Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-leytenant Namiq İslamzadə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub
OXU24.COM N.İslamzadənin dosyesini təqdim edir:
O, 7 may 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1981-1988-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki 76 nömrəli orta məktəbində, 1988-1991-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub. 1991-ci ildə Minsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbinə qəbul olub, 1992-ci ilin aprel ayına qədər həmin məktəbdə təhsil alıb. SSRİ dağıldıqdan sonra Azərbaycana qayıtmış, 1992-ci ilin sentyabr ayına qədər Bakı Ali Hərbi Birləşmiş Komandanlıq məktəbində təhsil alıb. 1992-ci ilin sentyabr ayında təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilmiş və 1996-cı ildə həmin məktəbdən təyyarəçi ixtisası üzrə məzun olub. N.İslamzadə 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin Kürdəmir rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edir. 2019-2021-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanın aviasiya üzrə müavini - Aviasiya rəisi vəzifəsində xidmət etmiş və 2021-ci ilin sentyabr ayında Hərbi Hava Qüvvələri Komandanının müavini - Hava Döyüş komandiri vəzifəsinə təyin olunub.
O, 2005-ci ildə "Hərbi xidmətlərə görə" medalı, 2008-ci ildə "Azərbaycan Bayrağı" ordeni, 2020-ci ildə "Vətən uğrunda" medalı ilə təltif olunub, 2020-ci ildə İslamzadə Namiq Sərəfruz oğluna "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu general-mayor İslamzadə Namiq Sərəfruz oğlu 25 dekabr 2020-ci ildə ""Füzulinin azad olunmasına görə"" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu general-mayor İslamzadə Namiq Sərəfruz oğlu 25 dekabr 2020-ci ildə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.
Polkovnik N.İslamzadəyə Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.
ŞƏRHLƏR