Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118211
az

Rafael Hüseynov-70: Vaxtdan ucada - Sərvaz Hüseynoğlu yazır

21:2016 Sentyabr, 2024
69
CƏMİYYƏT
  • A

Bütün müqəddəs, səmavi kitablar anladır ki, yeddi arxa dönənini unutma, doğmalarına baş çək, qoxusunu al...

Onun doğmaları, ən yaxın olanları Mövlana Cəlallədin Rumidir, Şəms Təbrizidir, Füzulidir, Mir Mövsüm Nəvvabdır, Cabbar Qaryağdıoğludur, Xan əmidir, Seyiddir, Zülfüdür, Yavər Kələntərlidir, üstəgəl, bu sıradan olan yüzlərlə ustadlarımız, sənət korifeylərimizdir. "Elə bil onların ailəsində doğulub" (F.Qoca), elə bil lakmus kağızı kimi onların ruhunu, varlığını özünə çəkib, özününküləşdirib; xatirələrini əziz tutmaq, daha uzun zamanlara götürmək üçün. Yeni həyat, yeni nəfəs vermək naminə. Rafael Hüseynov "Yurdun adındakı can" kitabında taleyindən söz açdığı şəxslərdən biri barəsində yazır ki, Abbasəli bəyin nəzərində vətənin tarixi və unudulmaz övladları ilə bağlı hər yadigar, hər kağız parçası qiymətə sığmayan incilərdir.

Bu fikirlər həm də ona görə xüsusi minnətdarlıq duyğusu, qədirbilənliklə oxunur ki, deyilən fikirlər eynilə Rafael müəllimin öz yazılarına da aiddir. Mayası eyni xəmirdən tutulanların, torpağı eyni yerdən götürülənlərin yazıya münasibəti belədir.

Sənətin atəşi-eşqi canına can qatan, bu yolda cana can fəda etməyin örnəyini yapan görkəmli bilim, irfan əhlidir Rafael Hüseynov.

"İlkdən, əzəldən tapındığı həqiqətdir ki, ta bilinə hər kisinin təbi ilə haləti ( Babur Şah).

***

Mədəniyyət tariximizin inkişafına böyük əmək sərf etmiş insanların tərcümeyi-halına, sənət yoluna ilahi, xüsusi heyranlıqla nəzər yetirdi Rafael Hüseynov. Ədəbiyyat, mədəniyyət işinə baxışlarında o, eynən Şah İsmail Xətai demiş, sufidir təriqətdə, həqiqətdə abdaldır.

"Xətti, ruxi-cananı" (Ruhi Bağdadi) oxuya bilməsinin kamilidir. Düşüncələrinin bəndini açdıqca gözəl olanlardandır.

Füzulidən yazdıqca Füzuliləşdi! Mir Mövsün Nəvvabdan yazdıqca Nəvvablaşdı! Caviddən yazdıqca Cavidləşdi!

Üzeyirləşməyin yolunu Üzeyir bəydən yazmaqda buldu. Müslümün sənət ağrılarını öz yaşamı, həyatı bildi. Cabbarlaşdı, Seyidləşdi, Bülbüldə, Xan əmidə, Seygah İslamda, Zülfüdə, Yaqub Məmmədovda yaşadı...

Məshəti Gəncəvidən, Xurşidbanu Natəvandan, Nigar bint Osmandan, Nigar Rəfibəylidən, Mişkinaz Caviddən, Yavər xanımdan, Fatma Muxtarovadan yazmağı əsl kişilik bildi.

Bir-bir sayıb, sadalamaq adlar siyahısına çevirər təqdim edilən bu yazını; yüzlərlə səhifə dolar, qapanar! Çeşidli adlar siyahısını yaddaşımda canlandırdıqca qos-qoca türk ozanı Yusif dədənin örnək deyiminə əl aparası oluram: "Salam olsun insanın sevgi üfiqlərinə".

Bu sevgi üfiqlərinin əhatəsində adları sıralanan sənətkarlar Rafael Hüseynovun yozumlarında yenidən yaşayır, gələcək sabahlara açılırlar.

Rafael Hüseynovun yanaşmasında söz və musiqi sənətimizin korifeyləri harmonik şəkildə bir-birini tamamlayır, biri obirisi üçün yeni sənət üfiqləri açır. O, niyə və nədən yazdığının fərqində olan ustadlardandır. Yazmaqdan daha çox yaşadır, yazmaqdan daha çox anladır. Yazmaq onun üçün yaşatmaq və anlatmaq vasitəsidir. Haradasa qos-qoca qədim bir qramofon valına bənzəyir; hər dövrəsində, fırlanışında bütöv bir xalq sənəti xəzinəsinə nəfəs verir, onu həyata qaytarır və bitib-tükənməz sabahlara qovuşdurur...

Onun yaradıcılığı ölümsüz, əbədiyaşar sənət (və sənətkar) həqiqətlərinin etiraf məkanıdır. Səmimi, sadə, bütün gerçəklikləri özündə ehtiva edən məkan!

Vaxtdan ucada dayana bilənlərin yanındadır Rafael Hüseynov. Bir ömürdə (bəzən bir iş günü daxilində) çox sayda ömür yaşaya bilməyin aşiqi, xoşbəxtidir.

 

***

Ədəbi zövqümün, üslubumun, sənətə baxışımın formalaşmasında fövqəladə yeri olan fikir adamı haqqında yazıram. Üslubu, fədakarlığı, zəhmətkeşliyi, heyranlığı, zövqü ilə həmişə iç dünyamda (və önümdə) olan ustadım barəsində...

Ədəbi-mədəni həyatın çox ünlü, tanınmış simaları barəsində elə onların özləri qədər tanınan bilim adamları dərin sayğılarla möhtəşəm əsərlər yazıb, fikirlər səsləndiriblər. Amma elə ki, bu yazılanlar və deyilənlər sırasında Rafael Hüseynovun fikirləri yer alır, mənzərə tamamilə dəyişir, ovqat yenilənir, elə bil, hər şey təzədən başlayır, sanki zorlu bir deprem gerçəkləşir. Təptəzə aləmin mənzərəsi açılır qarşında. Rafael Hüseynov üslubunun sehri bu təzəlikdə, mükəmməlikdədir.

Rafael Hüseynov mənim ədəbi taleyimə yazılarından çox-çox əvvəl Səslə daxil olub. İlk gənclik illərimdə. O zaman ailəmizin dağ-aran arası köçəri həyatına balaca əl radiosu da qatılmışdı. Həftənin bəlli bir günündə və saatında efir məkanında "Axşam görüşləri" verilişini dinləməyin vaxtını qaçırmazdım. Xüsusilə də Rafael müəllimin hazırladığı proqramı. Həmin proqramın "Yanlış da bir naxışdır" bölümünü izləməyin bir ayrı ləzzəti vardı. Rafael müəllimin yatımlı, nostalji nəsəssalmalarla izlənən səsi o verilişinin ovqatına xüsusi bir rəng qatırdı. Dinləyicini ovsunlayırdı. "Neydə insan səsinin yanğısı" olduğuna inandırırdı. Şamaxılı ustad xanəndə Mirzə Məhəmmədhəsənin, bakılı Seyid Mirbabayevin və başqalarının küskün taleyi onun təqdimatlarında unudulmaz bir röya, əfsanə kimi tarixləşir, yeni ömür qazanırdı. Və bu təqdimatlar zamanı "heç kəs onun qədər kövrəldə bilməz"di. Rafael müəllimin təqdimatlarında qəribə bir sehr, cazibə var. Elə ilk kəliməsindəncə dirilik, təzələnmə havasına bülənd olursan, zamansız bir aləm alır, aparır səni. Xalq yazıçısı Anarın qeyd etdiyi kimi, özün də onun maraqlı müsahibinə dönürsən. "Həyəcanlanırsan, kövrəlirsən... Qəhər anları ilə birlikdə fərəhli saatları, acı günləri yaşayırsan, sevinirsən, dərdlənirsən, bəzən də yanıb-yaxılırsan. Ancaq bütün bu hissləri keçirə-keçirə ən çox fikrə dalırsan. Vaxt haqqında, vaxtın içində ömür sürən İnsan haqqında, onun Baxtı barədə düşünürsən..."

Bütün səmimiyyətimlə qeyd edirəm ki, ədəbi taleyimin formalaşmasında Rafael Hüseynovun "Vaxtdan uca", "Min ikinci gecə", "Yurdun adındakı can" kitablarının fövqəladə, unudulmaz yeri var. Məni sənətə götürən yollarda körpüyə, dost əlinə dönüb bu kitablar.

 

***

"Mən bu şeiri bilmirdim, oxumamışdım, amma yüz şairin şeiri içində "Qız qalası - qulaq asır, həzin olur, bəsin olur" qafiyələrinin atamın olduğunu tanıyardım"...

Anarın "Sizsiz"indəndir bu sətirlər. Unudulmaz Rəsul Rzanın tanış üslubu barədə belə yazır... Bu sətirlər həm də mənim Rafael müəllimin yazı tərzi haqqında olan qənaətlərimin ifadəsi kimidir.

Min-min yazı, mətn içindən gözlərim (və ruhum) alır ki, bu, məhz Rafael Hüseynovun üslubuna, məhz onun ədəbiyyatımıza gətirdiyi dolğun "sənədli roman" icadına bağlı deyimlər, xatırlamalardır: "Biz hamımız ölüb gedəcəyik. Bu sözlərsə ölməyəcək, daim qalacaq, müdam diri olacaq, həmişə dirilərlə olacaq..."

Yaxud: "Qəlb ağrısı ilə yazıram - Azərbaycan Şəms Təbrizini tanımır... Adını bilmək hələ tanımaq deyil..."

Yaxud: "Görüşdülər, dost oldular, qardaş oldular, iki bədəndə bir can oldular və Cəlaləddin Rumi MÖVLANA-ya çevrildi. Sözə hökm edən ŞAİR-ə döndü..."

Və yaxud və ilaxır və sairə... Sonsuza qədər ömürü olan mətnlər, könül, ruh həbləri; hər yazısı, araşdırma və sənədli esseləri huzur gətirir, təvazö sərgiləyir Rafael Hüseynovun.

Rafael Hüseynov bütün ampluası, yaradıcılıq eşqi, heyrəti, heyranlığı ilə vaxtı dəyərə mindirən, Vaxtı və Baxtı və eyni zamanda da vaxtdan ucada durmağı bacaran şəxsiyyət, böyük fikir adamıdı. Orası da var ki, özünün yazdığı kimi, Vaxtı biz özümüz seçmirik, Vaxtın püşkü özü bizi seçir. "Yazıya pozu yoxdur və ən böyük tarix Yazıdır".

Tariximizin və ruhumuzun pozulmaz yazılarını yazanlardandı Rafael Hüseynov. Özü də canlı, dipdiri və yazılması mütləq vacib olan yazılarını...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkənin təhlükəsizlik naziri HƏBS OLUNDU -FOTO
Şəhid anaları təyyarə qəzasında həlak olanların ruhuna dualar oxudular -FOTO/VİDEO
Pilotlar təyyarəni buna görə dənizə endirməyiblər -Kapitan SƏBƏBİ AÇIQLADI / VİDEO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü