Bakıda gənc qız burun əməliyyatından sonra dünyasını dəyişməsi barədə xəbər vermişdik.
Femida.az 1992-ci il təvəllüdlü Gülyaz Hacıyevanın ölümü ilə bağlı bəzi təfərrüatları əldə edib. Məlumata görə, Neftçala rayonu, Xıllı kənd sakini Gülyaz Hacıyeva Health Baku Medical Center klinikasında əməliyyat olunub.
İlk əməliyyatını aprelin 3-də keçirən G. Hacıyeva burun çəpəri əyriliyi və artıq ətdən əziyyət çəkirmiş. Əməliyyatı edən həkim Fərid Şahverdiyev pasiyentin vəziyyətinin pisləşdiyini gördükdən sonra onu yaxınlarının iştirakı ilə Baku Medical Plazaya köçürüb. Əməliyyatdan sonra xəstənin yarasında qanaxmanın qarşısını almaq mümkün olmayıb. Daha sonra Gülyaz Hacıyevaya iki dəfə cərrahi müdaxilə edilib və burun nahiyəsinə xüsusi tanponlar yerləşdirilib. Bütün səylərə baxmayaraq xəstə qanaxmadan komaya düşüb və aprelin 18-i gecə saatlarında dünyasını dəyişib.
Dünyasını dəyişən şəxsin yeznəsi Mübariz Sadıqovun Femida.az-a verdiyi məlumata görə, Gülyaz Hacıyevanın ölümündə ailə həkimdən şikayətçi deyil.
“Gülyaz əməliyyat olunduqdan sonra qanı kəsə bilmədilər. Analizləri Türkiyəyə göndərdik. Məlum oldu ki, Gülyazda Qlükoza 6 Fosfat DeHidrogenaza (Q6FD) fernmetinin çatışmazlığı var. Həkim qızın başqa klinikaya köçürülməsinə şəxsən yardım etdi. Amma buna baxmayaraq onun həyatını xilas edə bilmədik. Biz bu gün həkimdən şikayətçi deyilik. Özümüz də araşdırmışıq ki, həkimin günahı olmayıb.”
Gülyaz Hacıyevanın ölümünə səbəb olduğu deyilən Qlükoza 6 Fosfat DeHidrogenaza (Q6FD) fernmetinin çatışmazlığı nədir?
Femida.az tibbi ədəbiyyata istinadən xəbər verir ki, bu xəstəlik genetikdir və əsasən qohum nikahları zamanı biruzə verir. Bu xəstəlik müxtəlif bölgələrdə yayılsa da, daha çox Lənkəran , Astara bölgəsində müşahidə edilir. Lənkəranda 9, Masallıda 23, Astarada 29, Lerik 36%-ə qədər fermentin çatışmazlığı müşahidə edilir. Azərbaycanda rast gəlinən irsi qan xəstəliklərindən biri də qlükoza - 6 fosfat dehidrogenaza (Q-6 FD) defisitli irsi hemolitik anemiyadır. Talassemiya və hemofiliyadan fərqli olaraq, bu xəstəlik barədə əhali arasında o qədər də geniş məlumat yoxdur. Respublika Uşaq Klinik Xəstəxanasının həkim-hematoloqu, tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadə mətbuata açıqlamasında xəstəlik barədə danışarkən qeyd edib ki, Q-6 FD defisitini trombosit xəstəlikləri ilə səhv salırlar. Bu uşaqları əməliyyat etməkdən qorxurlar ki, birdən qanaxma olar. Xeyr, burada qanaxma olmur. Amma ola bilər hansısa qadağan edilmiş dərmanı uşağa versinlər, o zaman problem yarana bilər. Bir sözlə, Q-6 FD çatışmazlığı olan şəxslər qadağa siyahısına əməl etdikdə ömürlərinin axırına kimi normal insanlar kimi yaşayırlar.
Oxu24.com
ŞƏRHLƏR