Bu gün saat 20:28-də Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli sərnişin qatarı Yevlax sahəsində hərəkətdə olarkən orta yaşlı bir kişi qəfil qatarın yoluna çıxıb.
OXU24.COM xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.
Məlumatda deyilir ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub: "Təəssüflə qeyd edirik ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılsa da həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib".
"ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır", - məlumatda qeyd edilir.
Xatırladaq ki, bu gün saat 19:18-də Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən sürət sərnişin qatarı Zabrat sahəsində hərəkətdə olarkən bir qadın qəfil qatarın yoluna çıxıb. Həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.
Oxu24.com
ŞƏRHLƏR