Berlinə bayraq sancan kişinin qızı Prezident İlham Əliyevə müraciət edib
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərin ailə üzvlərinə daim Azərbaycan Dövləti tərəfindən diqqət və qayğı göstərilir. Qeyd olunanlarla yanaşı təəssüf ki, xoşagəlməz hallar da yaşanır.
1941-1945-ci illərdə baş vermiş Böyük Vətən müharibəsində iştirak etmiş şəxslərdən biri də Zərdab rayonu, Şahhüseynli kənd sakini Qarayev Alməmməd Zakir oğludur. Böyük Vətən müharibəsinin iştirakçısının ailəsi bu gün böyük çətinliklərlə üzləşib.
Oxu24.com xəbər verir ki, CityPost.az-a danışan Alməmməd Qarayevin hüquqi varisi olan qızı Həlimə Qarayeva bildirib ki, atasının vaxtı ilə yaşadığı ev hazırda baxımsızlıq səbəbindən qəzalı vəziyyətə düşüb.
“Atam Böyük Vətən müharibəsində qəhrəmanlıqlar göstərib. Bir neçə dəfə orden və medallarla təltif olunub. Stalin atamın göstərdiyi qəhrəmanlıqlara görə onu bir neçə dəfə təltif edib. Bu gün həmin qəhrəman kişinin min bir əziyyətlə tiktiyi və yaşadığı ev qəzalı vəziyyətdədir. Mənim maddi imkanım olmadığı üçün evin təmirini edə bilmədim. Zərdab Rayon İcra Hakimiyyətinin başçısına bir neçə dəfə müraciət etsəm də, mənim müraciətimi gülüşlə qarşıladılar. Dedilər ki, onların evi təmir etmək üçün pulları yoxdur. Mən bilirəm ki, Dövlət büdcəsindən təmir-bərpa işləri üçün illik pul ayrılır. Bəs ayrılan o pulları haraya xərcləyirlər? Müharibədə qəhrəmanlıq göstərmiş bir kişinin evinin dağılmasına rəhbər şəxslər necə göz yumur? Ölkə başçısı hər zaman Böyük Vətən müharibəsi iştirakçılarına,onların ailə üzvlərinə diqqətlə yanaşıb. Mən bilirəm ki, cənab Prezidentin bu məsələlərdən xəbəri yoxdur. Cənab İlham Əliyevə müraciət edirəm. Müharibədə qəhrəmanlıq göstərmiş bir kişinin qızının səsinə səs verməyini xahiş edirəm”,- deyə Həlimə Qarayeva bildirib.
Həlimə Qarayevanın sözlərinə görə,atasının vaxtı ilə yaşadığı evi xatirəsinin yaşadılması üçün onun ev muzeyi etmək istəyir. Amma buna maddi imkanı yoxdur.
“Bu evi atam öz əli ilə tikib.Yadımdadır ki,onda tələbə idim.Evin tikintisi zamanı atama kömək də etmişəm. Atam 1987-ci ildə vəfat etdi. Onun vəfatından sonra anamı da itirdik. Evə baxan olmadı.Ailəmizin maddi imkanı olmadığından heç bir təmir-bərpa işləri görə bilmədik.Atam Berlinə bayraq sancanlardan olub. Bu gün onun medalları ,təltifləri suyun,toz-torpağın içərisində itib-batır. Bu mənə bir övlad kimi əzab verir. Xahiş edirəm ki, birinci vitse-prezident Mehriban Xanım Əliyeva bu məsələyə kömək etsin. Onun bu məsələlərdə necə diqqətcil şəxs olduğunu bilirəm”,- deyə döyüşçünün qızı bildirib.
Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə böyük töhfə verib.Bu Qələbənin əldə olunmasında çox böyük payı olan Azərbaycan xalqı özünün 640 mindən çox oğul və qızını cəbhəyə yola salmışdı. Onların təxminən yarısı döyüşlərdə həlak olub.Həmin dəhşətli müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdir. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşmuşdur. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazmışlar.
ŞƏRHLƏR