Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118839
az

Övlad itkisi dəhşətdir - Qənirə Paşayevanın anası ilə MÜSAHİBƏ

23:3925 Sentyabr, 2024
165
MANŞET
  • A

Bacısı Kəmalə Paşayeva: "Qənirə xanımın heç vaxt "Mən"i olmadı, o həmişə "Biz" oldu"

Anası Tehran Nağıyeva: "O qədər ümidim var idi ki, sağalacaq, yaxşı olacaq..."

Qardaşı qızı Banuçiçək Paşazadə: "Çalışacam ki, bibimin arzusunu gerçəkləşdirim"

Unikal insan, işgüzar deputat, istedadlı jurnalist, alovlu vətənpərvər...

Sağlığında hamının sevgisini qazanmış Qənirə Paşayevanın həyatla vidalaşmasından bir il keçir.

28 sentyabr tarixi onun anım günüdür.

OXU24.COM xəbər verir ki, modern.az saytının əməkdaşları Qənirə xanımın anım günü ərəfəsində onun ailəsinə baş çəkərək, bacısı Kəmalə Paşayeva, anası Tehran Nağıyeva, qardaşı qızı Banuçiçək Paşazadə ilə həmsöhbət olublar.

- Kəmalə xanım, Qənirə xanım təkcə sizi deyil, hər birimizi üzdü. Onun bilmədiyimiz xüsusiyyətlərini siz daha yaxşı bilərsiniz...

- Bilirsiniz, Qənirə xanım televizyada, ictimaiyyətdə statusundan aslı olaraq ağır xasiyyətli, sərt görünə bilirdi, amma məncə, bizim ailədə o, ən mülayim xarakterli, humanist, fədakar və cəfakeş bacı olub. Düşünürəm ki, ailədə deyil, xalq arasında da, toplum arasında da elə idi. Qənirə xanım, həqiqətən sevgi dolu insan idi, hər bir şeylə empatiya qura bilən biri idi. Biz işlə bağlı və ya ətrafımızdakılara əsəbiləşdikdə deyirdi ki, boş verin, bardağa dolu tərəfindən baxın. Sevgini göstərməyi sevərdi, insanları qucaqlamağı sevərdi. Bu dünyada ən önəmli şey sevgidir və Qənirə xanımı millətə, xalqa sevdirən də onun insani dəyərləri idi. Çünki Qənirə xanım özünü hamıdan biri kimi görürdü.

- Bu gün burada Qənirə xanımın da yeri görünür, təbii ki, sizin üçün də belədir. Birlikdə vaxt keçirdiyiniz müddətdə bacı kimi daha çox nələrdən danışırdınız, həmin günləri necə xatırlayırsınız?
 

- Qənirə xanım o qədər dolu insan idi ki, onunla danışa bilməyəcəyiniz mövzu yox idi. Bunu bacım olduğu üçün demirəm, o mənim həyatdakı idealım idi. Mən onun kimi olmaq istəmişəm, çünki o sənətdən sənəti, elmdən elmi çox gözəl bilirdi, mənəvi dəyərləri, humanizmi gözəl bilirdi. Elə mövzu yox idi ki, Qənirə xanım o mövzu açıldığı yerdə danışa bilməsin. Ona görə mən hər zaman deyirəm ki, o, tək mənim bacım yox, həm də müəllimim olub. Hər mövzuda onun yeri görünür.
 

- Bəs uşaqlıq illəri, o zaman da belə idi, necə xatırlayırsınız o günləri?
 

- Belə bir deyim var: insanın gələcəyi onun uşaqlığından bəlli olur. Qənirə xanım uşaqkən də ata-anaya, bacı-qardaşa münasibətdə çox fərqli idi. O, uşaq ikən belə özü üçün yaşamayıb, mən heç vaxt öncə özünü düşündüyünü görmədim, ailədə də belə idi. Təhsili, davranışları, xəyalları ilə bağlı düşünəndə belə öncəliyi ailə, ailə dəyərləri idi.
 

 - Elə bir şey olmadı ki, Qənirə xanım "Mən" desin?
 

- Qənirə xanımın heç vaxt "Mən"i olmadı, o həmişə "Biz" oldu. Heç bir mövzuda, heç vaxt özünü öncəliyə qoymadı. Hər zaman başqalarını düşündü, başqaları üçün çalışdı, istər ailədə, istərsə də cəmiyyətdə "Mən" yox, "Biz" olmaq üçün çalışdı.
 

- Qənirə xanım çox aktiv deputat olub, bu gün Bakıda idi, sabah başqa rayonda və ya ölkədə. Bu, onun ailəsi ilə olan münasibətinə təsir edirdimi, işini əsas götürərək ailə münasibətlərini ikinci plana atırdımı?

- Bəlkə də buna inanmayacaqsınız. Düzdür, Qənirə çox aktiv idi, dincəlmirdi, özünü düşünmürdü, bir gündə 3-4 saatdan çox yuxu yatmazdı və nə qədər işi önəmli olsa belə, ailəsini heç vaxt ikinci plana atmazdı. Mən xaricdə yaşayırdım, işimlə əlaqədar bəzən xəstələnirdim, yorğun olurdum, amma Qənirə nə qədər işi olsa da, başqa ölkələrdə yaşasaq da, 5 dəqiqəsini ayırıb zəng edib soruşurdu ki, sənin temperaturun var idi, necə oldun? Bəlkə də mən o qədər işin içərisində yadıma düşsə də, zaman tapıb o diqqəti göstərməyə bilərdim. Amma Qənirə üçün fəri yox idi mən, qardaşlarımız, anamız - heç kimi ikinci plana qoymurdu. Mənim çevrəmdəki insanlar da tanıyırdı Qənirə xanımı, onun nə qədər çalışdığını, buna baxmayaraq mənə vaxt ayırdığını görəndə təəccüblənirdilər.
 

 - Qeyd etdiniz ki, Qənirə xanım heç vaxt "Mən" deməyib, amma insan nə qədər də olmasa, gələcəyi ilə bağlı həmişə düşünür. Sizcə, Qənirə xanım gələcəkdə özünü harada görürdü?
 

- Qənirə xanım, iki idealist müəllimin övladı idi - Ələsgər Paşayevin və Tehran xanım Nağıyevanın. O, elə bir ailədə göz açmışdı ki, bu ailə "övladlarını vətən, millət və xalq üçün yetişdirmək" ideologiyasına xidmət edir, uşaqlarına belə tərbiyə verirdi. Qənirə xanım üçün fərqi yox idi ki, gələcəkdə harada olacaq. Onun üçün əsas missiya bu idi: kim olursan ol, hansı vəzifədə çalışırsan çalış, fərqi yoxdur, Vətən, Xalq, Dövlət, Millət üçün vicdanla, sədaqətlə, sevgi ilə fəaliyyət göstər. Mən düşünmürəm ki, Qənirə xanımın hər hansısa statusla bağlı planları var idi. Mən bunu heç zaman duymadım, görmədim. O bir sevda, bir dava insanı idi. Onun sevdası Azərbaycan, onun davası Türk dünyasının birliyi idi. Bu toxumlar onun şüuruna ailədən yerləşmişdi.
 

- Türk dünyasından danışdınız, Qənirə xanımın Türk dünyasına yanaşması və onun itkisinə Türk dünyasından gələn reaksiyalar necə oldu?
 

- Mən Türkiyədə yaşayıram, yenə deyirəm, Qənirə xanım sevda insanı idi və insanlar bunu duyur, onun mücadiləsini görürdü. Qənirə xanım Asiya ölkələri Parlament Assambleyasının sədr müavini idi, Milli Məclisdə Mədəniyyət komitəsinin sədri idi, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvü idi, bir çox qurumlarda təmsil olunurdu. O, millət vəkili olmazdan əvvəl də, jurnalist kimi çalışdığı zaman tribunaya çıxarkən tək Azərbaycan üçün deyil, bütün Türk dünyası naminə mücadilə edirdi və Türk dünyası da bunu görürdü. Qənirə təmannasız, arxasında özü ilə bağlı bir planı olmadan sevgisi və səmimiyyəti ilə Türk dünyasının birliyi, bərabərliyi üçün çalışıb. O, bir çox kitabların müəllifidir, bir çox aydınların haqqında yazılar yazmışdı. Qənirə xanımın yolu Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralının yolu idi, o düşünürdü ki, Azərbaycanın gücü Türk dünyasının birliyindən keçir. Necə demişdi Qaspıralı: "Dildə, fikirdə, işdə birlik".

Qənirə xanım Azərbaycanın gücünün bu platformada olacağının fərqində idi. Biz bunu müharibə dövründə də gördük, nə qədər birlik, bərabərlik olacaqsa, çox böyük zəfərlər yaşayacağıq, böyük gücümüz olacaq.

Mən 11 il Türkiyədə yaşamışam və Qənirənin də ən çox səfər etdiyi ölkə Türkiyə olub. Mənim bütün dost-tanışlarım, yaxınlarım deyirdi ki, Qənirə xanım Türkiyədədir, biz onu görmək istəyirik, xahiş edirik ki, şərait yaradın. Mən onlara cavab olaraq bildirirdim ki, düzdür, o, Türkiyəyə gəlib, amma siz onu nə qədər görmüsünüzsə, mən də o qədər görmüşəm.

Statusunun gətirdiyi fəaliyyəti ilə bərabər hər zaman toplum içərisinə çıxardı, Türkiyədəki şəhid ailələri ilə, ziyalılarla, orada təhsil alan tələbələrlə görüşərdi. Fərq etməz o tələbələr Azərbaycandandır, ya da Türkmənistandan, Qazağıstandan - bütün Türk dünyasından olan tələbələrlə vaxt keçirərdi. Bir saatı da olsa, o həmin vaxt xalqın arasında olardı. Təbii ki, onun itkisi bütün Türk dünyasına təsir etdi. Mənim azərbaycanlı olduğumu bilən türklər də həmişə Qənirəni soruşurlar, onun ölüm xəbərini eşidib ağlayanları da görmüşəm. Bunları gördükcə  anlayırsan ki, həyatda ən önəmli şey könülləri qazanmaqdır.
 

- Sizinlə danışdıqca görürük ki, həyata nikbin baxırsınız. Qənirə xanım yanınızda olmasa da, sizi daha toxtaq gördük, bu təsəllini haradan tapırsınız?
 

- Bilirsiniz, gözəl bir söz var: gedən cismimdir, ruhum sizinlədir. İnsanlar bu həyatda vəfat edir, amma çox az insan olur ki, o əbədiləşir, çox az adam olur ki, onun fiziki ömrü mənəvi ömürdə davam edir. Mən əminəm ki, o, cismən bizim aramızda olmasa da, nə qədər ki Azərbaycan, Türk Dünyası var - Qənirə xanım fəaliyyəti, əməlləri, insanlığı ilə hər zaman yaşayacaq. Mən də özümdə təsəllini bu cür tapıram, o, fiziki olaraq burada deyil, biz biri-birimizi görmürük, amma mənim həyatımın hər anında, hər nöqtəsində Qənirə xanım var və olacaq.

Qənirə xanım həmişə deyirdi ki, nə qədər yaşamaq önəmli deyil, necə yaşamaq önəmlidir. Qənirənin 48 illik qısa həyatında iki ömrə sığacaq fəaliyyəti oldu və ona olan sevgi mənim üçün bu gün əsas motivasiyadır. Qənirə xanım ölümü ilə də insanlara necə yaşamaq, necə davranmaq lazımdır - onu öyrətdi. Mən Qənirənin ölümündən sonra yenidən böyüdüm və ondan sonra necə dəyişdiyimi gördüm. Qənirə xanım həmişə öyrətmən olub, ölümü ilə də o bizə çox şeyi öyrədib getdi.
 

 - Həmin günü necə xatırlayırsınız, xəbəri kimdən eşitdiniz, özünüzü necə ələ aldınız?
 

- Qənirə xanım o qədər güclü idi ki, insan onun xəstələnəcəyinə, səhhətinin pisləşəcəyinə inanmırdı. Çünki mən o xəstə olarkən də xarici səfərlər getdiyini, tribunalarda çıxış etdiyini görmüşdüm. Ona görə də bizi tərk edəcəyinə heç inanmazdım. O qədər güclü idi ki, öz-özümüzə "Qənirə xəstələnə bilməz" mifini yaratmışdıq.

Xəbəri alanda Türkiyədə idim. İnanmaq istəmirdim, çox çətin idi bunu qəbul etmək...

- Qənirə xanımın vəsiyyəti ilə bağlı hələ onun sağlığında mediada ciddi müzakirələr getdi. Demişdi ki, həyatını itirdikdən sonra orqanlarını bağışlamaq istəyir. Bu vəsiyyəti haqqında danışmağınızı istərdik, başqa hansı istəkləei vardı, onlar yerinə yetirildimi?
 

- Bilirsiniz, Qənirə xanım mənən çox sufi bir insan olub. Onun üçün madiyyat yox dərəcəsində idi, hər şeyin bu dünyanın insanlara, insanlığa xidmət üçün var olduğunu düşünən biri idi. O, həmişə deyirdi ki, ölüm hər an insanın qapısını döyə bilər, amma hər zaman gözəl yaşamağı, insanlara xidmət etməyi vəsiyyət deyil, tövsiyə edərdi.

Orqanlarını bağışlamaq məsələsinə gəldikdə, həkimlər bunun açıqlamasını verdilər. Qənirə xanım çox ani xəstələndi, bir müddət reanimasiyada qaldı. Bu da onun orqanlarına ciddi mənfi təsir göstərdi, onları istifadə etmək mümkün olmadı. Amma biz ailə olaraq Qənirə xanımın bu addımını alqışlayırdıq. Bu vəsiyyət insanlığa xidmət idi. Qənirə düşünəndə ki, öldükdən sonra kiminsə həyatını xilas edə bilər, tərəddüd etmədən bu qərarı vermişdi.
 

- Geriyə baxdıqda bu 1 il - Qənirəsiz dünya və ondan əvvəlki illər - Qənirəli dünya arasında hansı fərqləri görürsünüz?
 

- O qədər kamil, müdrik insan idi ki... Onun yeri hər zaman görünəcək. Ailədə kiminsə məsləhətə ehtiyacı olduqda ona müraciət edirdi, bilirdik ki, bizi düz yola yönləndirəcək. Qənirə xanımın yeri hər gün yox, hər an bilinir. O necə davranardı, necə rəftar edərdi - biz bunu həmişə düşünürük. Mən son 1 ildə də həyatın Qənirəsiz olduğuna inanmıram. Həyat Qənirə xanım öldükdən sonra da Qənirəlidir. Bizim burada olmağımızın səbəbi Qənirəsizlik deyil, bunun səbəbi Qənirənin var oluşudur. Mən inanıram ki, Qənirəni özünə ideal seçən çox sayda gənc olacaq, onun fikirlərini, dəyərlərini həyata keçirən minlərlə Qənirələr doğulacaq və bizim Qənirə də onlarla birlikdə yaşayacaq. Ona görə də mən Qənirəli və Qənirəsiz dünya anlayışını qəbul etmirəm.
 

Söhbətə mərhum Qənirə Paşayevanın anası Tehran Nağıyeva da qoşulur:

- Qonaqpərvərliyiniz üçün təşəkkür edirik, Tehran xanım... Qənirə Paşayeva övlad kimi necə biri idi?

- Mənim üçün danışmaq çox çətindir. O, uşaqlıqdan qeyri-adi idi - valideynlərinə diqqət, sözə baxmaq, bacı-qardaşın qeydinə qalmaq - elə bil yaşından çox böyük idi. Çox hafizəli, zehinli idi. Digər uşaqların 10-11 yaşda qavradığını, o, 5-6 yaşdan başa düşürdü. Ataları ədəbiyyat müəllimi idi, tez-tez bunlara tapmaca deyərdi, hamıdan əvvəl Qənirə cavab verirdi, bacı-qardaşlarına imkan verməzdi. Təkcə dərslərini oxumaqda deyil, həm də təsərüffatda da qoçaq idi. Məktəbdən onları üzüm dərməyə aparırdılar, hamıdan çox üzüm yığardı, həmişə zarafatla deyirdilər ki, sənə "Sosialist Əməyi Qəhrəmanı" adı vermək lazımdır. Nə iş görürdüsə, ən yaxşısını etməyə çalışırdı.
 

- Biz nə qədər böyüsək də, analarımızın gözündə həmişə uşaq qalırıq. Nəzərə alsaq ki, Qənirə xanım davamlı olaraq işləyirdi, daim səfərlərdə idi, siz ona bununla bağlı nələr deyirdiniz?
 

- Onun işləməyi, insanlara kömək etməsi, xeyirxahlığı, vicdanlı olmağı hər cəhətdən xoşuma gəlirdi. Amma təbii ki, bir ana kimi o qədər işləməsi məni çox incidirdi. O, öz normasından çox işləyirdi. Pandemiya vaxtları elə olurdu ki, səhərə qədər yatmırdı. Mən onun həddindən artıq  yorulmasından, istirahət etməməsindən narahat olurdum. Hamı istəyər ki, övladı işini yaxşı görsün, insanlara kömək etsin, amma eyni zamanda özünə də fikir verməlidir, axı.
 

 - Xəstələndiyi ərəfədə siz nə düşünürdünüz?
 

- Bir ana kimi arzulayıram ki, heç bir valideyn övlad dağı görməsin, övladını itirmək çox çətindir. Mən çox narahat olurdum, amma o qədər ümidim var idi ki, sağalacaq, yaxşı olacaq.

- Qənirə xanım kimi güclü insanın anası olmaq çətin idimi?
 

- Elə biri övladın olması bir ana üçün qürur mənbəyidir. Mən baxıb sevinirdim ki, belə bir övladım var, hamı onu sevir, amma yenə deyim ki, onun çox yorulmağı, istirahət etməməsini görmək çətin idi.

- Qənirə xanım kifayət qədər yenilikçi biri idi. Hələ 90-cı illərdə jurnalist işləyərkən Qarabağın qaynar nöqtələrindən reportajlar hazırlayır, davamlı olaraq xarici ölkələrə gedib-gəlirdi, narahat olurdunuz?
 

- Qənirənin iş prinsipi elə idi, həmişə işləməli, yeni şeylər axtarmalı idi. Bir dəfə o bizə dedi ki, Suriyaya gedirəm, narahat olmayın, amma İraqa getmişdi, onda ən pis vəziyyət orada idi. Gürcüstanda yaşayan qaynım zəng etdi ki, Qənirəni "Əl-Cazair" telekanalında göstərirlər - İraqa gedib, orada nə işi var?. Bilirdi ki, narahat olacağıq, belə olan halda hara səfər etdiyini bizdən gizlədirdi. Qənirə İraqdan gələndən az sonra orada bomba partlamışdı, nə qədər jurnalist həlak olmuşdu. Bəzi şeyləri gizlində edirdi, nə istəmirdi biz narahat olaq, nə də ki işi axsasın.
 

 - Övlad itkisi çox ağırdı, təsəlli üçün Qənirə xanımın hansı əşyalarını qoruyursunuz?
 

- O qədər əşyalarını saxlayıram ki... Qənirəsilik dövrünü çox ağır keçirdim, indi yadıma düşəndə belə həyəcanlanıram, sözlər yadımdan çıxır. Məni yaşadan ona olan böyük sevgi oldu - dövlətin, xalqın sevgisi... Allah Prezidentimizi, Mehriban xanım Əliyevanı qorusun. Qənirənin sağalması üçün əllərindən gələni etdilər. Xalqımız həmişə bizim yanımızdadır, eyni zamanda Türkiyə başda olmaqla Türk dövlətləri də yanımızda oldu. Onsuz da gec-tez hamımızın sonu ölümdür, amma mənim qızım şərəfli ömür yaşadı, bu da ən böyük təsəllimdir. O təsəlli olmasaydı mən bəlkə də məhv olardım, çünki ağır idi onu itirmək, çox ağır idi...
 

 - Həyat yoldaşınızı erkən itirmisiniz, Sizin üçün hansı daha çətin oldu: həyat yoldaşınızı itirmək, yoxsa qızınızı?
 

- Əzizini itirmək çətindir, həyat yoldaşını da itirmək çox ağırdır, amma övlad itirmək dəhşətdir. Övlad itkisi başqadır.
 

 - Qənirə xanımla yol yoldaşı da olmusunuz. Yol yoldaşı olaraq necə biri idi?
 

- İstər yolda olsun, istər evdə - Qənirə mənə həmişə xüsusi qayğı göstərib, o, özünü mənim anam hesab edirdi.

- Hansı nəvəniz ona daha çox bənzəyir?
 

- Nəvələrim çox ağıılı, savadlıdırlar. Onların gələcəyi ilə bağlı çox ümidim var. Bəlkə biri, bəlkə bir neçəsi Qənirə kimi yaşayacaq... Mən onlardan çox çox razıyam, gələcəklərinə çox inanıram. Qənirə kimi olacaqlar.

 - Ailədə Qənirə xanımın itkisindən daha çox sarsılan kim oldu, təbii ki, sizdən sonra.
 

- Bizim ailədə hamı çox pis oldu, hamı əziyyət çəkdi, indi də çəkirlər, amma ən çox kövrələn Aslandır. Qənirə balaca vaxtından oğlum Aslanla çox vaxt keçirirdi. Qənirənin 6-7 yaşı olanda Aslanın 3 yaşı olardı, mən müəllim idim, gedirdim işə, qayıdanda ev işləri ilə məşğul olurdum,  qayğılarım çox idi. Həmin vaxtlar Qənirə Aslanın həmişə yanında olurdu, ikisi yan-yana gəzirdilər, çox qayğı göstərib Aslana. Ona görə bu itkidən ən çox sarsılan, ən çox kövrələn də Aslan oldu.
 

- Ağırdır, amma soruşmaq istərdik, məzarını tez-tezmi ziyarət edirsiniz, nələr keçir ürəyinizdən?
 

- Lap tez-tez gedirəm uşaqlarımla, qohumlarımla. Hər dəfə gedəndə görürəm ki, qəbri çiçəklərlə örtülüb, bu da mənə çox təsəlli verir. Məzarı başında ağlayıram, danışıram onunla. Deyirəm ki, hər işin yaxşı oldu, mən səndən çox razı qaldım, qayğıkeş oldun, amma bir şeydən narazıyam ki, öz canına baxmadın, mən səni dincələn görmədim. O da cavab verir ki, insanlara kömək lazım idi, mən də etdim.
 

 - Sizin ana kimi qızınızla bağlı arzularınız nə olub?
 

- Qənirə hədisiz təvazökar idi, o qədər işlər görürdü, amma bizə danışmırdı. O dünyasını dəyişdikdən sonra bizə məlum oldu ki, sən demə Qənirə bildiyimizdən daha çox şey edib. Arzularım o idi ki, canı həmişə sağlam olsun, uzun ömürlü olsun, hərtərəfli xoşbəxt olsun. Ana övladın həmişə xoşbəxt görmək istəyər.
 

Qardaşı qızı Banuçiçək Paşazadə:

- Banuçiçək adı çox gözəldir. Bu adı sizə kim verib?
 

- Adım xalqımızın əsrlərlə formalaşdırdığı "Dədə Qorud" dastanından götürülüb. Adımı Qənirə bibim qoyub, düşünürəm ki, o bu adı mənə təsadüfən qoymayıb, Banuçiçək sıradan bir obraz deyildi, o, çox sədaqətli, zəkalı qadın idi və mən bibimə çox minnatdaram. Çünki bu ad mənə xeyirxahlıq, sədaqətlilik və cəsurluq kimi dəyərləri uşaqlıqdan dərk etməyimə səbəb olub. Bibim məni həmişə elə bir şəxs kimi görmək istəyirdi və mən həyatım boyu çalışacam ki, bu yolla addımlayım və onun arzusunu gerçəkləşdirim.
 

 - Belə bir ad daşımağın mənəvi çətinlikləri var?
 

- Mən məktəbə gedəndə adımla bağlı çox suallar verirdilər, bəziləri hətta gülürdü. Mən də evə gəlib ağlayırdım, hətta bibimin yanında da ağlayıb demişdim ki, niyə mənə belə ad qoymusan... Sonra bibimlə "Dədə Qorqud" filminə baxdıq, orada Banuçiçək obrazını gördüm və ondan sonra bu adın mənasını, mənəvi dəyərini daha yaxşı anladım. O hadisədən sonra adımı qürurla daşıyıram.
 

 - Bibinizlə birlikdə vaxt keçirəndə ondan nəyi öyrənirdiniz?
 

- Bibim nə qədər məşğul olsa da, bizimlə çox vaxt keçirməyə çalışırdı. Mənim üçün onun ən dəyərli tövsiyəsi bu idi ki, həyatda hansı peşəni seçsən, o peşədə yaxşı olmaq çox vacibdir, amma ən əsası yaxşı insan olmaqdır. Böyüdükcə bunu daha yaxşı başa düşürdüm. Bibim çox xeyirxah insan idi və mən çalışıram ki, onun kimi olum. Həyatında hansısa problem olanda heç vaxt ərafındakı insanlara bildirmirdi, həmişə mökəm dururdu və bu mənim üçün ən vacib dərs idi. Ondan yaxınlarımın yanında olmağı, güclü dayanmağı öyrəndim.
 

 - Qənirə xanımın vəfatı ailənizin hər bir üzvünü sarsıdıb, siz nənənizə və digər yaxınlarınıza necə dəstək oldunuz?
 

- Çətin günlər idi, bu hadisə baş verəndə hamımız çox pis olduq, amma anlayırdıq ki, daha çox nənəmiz sarsılıb. Çünki bir ana üçün övlad itkisindən daha pis nəsə yoxdur. Mən 3 aya yaxın nənəmin yanında qaldım, hər gün bir yerdə idik, bu müddətdə onu sakitləşdirməyə çalışırdıq, həmişə hiss etdirirdik ki, bibimiz fiziki olaraq yanımızda olmasa da, mənəvi olaraq bizimlədri. Həmişə ona xatırlatmağa çalışırdım ki, bir insan o vaxt ölür ki, onun xatirəsi bu dünyada qalmır, amma bibimin xatirəsi daha çox yaşayacaq.
 

- Bibinizlə yol yoldaşı da olmusunuz, vaxtınızı necə keçirirdiniz?
 

- Bibimlə bir çox ölkələrə getmişəm, istər istirahət üçün, istərsə də işlə bağlı. Mən həmişə bibimin iş prosesini müşahidə edirdim, uşaqlıqdan onun kimi olmaq istəmişəm, buna görə də universitetdə ixtisas seçimi edərkən Beynəlxalq əlaqələr ixtisasını seçdim. Bu ixtisası seçməkdə bibimin xarici səfərlərdəki təcrübəsi mənə kömək oldu.
 

 - Bəs evdə olanda necə, sizə vaxt ayıra bilirdi?
 

- Mənim dostlarım həmişə deyirdilər ki, sənin bibin çox sərt adama oxşayır, ondan utanıb çəkinmirsənmi?. Əslində elə deyiliydi, əksinə, mən anam və atamla müzakirə edə bilmədiyim şeyləri bibimlə müzakirə edirdim. Mənim bir əhvalat yadımdadır, bibim hansısa tədbirə gedirdi, çox tələsirdi. Yeniyetməlik dövründə çox həssas idim və bir çox şeyə ağlayırdım, heç kimə problemlərimi demirdim. Həmin vaxt düşünürdüm ki, heç kim məni başa düşməz. Bibim gördü ki, mən ağlayıram, gəldi yanıma, mən də 1 saata yaxın heç nə demədim ona. Bibim isə ciddi bir tədbirə getməyib mənim yanımda qaldı. Mən həmin gün başa düşdüm ki, bibim üçün bizdən daha önəmli heç nə yoxdur.
 

 - Bibinizdən sizə hansı hədiyyə, xatirə qalıb?
 

- Bibim komaya düşməzdən 2 gün əvvəl bir tədbirə gedəndə mənə boyunbağı bağışladı. Şəkillərinə baxsaq görərik ki, o boyunbağıdan özü də çox istifadə edib. Sonuncu gün elə həmin vaxt görmüşdüm bibimi.. O anlar ömür boyu yadımdan çıxmayacaq, həmişə o hədiyyəni qoruyub saxlayacam.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qışda kondisionerdən istifadənin zərərləri
Azərbaycanda virus yayılıb: qorunmağın yolu
Azərbaycanlı idmançı öldü - FOTO

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi