Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118306
az

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını AÇIQLADI

10:2918 Sentyabr, 2024
100
İQTİSADİYYAT
  • A

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.

Oxu24.com xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.

Ötən iclasdan bəri illik inflyasiya yüksəlsə də, hədəf diapazonu (4±2%) daxilində olub. Belə ki, 2024-cü ilin avqust ayında 12 aylıq inflyasiya 3.5%, ərzaq malları üzrə inflyasiya 3%, qeyri-ərzaq malları üzrə 1.8%, xidmətlər üzrə 5.6% təşkil edib. İllik baza inflyasiya isə 2.4% olub.

İnflyasiyanın xarici fonu ümumilikdə sabitdir. Bu dövrdə manatın nominal effektiv məzənnəsinin (2024-cü ilin 8 ayında 2.8%) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.

Tədiyə balansının cari əməliyyatlar hesabında 2024-cü ilin ilk 6 ayında 2.6 mlrd. ABŞ dolları və ya ÜDM-in 7.5%-i səviyyəsində profisit olub. Cari hesabın başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin ilk 8 ayında 5.5 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Ölkənin strateji valyuta ehtiyatları 8 ayda 6.1% artaraq 72.6 mlrd. ABŞ dollarına çatıb.

Cari ilin 8 ayında dövlətin birbaşa valyuta xərclərinin (o cümlədən xarici dövlət borcuna xidmət) artımı, eləcə də ölkədə fəaliyyət göstərən müəssisələr tərəfindən ticarət kreditləri üzrə öhdəliklərin azaldılması ilə bağlı artan valyuta tələbi Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında tam təmin edilib. İlin qalan dövründə dövlətin birbaşa xarici valyutada artan xərclərinin (COP29 və digər dövlət xərcləri) icrasına dəstək məqsədilə Mərkəzi Bankın valyuta bazarına satış yönlü müdaxiləsi istisna olunmur. Bu əməliyyatlar Mərkəzi Bank tərəfindən 2022-2023-cü illərdə valyuta bazarına edilmiş 4.2 milyard ABŞ dolları həcmində alış yönlü müdaxilə nəticəsində əldə edilmiş xarici valyuta hesabına aparılacaqdır. Gözlənilən satış yönlü valyuta müdaxiləsi həm də əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verəcəkdir.

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq sterilizasiya əməliyyatlarının ilin əvvəlindən həcmini kəskin azaldıb. Mərkəzi Bankın emissiya etdiyi notların həcmi cari ilin 8 ayında 45.6% azalıb. Avqust ayında 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 7.28% olmaqla (iyulda 6.96%) faiz dəhlizinin daxilində uçot dərəcəsinə yaxın formalaşıb. Ümumilikdə 1D AZIR indeksi ilə uçot dərəcəsi arasındakı fərq avqustda tarixi minimumuna enib. Avqustda iş günlərinin 59%-də 1D AZIR indeksi ilə uçot dərəcəsi arasındakı spred 0.05%-i (həm müsbət, həm də mənfi spred) keçməyib. Təminatsız bazarda 1 gün ərzində baş tutan əməliyyatların orta həcmi də avqust ayında maksimum həddə (534 mln. manat) çatıb.

Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyi başlıca xarici inflyasiya riski hesab olunmaqdadır. Aparıcı iqtisadiyyatlarda monetar şərait sərt olaraq qalır. Lakin dünyada inflyasiya təzyiqlərinin azalması şəraitində aparıcı ölkələrdə mərkəzi bankların faizləri tədricən azaldacağı ehtimalı yüksəlir. İnflyasiyanı artıra biləcək daxili risk faktorlarına isə xərc amillərinin aktivləşməsi, habelə büdcə xərclərinin artımı (cari ilin 8 ayında ö.i.m.d.n. 8.3%) və kredit qoyuluşlarının genişlənməsi vasitəsilə məcmu tələbin izafi artımı aiddir. Qeyd edək ki, son 1 il ərzində bank sisteminin kredit portfeli 19.5%, o cümlədən biznes kredit portfeli isə 18.4% artıb.

Ümumilikdə, mövcud monetar şərtlər inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu sabit qalır.

Mərkəzi Bank əsas makroiqtisadi göstəricilər üzrə yenilənmiş proqnozlarını 2024-cü ilin oktyabr ayının sonunda elan edəcək.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq.

Bu qərar 19 sentyabr 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il oktyabr ayının 30-da açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qızıl bahalaşdı
Azərbaycan      nefti      bahalaşdı
Doğum və uşaqlara qulluq müavinətləri   artırıla   bilər

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+