Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119040
az

Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA

16:4428 Sentyabr, 2024
71
CƏMİYYƏT
  • A

Azərbaycana gələn turistlərin sayında ciddi artım müşahidə edilir. Rusiyadan, Hindistandan gələn turistlərin sayında nəzərəçarpacaq artım müşahidə edilir. Gələn il Çindən gələnlərin sayında da ciddi çoxalma proqnozlaşdırılır.

"Azərbaycanı ən çox rusiyalı turistlər ziyarət etsə də, Hindistan gələn turistlərin sayındakı artıma görə birincidir". İqtisadçı ekspert, Milli Məclisin deputatı Vüqar Bayramovun sosial media hesabında paylaşdığı statistika təkcə ölkəmizə gələn turistlərin sayının artımının göstəricisi deyil, həmçinin bu rəqəmləri qoruyub saxlamağın və daha da artırmağın yollarını tapmaq üçün ipucudur. Belə ki, Azərbaycana həm MDB, həm Avropa İttifaqı, həm Asiya, həm də körfəz ölkələrindən gələn turistlərin sayında ciddi artım var. İqtisadçının fikrincə, turizm neftdən sonra ölkəmizə ən çox valyuta gətirən sektor kimi məşğulluğa da xüsusi töhfə verir:

"Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər".

Ölkəmizə gələn turistlərin artım tempini qoruyub saxlamaq və Avropa ölkələrini seçən turistlərin diqqətinə yönəltməyin yollarını isə daha çox turizmçilər bilirlər.

"Kaspi" qəzetinin mövzuya dair yazısını təqdim edirik.

Təki ölkəyə turist gəlsin

Turizmçi Azər Hüseynov hesab edir ki, ölkəmizə turist axınının başlıca səbəbi bu istiqamətdə düzgün təbliğatın qurulması ilə bağlıdır:

"Biz bütün beynəlxalq sərgilərdə iştirak edirik. İstər regionlarımız, istər paytaxtımız daim yenilənir: yeni hotellər açılır, turizm obyektləri, attraksionlar tikilir. Bütün bu amillər ölkəmizə gələn turistlərin artımına kömək edir".

Turizmçi hazırda ölkəmizə gələn turistlərin siyahısında hindistanlı turistlərin birincilik təşkil etməsini belə izah edir:

"Hindlilərin gəlməsinin səbəbi birbaşa təyyarə reyslərinin açılmasıdır. Son iki ildə Çin bazarı da ölkəmizə diqqət yönəldib. O cümlədən, Avropa, Rusiya, Qazaxıstan və Özbəkistandan da turistlər gəlir. Xüsusən rus, qazax və özbək turistləri bizim sanatoriyalar, Naftalan vannaları və digər neft və termal vannalar cəlb edir".

Ərəblər niyə əvvəlki kimi gəlmirlər?

A.Hüseynov ölkəmizə gələn ərəblərin sayının keçən illərə nisbətən azalmasına da münasibət bildirib:

"Bir dubaylı Bakıya 4-5 dəfə gəlib. Onlar təzə gəlməyə başlayanda biz elə də yeniliklər etməmişdik. Məsələn, Şahdağa gedib yalnız kanat görürdülər, əlavə attraksionlar yox idi. Onlar yenilik axtarırlar. Amma sonradan kompleksdə paraşütlər və yeni attraksionlar yarandı. Bu inkişaf etdikcə turistləri daha çox cəlb etməyə başladı". Turizmçinin fikrincə, ölkəyə daha çox turist cəlb etmək və artım tempini qoruyub saxlamaq üçün atılacaq addımlar sırasında müntəzəm təbliğat da yer almalıdır:

"Ölkə olaraq daim yenilik etməliyik, çünki turist yenilik istəyir. Biz hotellərin rəhbərliyi ilə görüşür və "necə etsək qonaqlar bizi seçər?" sualı ətrafında qarşılıqlı tövsiyələr verir, başqa ölkələrin təcrübələrini müzakirə edirik. Bu yeniliklər sayəsində bir turisti ikinci dəfə də ölkəmizə gətirə bilirik. Amma yenilik olmayanda turist sayı azalmağa doğru gedir".

