Zaqatalada avtomobilin qaz xəttinə çırpılması səbəbilə 320 abonent qazsız qalıb.
Oxu24.com APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 28-i axşam saat 21:45-də rayonun Yengiyan kəndinin ərazisində baş verib.
Rayonun Kəpənəkçi kənd sakini idarə etdiyi “Opel Astra” markalı 10-MS-440 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbilə avtomobili yolun kənarındakı 108 mm-lik qaz xəttinə çırpıb.
Qəzadan sonra qaz xəttində yanğın baş verib. Qaz xəttində təbii qazın verilməsi kəsildikdən sonra yanğın sönüb. Hadisə nəticəsində ötən gün axşam saatlarında 320 abonent qazsız qalıb.
Avtomobilin mühərrik hissəsi qismən yanıb. Avtomobildə olan iki sərnişin rayonun Kəpənəkçi kənd sakinləri 1982-ci il təvəllüdlü Elmar Əlisultan oğlu Babayev və 1977-ci il təvəllüdlü Kəlmət Həşil qızı Heydərova yüngül xəsarət alıblar.
Yaralılara Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunda ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı müvafiq qrumlar tərəfindən araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR