Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119015
az

Hikmət Hacıyev Ermənistanla sülhə maneələrdən DANIŞDI Ermənistanla sülhə maneələrdən DANIŞDI

19:2427 Sentyabr, 2024
62
SİYASƏT
  • A

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın aparıcı mətbu orqanlarından olan “La Repubblica” qəzetinə geniş müsahibə verib. Prezidentin köməkçisi müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh prosesindən bəhs edib, bəzi Qərb ölkələrinin erməni revanşizmini qızışdırdığını bildirib.

OXU24.COM  müsahibəni təqdim edir:

- Ermənistanla Azərbaycan arasında sülhə nə dərəcədə yaxınıq?

- Artıq regionda Ermənistanın xoşməramlılığı ilə deyil, Azərbaycanın hərbi və məcburi tədbirləri sayəsində əldə olunmuş faktiki sülh var. Otuz il ərzində münaqişənin həlli istiqamətində nəzərəçarpacaq nəticə əldə edilmədiyi üçün 2020-ci və 2023-cü illərdə biz Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarını azad edən və bununla da ərazi bütövlüyümüzü bərpa edən iki hərbi əməliyyat keçirməyə məcbur olduq. Biz müharibədə qalib gəldik, indi sülhü də əldə etmək istəyirik.

Biz sülhə həmişəkindən daha yaxınıq, lakin hələ də qarşıda maneələr var. Birincisi, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan Ermənistan konstitusiyasıdır. Onun preambulası erməni dilində Qarabağın Azərbaycan ərazilərinin Ermənistana “birləşdirilməsi” mənasını verən “Miatsum” sözü yazılan müstəqillik bəyannaməsinə istinad edir. Biz təkcə Ermənistan hökuməti ilə deyil, həm də Azərbaycanda ərazi iddialarından əl çəkərək konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçirilməsi tələbi ilə səsini ucaltmalı olan erməni xalqı ilə də sülh razılaşması əldə etmək istəyirik. Sülh müqaviləsi kağız parçası deyil, Ermənistanda heç kimin bir daha Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır.

- Hazırda iqtidarda olan və danışıqlar apardığınız Ermənistan hökumətinin zorla danışıqların məqsədlərinə zidd siyasətə yol vermə ehtimalı sizi narahat etmir?

- Azərbaycanda təkcə erməni siyasi qüvvəsi ilə deyil, ümumiyyətlə, onların əsas axınında geniş yayılmış revanşizm hissi ilə bağlı narahatlıq var. “Tarixi Ermənistan” adı altında qonşu ölkələrin ərazilərinin işğalı ilə “böyük Ermənistan” yaratmaq anlayışı hələ də onların mentalitetində geniş yer tutur. Sanki bu gün Romada kimsə Roma İmperiyasının bərpa olunmasını iddia edir.

Ona görə də erməni xalqının revanşizmdən, Qarabağ iddialarından əl çəkdiyi və mümkün sülh müqaviləsini gələcəkdəki Ermənistan hökumətlərinin revizionizmindən qoruyacaq referenduma ehtiyacı var.

- Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın paytaxtı İrəvanı Azərbaycan şəhəri kimi açıqladı. Ermənistana qarşı ərazi iddialarınız varmı?

- Mənim əcdadlarım ermənilərin Sevan adlandırdıqları Göyçə rayonundandır. Azərbaycanlıların çoxu əslən indi ermənilərin yaşadığı, lakin tarixi nöqteyi-nəzərdən Azərbaycanın mədəni irsi ilə zəngin olan ərazilərdəndir. Bunlara tarixən Azərbaycan şəhəri olan, lakin sonradan Rusiya imperiyası tərəfindən işğal olunmuş İrəvan xanlığına aid olan ərazilər də daxildir. Bu, mülki şəxslərin geri qayıtmaq hüququna aid olan tarixi və mədəni məsələdir. Əslən həmin ərazilərdən olan azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmalarına icazə verilməlidir. Ancaq bu, nə ərazi iddiası, nə də Ermənistanın suverenliyinin pozulmasıdır.

- Sizcə, sülhə nail olmaq üçün digər maneələr nələrdir?

- Ermənistanın hərbiləşdirilməsi məsuliyyətli və mütənasib olmalıdır. Məsələn, İrəvan Fransadan uzaqmənzilli raketlər və artilleriya sistemləri alır və bununla da yenidən Azərbaycan şəhərlərinə hücum edə bilər. Ermənistan üçün ən yaxşı həll yolu Azərbaycanın təhlükəsizliyini təhdid edən hərbi ittifaqlar yox, neytrallıq olardı.

Müstəmləkə keçmişi olan bəzi Qərb dövlətlərinin Afrikadakı kimi, Qafqazda da öz siyasətlərinin və intriqalarının təbliği üçün Ermənistandan istifadə etməsi əks effekt verir. Məsələn, Fransa və onun hökuməti region haqqında tam anlayışa malik deyil və Avropanın da əleyhinə olacaq geosiyasi səhvlərə yol verir. Ermənistanı hərbiləşdirmək və bununla da onun revanşizminə təkan vermək sülhə kömək etmir.