Çin turistləri Hindistandan gələnləri də üstələyəcək

Turizmçi hesab edir ki, biz ölkəmizə fərqli ölkələrdən turistlər cəlb etməyə çalışmalıyıq:

"Çin turistləri İpək Yolu xətti ilə səyahət etməyi sevirlər. Böyük ehtimal ki, növbəti mövsümdə Çin turistləri Hindistandan gələnləri də üstələyəcək".

Turizmçi onu da deyir ki, ölkəyə gələn turistlərin sayının artımı üçün hava yolu şirkətlərinin qiymətləri də münasib olmalıdır:

"Biz tez-tez milli hava yolu şirkətinin rəhbərləri ilə görüşür, bu məsələləri müzakirə edirik. Onlar da qarşılarında qoyulan "həm insanları xoşbəxt edin, həm də qazanc gətirin" tapşırığına əməl etməyə çalışırlar. Əlbəttə, bunların ikisini bir yerdə etmək çətindir. Onlar da, biz də uçuşların sayını artırmaq istəyirik. Məsələn, mən şirkət olaraq çarter təyyarə götürmək istəyirəm, amma milli hava daşıyıcı şirkətinin o qədər təyyarəsi yoxdur. İndiki halda uçuşu artırmaq mümkün deyil. Çünki o qədər təyyarəmiz yoxdur. Hazırda ödənişləri edib, müqavilələr imzalayıblar, növbəti illərdə təyyarələrin sayı artacaq. Beynəlxalq hava yollarını da cəlb edirlər, təki ölkəyə turist gəlsin".

Turizmçi hesab edir ki, ölkəmizə gələn turistlərin stabilliyini qorumaq, Avropa ölkələrinə daimi can atan dünya turistlərini cəlb etmək üçün yenə də işlər görülməlidir:

"2023-cü ilin turizm statistikasında İtaliya, İspaniya, Fransa kimi ölkələr top beşlikdə yer alıb. Bu ölkələr hər il milyonlarla turist qəbul edirlər. Onların turizm keçmişi var. Bizim ölkəmizə 2016-ci ildən turist axını başlayıb. Biz həm gənc ölkəyik, həm də turizm arxivimiz o qədər böyük deyil. Amma tədbirlərdə bizə də xoş gəlir ki, ölkəmizi Türkiyə ilə, Avropa ilə rəqabətdə göstərirlər. Qısa bir müddətdə ölkəmizi zəngin turizm tarixi olan ölkələrlə bir sıraya gətirib çıxara bilmişiksə, bu, balaca uğur deyil".

Əyləncə, istirahət, tarix

Turizmçi Vasif Yadigarov hesab edir ki, gələn turistlərin zövqündən çox şey asılıdır: "Məsələn, İran, ərəb və körfəz ölkələri adətən sırf əyləncə və gəzmək nəzərdə tuturlarsa, Avropa ölkələrindən gələnlər tarixlə maraqlanırlar".

V.Yadigarovun sözlərinə görə, viza rejiminin sadələşdirilməsi də ölkəmizə turist axınında böyük rol oynayıb:

"Nəinki Bakıda, regionlarda da hotellərin sayı artıb. Bu il hətta regionlarda da boş hotel yoxdur. Hesab edirəm ki, turistləri Azərbaycana cəlb etmək üçün milli yeməklərimizi reklam edib, onların paketlərinə əlavə etmək lazımdır".

"Elə turistlər var ki, təkrar-təkrar gəlirlər"

Turizmçi Sürayyə Axundovanın fikrincə, Azərbaycana gələn turistlərinin sayının artmasında ölkəmizin dünyada təbliğatı rol oynayır:

"Hətta hava limanlarında belə, ölkəmizin reklamı gedir. Ölkəmizdən gedən turistlər ətraflarındakı insanlara Azərbaycan haqqında müsbət məlumatlar verirlər. Bu da turistlərin daha çox gəlməsində rol oynayır. Hətta elə turistlər var ki, təkrar-təkrar gəlirlər".

Turizmçi hesab edir ki, ölkəmizdə keçirilən beynəlxalq oyunlar, dünya şöhrətli müğənnilərin Azərbaycanda konsert proqramları da qonşu dövlətlərdən olan turistlərin diqqətini cəlb edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bank kartından      oğurluq      edildi