Xəbər verdiyimiz kimi, Sabunçuda ötən gecə tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb.
Oxu24.com-un məlumatına görə, həmin tunel “Körpü Bina Tikinti” MMC tərəfindən inşa edilib.
Tunelin açılışı 2020-ci ildə olub.
Qeyd edək ki, “Körpü Bina Tikinti” MMC-nin direktoru Xəlil Göyüşovdur.
Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunel “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında tikinti işləri aparan “Körpü Bina Tikinti” MMC tərəfindən inşa olunub. Tunelin açılışı isə 2020-ci ilin martin 13-nə təsadüf edib. Açılış mərasimində qırmızı lenti isə “Azərbaycan Dəmir Yolları”nın ozamankı sədri Cavid Qurbanovun müavini Zaman Novruzov kəsib.
Qısa arayış olaraq bildirək ki, tunelin uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metrdir. Qapalı hissənin uzunluğu isə 68 metrə bərabərdir.
4 il əvvəl açılış mərasimində verilən məlumata görə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb. Amma görünən və real mənzərə onu deməyə əsas verir ki, ötən gecəki hadisə zamanı nə üç nasos, nə 100 kilovatlıq transformator, nə də generator işə yarayıb.
2019-cu il, tunelin qazıntı işlərinə başlanılır
Ümumiyyətlə, ötən müddət ərzində onların yararlılığı yoxlanılıbmı, o da tunel kimi sual altındadır.
O ki, qaldı “Körpü Bina Tikinti”yə, bu MMC-nin rəhbəri Xəlil Göyüşovdur. Sözügedən şirkət 2001-ci ildə təsis edilib və istər Bakıda, istərsə də bölgələrdə bir sıra milyonluq layihələrin icraçısı olub.
Jurnalist Cavanşir Həsənli özünün sosial şəbəkə hesabında yazıb ki, Xəlil Göyüşovun oğlu Ramiz Göyüşov bir neçə il əvvəl Almaniyanın Hamburq şəhərində 40 milyon avroluq ARENA OTELini (AGO Park Hotel Betriebs GmbH, Hamburg) alıb. Görəsən, hüquq mühafizə orqanları bu məlumatı araşdıracaqmı? (Unikal.az)
Oxu24.com
ŞƏRHLƏR