Biz, həmçinin Avropa İttifaqının Ermənistanda sərhədlərimizin monitorinqi missiyası şəklində və Ermənistan üçün hərbi layihə olan Avropa Sülh Fondu vasitəsilə regionda hərbi mövcudluğunu görürük. Aİ regionumuzda hərbi amilə çevrilərsə, haqlı suallar ortaya çıxır: Ermənistanın hərbiləşdirilməsinin məqsədi nədir?

- Azərbaycanın gələcəkdə Ermənistana qarşı digər hərbi əməliyyatlar həyata keçirməsini istisna edirsinizmi?

- Bizim strategiyamız müdafiə və çəkindirmədir. Başqa ölkələrə heç bir ərazi iddiamız və ya orada hərbi hədəfimiz yoxdur. Əsas məqsədimiz Cənubi Qafqazın tam sülh yolu ilə transformasiyasıdır. Hər bir ölkə kimi, bizim də özünümüdafiə hüququmuz var. Əgər Ermənistan sərhədlərimizə uzaqmənzilli raket və ya artilleriya sistemləri yerləşdirərsə, o zaman bizim haqlı narahatlığımız yaranar.

- Digər maneə Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlıdır. İrəvan sizi ərazisinin bir hissəsini işğal etməkdə ittiham edir..

- Bu ittihamlar əsassızdır. Əslində, hazırda sərhəd xəttinin müəyyənləşdirilməsi prosesi gedir. Bu yaxınlaradək səkkiz kənd erməni işğalı altında idi, onlardan dördü sərhədin müəyyənləşdirilməsi prosesi nəticəsində azad edilib. Ermənistan Azərbaycanın 2022-ci ilin sentyabrında sərhəddə yaşayış olmayan ərazilərinin bir hissəsini hərbi nəzarətə götürdüyünü iddia edir. Bəs bu, müəyyən edilməyibsə və heç kim sərhəd xəttinin harada olduğunu bilmirsə, bizi onların ərazilərini ələ keçirməkdə necə ittiham edə bilərlər?

Sonra əsas problem var. Son otuz ildə Ermənistan Azərbaycanla heç vaxt sərhəd qurmayıb və 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib. Əvəzində bizim ərazilərimizi işğal edib, istehkamlar qurub. Bizi onların ərazilərini işğalda ittiham etməkdənsə, sərhədlərin delimitasiyası prosesi çərçivəsində bunu müzakirə etmək məqsədəuyğun olardı.

- Bir il əvvəl Qarabağı yüz min erməni tərk etdi. Bu insanların öz evlərinə qayıtmaq şansı olacaqmı?

- Ermənistan son 30 ildə Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, insanları qovub, məscidlərimizi və digər abidələrimizi yerlə-yeksan edib. Biz keçən il ərazi bütövlüyümüzün bərpası üçün hərbi əməliyyat keçirən zaman dinc əhalini bombalamadıq, istədikləri təqdirdə, qala biləcəklərini bildirdik, həmçinin əhalinin Ermənistana getməsi üçün dəhlizlər yaratdıq. Şərt ondan ibarət idi ki, onlar Azərbaycan vətəndaşlığını və qaydalarını qəbul etsinlər, əvvəllər olduqları “boz zona”da yaşamağı dayandırsınlar. Lakin onlar bunu qəbul etmədilər və demək olar ki, hamısı getməyə qərar verdi.

Qarabağ ermənilərinin böyük əksəriyyəti, xüsusilə də kişilər hərbi fəaliyyətə cəlb olunub, Azərbaycana qarşı keçirilən əməliyyatlarda və döyüşlərdə iştirak edib. Geri qayıtmaq istəsələr, bizim vətəndaşlığımızı və qanunlarımızı qəbul etməli olacaqlar. Ancaq Ermənistan da öz növbəsində Qərbi Azərbaycan icmasına eyni hüquqları verməyə, onların öz evlərinə qayıtmalara imkan yaratmağa hazır olmalıdır.

- Azərbaycan televiziya və mediasında yüksək səviyyəli siyasətçilər erməniləri donuz adlandırıblar. Sizcə, barışıq nə vaxtsa mümkün olacaq?

- Etnik barışıq istənilən münaqişənin ən çətin aspektlərindən biridir, asan və ya qısa proses olmayacaq. Bunun ermənilər arasında geniş yayıldığını görürük, amma bu məsələ əsas müzakirə mövzusu, gündəmdə olan mövzu deyil və bununla mübarizə aparan hökumətə aid edilə bilməz və edilməməlidir.

Azərbaycanlılar işğala, etnik təmizləməyə, əmlaklarının dağıdılmasına məruz qalıblar. Otuz ildən sonra öz doğma yurdlarına qayıdan azərbaycanlı məcburi köçkünlər üçün evlərin, qəbiristanlıqların dağıdılmış, ərazinin minalanmış olduğunu görmək asan deyil. Dörd min azərbaycanlının itkin düşdüyünü və artıq onlar haqqında heç bir məlumatın olmadığını da qəbul etmək asan məsələ deyil. Ancaq biz daha çox inam qazanmaq və hələ də açıq olan çoxsaylı yaraların öhdəsindən gəlmək üçün gələcəyə baxmalıyıq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mehriban Əliyeva     başsağlığı     verdi
Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi