22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizəd İlqar Məmmədov seçki məntəqələrində qanun pozuntularının olması ilə bağlı MSK-ya müraciət edib.
Oxu24.com xəbər verir ki, bununla bağlı Komissiyanın bu gün keçirilən iclasında MSK-nın ekspert üzvü Tofiq Həsənov məlumat verib.
İlqar Məmmədov müşahidəçilərə maneələr yaradılığını iddia edərək, seçkilərin etibarsız sayılmasını, səsvermə nəticələrinin ləğv olunmasını tələb edib.
Dairə Seçki Komissiyası əsaslandırıb ki, iddia təsdiqini tapmadığından müraciət təmin olunmayıb. Araşdırma nəticəsi ilə bağlı iddiaçı ilə əlaqə saxlanılıb. 2, 14, və 20 saylı məntəqələr istisna olunmaqla, digər məntəqələrdə qanun pozuntuları aşkarlanmayıb.
Beləliklə, İlqar Məmmədovun müraciəti qismən təmin edilib və sözügedən məntəqələrdə səsvermə nəticələri ləğv edilməlib. Təklif səsə qoyularaq qəbul edilib.
***
Komissiyanın bu gün keçirilən iclasında iştirak edən İlqar Məmmədov iddia edib ki, dairə seçki komissiya üzvləri seçki prosesində namizədlərə qarşı qərəzli münasibət göstəriblər və bununla bağlı sosial şəbəkələrdə videolar da var.
İlqar Məmmədov çıxışı zamanı onu da qeyd edib ki, 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin seçki məntəqələrinin hüdudları dəyişdirilib.
Onun sözlərinə görə, dairədə 36 məntəqə olduğu deyilib. Amma sonradan məlum olub ki, məntəqə sayı artırılıb və 38 edilib. Seçici sayını onlar 49 min 100 bilirmiş, amma 50 mindən çox olub.
MSK sədri Məzahir Pənahov isə bildirib ki, müvəqqəti seçki məntəqələri, cəzaçəkmə müəssisələrində, hərbi hissələrdə və s. yaradılan məntəqələr haqqında heç bir ölkədə öncədən məlumat verilmir. MSK sədrinin müavini Rövzət Qasımov isə əlavə edib ki, məntəqələrin ümumi sayı avqustun 12-dən məlum idi. Şikayət əsassız olduğuna görə 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin səsvermə nəticələri ləğv olunmayıb.
Məlumat üçün bildirək ki, sözügedən dairədə lider namizəd Asim Mollazadədir.
Oxu24.com
ŞƏRHLƏR