Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda “Ayaks” 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında iştirak edib.
Oxu24.com xəbər verir ki, o, əvvəlcə matça bağlı fikirlərini bildirib:
– Məğlub olduq. Oyuna heç də pis hazırlaşmamışdıq. Bunu siz də hiss etdiniz ki, oyuna çox dinamik başladıq. Ancaq sonda belə bir məğlubiyyət oldu. Oyunçularımızın qırmızı vərəqə alması daha pisdir. Digər oyunlarımız üçün də futbolçularımızın sayı azalır. Biz böyümək istəyirik. Ancaq bunun üçün bir çox elementlər lazımdır. Bəsit penaltilər, bəsit vərəqələr verilirsə, belə oyunlarda biz də detallara diqqət etməliyik. Komandam cəsarəti qoruyub saxlasa, daha yaxşı olacağına inanıram. Belə bir komandanın burada olması bizim üçün avantajdır”.
– Həm Juilo Romao, həm də Elvin Cəfərquliyev neçənci dəfədir ki, qırmızı vərəqə alır, onlarla söhbətiniz olacaq?
– Onlarla söhbət mütləq olacaq. Futbol mübarizə oyunudur. İlk mən futbolçunu qınayıram. Amma belə epizodlarda qırmızı verirlərsə, onda biz futbol oynamayaq. Bəzən ayaq sürüşür, bəzən özünü saxlaya bilmir. Həm Elvinin, həm Romaonun epizodunda hakimin verdiyi qərarlar biraz maraqlı gəldi mənə. Yəqin biz hakimlərin qayda-qanununu dərindən bilmirik. Bir komanda azlıqda qalırsa, buna görə ikinci sarı alırsa, demək ki, bunun arxasında nəsə durur. Mən hakimlərə nəsə demək istəmərəm, onların üzərinə getməmişəm. Bu hakimlər ölkəyə, bu azarkeşə hörmət edərək gəlməlidirlər. Mənə təsir edən odur ki, azlıqda qalan komandaya vərəqələr verirdilər. Amma inanmıram ki, bunu böyük komandaya qarşı edə bilərdilər.
– Heyət onsuz da kasad idi. Qırmızı vərəqə alan futbolçular qarşıdakı oyunu buraxacaq və bizi səfərdə Norveçin “Budo-Qlimt” klubu ilə ağır oyun gözləyir. Nə düşünürsüz?
– Biz yaxşı hazırlaşırıq. Əlimizdə nə qədər futbolçu qalacaqsa, onlarla çəkinmədən oynayacağıq.
– Bəhlul Mustafazadəni son anda meydana buraxdınız. Sizcə, Bədavi Hüseynovun yerinə o, olsaydı, daha yaxşı olardı?
–Bu gün belə qərar verdik ki, Bədavi Hüseynov və Kevin Medina daha hazırlıqlı idi. Bəhlulun da səhvləri olub müdafiədə. Amma o bizim hər halda əsas oyunçumuzdur. Meydanda olsaydı, biz qalib gələrdik kimi fikirlər məndə yoxdur. Bu gün mənim baxış bucağıma görə Bədavi və Kevin oynamağa layiq idilər.
– “Qarabağ” sanki, son zamanlar məğlubiyyətlə razılaşır. Bunun səbəbi nədir?
– Biz bu gün də məğlubiyyətlə barışmırıq. 10 nəfər qalsaq da, rəqibdən çəkinmədik, geri çəkilmədik. Nə oyunun əvvəli, nə də oyunun sonunda… İstənilən komanda illər boyu uğurlu ola bilməz. Hardasa eniş olur. Məğlubiyyət olsa da, oyunumuz da yaxşı idi. Bütün matçlarda belə idi. Hər zaman da belə olacaq. “Bayer” keçən il bütün oyunları qazansa da, bu il o qədər də uğurları yoxdur.
– Sizin istefanızla bağlı paylaşımlar olur. Bu barədə nə deyə bilərsiz? Məşhurlar da sizin getməli olduğunuzu deyirlər…
– Bilmirəm ki, onlara nə deyim, sözüm yoxdur. Mən istənilən sahədə uğurlu olan azərbaycanlını dəstəkləyirəm. Sosial şəbəkələrdən də buna görə uzağam ki, nəsə yanlış olar.
Oxu24.com
ŞƏRHLƏR