Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Özbəkistan Respublikasının Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Axmad Burxanovu qəbul edib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qonağı salamlayan müdafiə naziri onu Azərbaycanda görməkdən məmnun olduğunu bildirib, ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. vakansiya
General-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan ilə Özbəkistan arasında hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirildiyini vurğulayıb, bu istiqamətdə görülən işlərdən danışıb.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən general-mayor A.Burxanov səmimi qəbula görə öz minnətdarlığını bildirib, general-polkovnik Z.Həsənova Özbəkistan müdafiə nazirinin salamlarını çatdırıb.
Sonra Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində rəsmi qarşılanma mərasimi təşkil edilib. Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə özbəkistanlı həmkarı ilə fəxri qarovulun önündən keçib.
Komandanlar arasında keçirilən görüşdə Azərbaycan ilə Özbəkistanın digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya və hava hücumundan müdafiə sahəsində təcrübə mübadiləsinin inkişaf etdirilməsinin və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.
Görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın yeni perspektivləri, eləcə də maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonda Özbəkistan nümayəndə heyətinə Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində görülən işlər barədə ətraflı məlumat verilib.
ŞƏRHLƏR