim proqramları həyata keçirmək;

- Qurbanların hüquqi qorunmasını təmin edərək, onların insan alverinin birbaşa nəticəsi olaraq törətdikləri qanunsuz fəaliyyətlərə görə məsuliyyətdən azad edilməsini dəstəkləmək;

- Mayotda və digər həssas bölgələrdə insan alverinə qarşı mübarizə strategiyalarını gücləndirmək və yerli icmalar arasında məlumatlandırma kampaniyaları aparmaq;

- İnsan alveri ilə bağlı şikayətlərin dərhal, obyektiv və ədalətli araşdırılmasını təmin etmək və qurbanlara hüquqi yardım imkanlarını artırmaq.

Bu yanaşma, yalnız qurbanların hüquqlarını bərpa etməklə kifayətlənməyəcək, eyni zamanda, gələcəkdə baş verə biləcək istismar halları üçün səmərəli profilaktik tədbir olacaq. İnsan alveri qurbanlarının hüquqlarının müdafiəsi ölkənin beynəlxalq hüququn normalarına uyğun hərəkət etdiyinin göstəricisi olmalıdır.

Azadlıqdan məhrum edilən şəxslərin hüquqları: Təkmilləşdirilməyə ehtiyac duyulan şərait

Fransadakı həbsxanaların vəziyyəti, xüsusilə dənizaşırı ərazilərdəki cəzaçəkmə müəssisələrində həddindən artıq doluluq və şəraitin beynəlxalq standartlara cavab verməməsi ciddi narahatlıq doğurur. Həbsxana yerlərinin yüklənməsi yalnız fiziki şəraiti pisləşdirmir, həm də məhkumların sağlamlığına, təhlükəsizliyinə və reabilitasiya imkanlarına mənfi təsir göstərir. Ən çox narahatlıq doğuran məsələlərdən biri də cəzaçəkmə müəssisələrində psixoloji dəstəyin məhdudluğu və tibbi xidmətlərin qeyri-adekvat olmasıdır.

Bununla yanaşı, Yeni Kaledoniyada yerli xalqların həbsxanalarda çoxluq təşkil etməsi kimi sosial ədalətsizliklər də mövcuddur. Komitə vurğulayır ki, bu amil həm hüquqi sistemdə, həm də cəmiyyətin sosial strukturunda köklü problemlərin mövcudluğunu əks etdirir. Bu ayrı-seçkilik yalnız hüquqi ədalətsizliklə deyil, həm də yerli xalqların həyat şəraiti və təhsil imkanlarının məhdudluğu ilə sıx bağlıdır.

Komitənin fikrincə, Fransa hökuməti bu problemlərin həlli üçün daha fəal siyasət həyata keçirməlidir. Həmçinin cəzanın alternativ tədbirlərlə əvəz edilməsi üçün hüquqi mexanizmlərin tətbiqi, yenidən inteqrasiya proqramlarının artırılması xüsusilə gənc məhkumlar üçün səmərəli olar. Məktəblərdə və icmalarda maarifləndirici kampaniyaların təşkili də məhkumların reabilitasiyasını sürətləndirə və onların cəmiyyətə uğurlu dönüşünə şərait yarada bilər.

Komitənin bununla bağlı tövsiyələri:

- Mövcud həbsxanaların BMT-nin Nelson Mandela Qaydalarına uyğun təmir edilməsi və onların şəraitinin yaxşılaşdırılması;

- Yeni Kaledoniyada yerli xalqların həbsdə çoxluq təşkil etməsinin qarşısının alınması üçün hüquqi və sosial tədbirlərin tətbiqi;

- Alternativ cəza üsullarının genişləndirilməsi, xüsusilə azadlıqdan məhrumetməyə alternativ olan icma xidmətlərinin tətbiqi;

- Yenidən inteqrasiya proqramlarının artırılması və məhkumların cəmiyyətə uyğunlaşmasını dəstəkləyəcək psixoloji, sosial və peşə hazırlığı xidmətlərinin təmin edilməsi;

- Həbsxana işçilərinin insan hüquqlarına dair biliklərinin genişləndirilməsi.

Bu tədbirlər yalnız həbs şəraitini yaxşılaşdırmaqla kifayətlənməyəcək, həm də hüquq sistemində daha ədalətli yanaşmanın tətbiqini təşviq edəcək. İnsan hüquqlarının qorunması hər bir məhkumun hüququ olaraq qəbul edilməli və bu yanaşma Fransa hökumətinin siyasətində əsas prioritetlərdən biri olmalıdır.

Miqrantların hüquqları: Qanunvericiliyə əməl edilməməsi

Komitə Fransa-Britaniya sərhədində və Mayot bölgəsində miqrantların pis rəftara məruz qalması və hüquqi müdafiə imkanlarının məhdudlaşdırılması məsələlərini ciddi şəkildə tənqid edir. Son dövrlərdə miqrantların hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıran qanunvericilik dəyişiklikləri, xüsusilə 2024-cü il 26 yanvar tarixli Qanunun miqrantların hüquqlarına mənfi təsir etdiyi vurğulanır. Komitə bu Qanunun miqrantların hüquqlarının müdafiəsinin və azadlıqlarının məhdudlaşdırılmasına yönələn bir addım olduğunu qeyd edir. Bununla yanaşı, qanunla müəyyən edilən prosedurların mürəkkəbliyi və icrasının düzgün həyata keçirilməməsi də narahatlıq doğurur.

Miqrantların saxlanma şəraitinin yaxşılaşdırılması və onlara qarşı rəftarın humanist prinsiplərə uyğun olması vacib bir məsələ kimi qalır. Həmçinin miqrantların hüquqi statusunun müəyyənləşdirilməsində təxirəsalınmaz addımların atılması, onların hüquqi müdafiə imkanlarının genişləndirilməsi önəmlidir. Bu məsələlər Fransa hökumətinin insan hüquqlarına daha çox diqqət yetirməsi tələbini artırır.

Komitə bununla bağlı aşağıdakı tövsiyələri təqdim edir:

- Miqrantların həbsinin yalnız son çarə kimi tətbiq edilməsi və onların saxlanma şəraitinin humanist dəyərlərə uyğunlaşdırılması;

- Sığınacaq hüququ ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və prosedur təminatlarının artırılması, bu yolla miqrantların hüquqi müdafiə imkanlarının gücləndirilməsi;

- Mayotdakı xüsusi miqrasiya rejimlərinin beynəlxalq standartlara uyğun olaraq yenidən nəzərdən keçirilməsi və daha ədalətli bir sistemin qurulması.

Bu tövsiyələrdən göründüyü kimi, Fransada miqrantların hüquqlarının qorunmasına qeyri-qanuni münasibət vardır. Miqrantların hüquqlarını təmin etmək, həm də dövlətin humanitar və ədalətli siyasətinin əsasını təşkil etməlidir. Təəssüf ki, Fransa hökumətinin siyasətində bu məsələlər qəsdən gözardı edilir.

Yerli xalqların ictimai-siyasi iştirakı: demokratik hüquqların gücləndirilməsi

Yeni Kaledoniyada yerli kanak xalqının siyasi proseslərdə iştirak imkanlarının Fransa hökuməti tərəfindən məhdudlaşdırılması ciddi narahatlıq doğurur. Komitə qeyd edir ki, qanunvericilikdə yerli xalqın hüquqlarına təsir edən qərarlarda onların əvvəlcədən, sərbəst və məlumatlı şəkildə razılıq verməsi təmin edilməlidir. Bu məsələnin önəmi yerli xalqın öz müqəddəratını təyinetmə hüququnun qorunması və demokratiyanın prinsiplərinə uyğun olaraq hər bir şəxsin və toplumun özünə aid qərarlarda iştirakının təmin edilməsi ilə bağlıdır. Qanunvericiliyin bu yöndə inkişaf etdirilməsi, həmçinin yerli xalqların mədəni və sosial xüsusiyyətlərinin qorunmasına böyük təsir göstərəcəkdir.

Bu mövzuda Komitə Fransa hökumətinin yerli xalqların hüquqlarını daha geniş şəkildə tanıyaraq onlara siyasi və sosial sahələrdə fəal iştirak imkanları yaratmasını tələb edir. Bütün bu məsələlər bir daha göstərir ki, Fransa dövləti yerli xalqların demokratiya və bərabərlik əsasında hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq öhdəliklərə məhəl qoymur.

Bununla bağlı Komitə aşağıdakı tövsiyələri edir:

- Yerli xalqların qərar qəbuletmə proseslərinə daha fəal cəlb olunması, onların mövqelərinin nəzərə alınması və səslərinin eşidilməsi;

- Qanunvericilikdə onların hüquqlarını gücləndirəcək islahatların aparılması, xüsusən yerli xalqın özlərinə aid məsələlərdə daha çox qərarvermə hüququnun tanınması;

- Yerli xalqın mədəni və sosial maraqlarını qorumaq üçün regional səlahiyyətlərin artırılması, bu yolla onların öz kimliklərini qoruyub saxlama imkanlarının genişləndirilməsi.

Bu tövsiyələr Yeni Kaledoniyanın yerli xalqlarının demokratiya və hüquqlarını daha sağlam bir şəkildə inkişaf etdirməyə, onların ictimai-siyasi həyatda bərabərhüquqlu iştirakını təmin etməyə yönəldilmiş vacib addımlardır.

Gələcək yanaşmalar və perspektivlər

Komitə Fransa hökumətini 2030-cu ilədək verilmiş tövsiyələr əsasında ətraflı hesabat təqdim etməyə və bu prosesdə vətəndaş cəmiyyəti ilə əməkdaşlığı gücləndirməyə çağırır. Növbəti müzakirələr isə 2032-ci ildə Cenevrədə baş tutacaq.

Bu tövsiyələrə əməl edərsə Fransa insan hüquqları sahəsindəki problemlərini aradan qaldırar və beynəlxalq öhdəliklərinə daha səmərəli əməl etməsi üçün strateji istiqamətlər müəyyənləşdirər. Fransanın bu məsələlərlə bağlı göstərəcəyi iradə və atacağı addımlar dünya birliyinin diqqətində olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ankara ilə Dəməşq arasında İLK ANLAŞMA: "Türkiyə mütləq mövqe tutacaq"
Putin Əsədlə görüşəcək
Papadan növbəti atəşkəs çağırışı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu