Sentyabrın 25-dən Bakı Dairəvi Dəmir yolu xəttində qiymətlər artırılacaq.
Oxu24.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
"Həmin tarixdən Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada yeni qiymət siyasəti tətbiq ediləcək. Sərnişinlər minimum 40 qəpik ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 10-20 qəpik artırılacaq", - deyə o qeyd edib.
"Bütün bu yeniliklər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir və tətbiq olunan yeni qiymət siyasəti daha təhlükəsiz və keyfiyyətli xidmət təqdim etməyə yönəlib. Yeni dinamik qiymət siyasəti müştərilərə daha geniş seçim verir: “Dünya təcrübəsinə nəzər salsaq, Rusiya Dəmir Yolları yüksək tələbatlı marşrutlar üzrə dinamik qiymətqoyma strategiyasından istifadə edir, Belarusiya Dəmir Yollarında rezervasiyalar və qeyri-pik vaxtlarda endirimlər təklif olunur, Avropa ölkələrinin bir çoxunda isə biletin alındığı müddət, doluluq faizi, yer seçiminə görə qiymətlər dəyişir. Artıq ADY sərnişinləri də ölkədaxili istiqamətlərdə səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilərlər. Qiymətlər alış tarixinə, həftənin gününə, bayramlara və oturacaq istiqamətinə görə müəyyən edilir. Bu dinamik tarif modeli erkən bilet alan sərnişinləri mükafatlandırır, həmçinin öncədən əlavə qatarların (reyslərin) təyin edilməsi baxımından ADY üçün planlaşdırma imkanları yaradır”, - deyə ADY rəsmisi əlavə edib.
ŞƏRHLƏR