Bu ildən başlayaraq ümumtəhsil müəssisələrinin xarici dil bölmələrinə qəbulla bağlı dəyişiklik edilib. Yeniliyə əsasən, 2019-2020-ci tədris ilində ümumtəhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqları qiymətləndiriləcək. Bununla bağlı artıq müsahibə komissiyaları fəaliyyətə başlayıb. Üç nəfərdən ibarət müsahibə komissiyası əcnəbi dildə tədris almaq istəyən uşaqların şifahi nitq bacarıqlarını yoxlayır. 7 dəqiqə davam edən müsahibədən bir gün sonra müsabiqənin nəticələri ilə bağlı valideynlərə mesajla məlumat verilir.
Sözügedən dəyişiklik valideynlər, həmçinin təhsil işçiləri, təhsil ekspertləri tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri bu dəyişikliyin təhsil sisteminə xeyirli olacağını düşünsə də, yeni dəyişikliyin neqativlərə yol açacağını düşünənlər də az deyil.
Oxu24.com bildirir ki, Sputnik Azərbaycan bütün mülahizələrə aydınlıq gətirmək məqsədilə təhsil işçilərinin fikirlərini öyrənib.
Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, Təhsil Nazirliyinin təklif etdiyi bu yenilik ölkə Prezidenti İlham Əliyev tərəfindən 2013-cü ildə qəbul edilmiş "Təhsilin inkişafı üzrə dövlət strategiyası"na ziddir: "Təhsilin inkişafı üzrə dövlət strategiyasında nəzərdə tutulan təhsilin əlçatanlılıq prinsipini Təhsil Nazirliyi kobud şəkildə pozur. Ölkə Prezidenti həmişə çıxışlarında qeyd edir ki, Azərbaycanda orta təhsil əlçatanlılıq baxımından təmin edilib. Amma təhsil Nazirliyi bunun qarşısını alır".
Ekspertin qeyd edib ki, müsahibə zamanı ciddi şəkildə neqativ hallar, qərəzli rəy olacaq: "2018-2019-cu tədris ilində ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu ilə bağlı ərizəylə müraciət edilib. Onlardan 15 032 şagird rus bölmələrində təhsil almaq üçün müraciət edib. 2019-2010-ci tədris ilində bu rəqəmin artacağı gözlənilir. 15 032 şagirdi şəffaf müsahibədən keçirmək üçün Təhsil Nazirliyinin kadrı yoxdur. Bu proses şəffaf şəkildə həyata keçirilməyəcək. Elektron qaydada nə qədər valideyn yer olmadığı üçün seçim edə bilmir. Amma bu seçimə insan faktoru təsir edəcəyinə görə kasıbın balası, imkansız, adamsız şagirdlər daha rus bölməsində təhsil ala bilməyəcəklər".
K.Əsədovun fikrincə, bu dəyişiklik digər tərəfdən insanların təhsil hüququnun kobud şəkildə pozulmasıdır: "Azərbaycan Respublikası Konstitusiyasına görə, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Təhsil Nazirliyi isə istəyir ki, uşaq məktəbə gələndə artıq rus dilində danışmağı, yazmağı bilsin. Uşaqlar məktəbə öyrənmək üçün gəlirlər. Əgər onlar məktəbə gələnə qədər bilik və bacarıqlara yiyələnəcəklərsə, onda məktəb nəyə lazımdır?"
"Dünyanın inkişaf etmiş ölkələrində azyaşlı uşaqları imtahanlardan maksimum dərəcədə kənar tuturlar ki, onlara psixoloji təsir göstərməsin, stress yaşamasınlar. Amma bizdə onları kiçik yaşlarından imtahan stressinə salırlar" - deyə ekspert əlavə edib.
Bakı məktəblərinin birində rus dili fənnini tədris edən Şahilə Orucova isə düşünür ki, müsahibələrin keçirilməsi təhsilə və uşaqların gələcəyinə böyük töhfə verəcək: "Bu layihə çoxdan həyata keçirilməli idi. Çünki rus dilini bilməyən uşaqların bəziləri rus bölməsində təhsil ala bilmirdilər, nəticədə "şikəst" olurdular. Müsahibələr rus bölməsinə hazır olan uşaqları qəbul etməyimizə şərait yaradacaq. Müsahibəyə gələn uşaqların əksəriyyəti azərbaycanlılardır. Bu müsahibənin keçirilməsinin təhsilə və şagirdlərə verəcəyi müsbət təsirin yaxın illərdə şahidi olacağıq".
Qeyd edək ki, müsahibə komissiyaları paytaxtın 12 inzibati rayonu üzrə 9 mərkəzdə fəaliyyət göstərir. 1 saylı mərkəz 3, 2 saylı mərkəz 12, 3 saylı mərkəz 168, 4 saylı mərkəz 139, 5 saylı mərkəz 72, 6 saylı mərkəz 189-190, 7 saylı mərkəz 95, 8 saylı mərkəz 117, 9 saylı mərkəz 53 nömrəli tam orta məktəblərdə saat 10:00-dan 17:00-dək çalışır. Oxu24.com
ŞƏRHLƏR