Bu gün Ankarada İraq hökuməti ilə “Yüksək Səviyyəli Təhlükəsizlik Mexanizmi” çərçivəsində görüş keçiriləcək və orada bir sıra mühüm məsələlər müzakirə olunacaq.
Oxu24.com xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin mətbuat katibi kontr-admiral Zeki Aktürk mətbuat konfransında bildirib ki, görüşdə terrorla mübarizə və sərhəd təhlükəsizliyi məsələləri müzakirə olunacaq.
“Prezidentimiz 2019-cu ilin mayında İraqın o vaxtkı baş naziri Adil Əbdülmehdini qəbul edərək hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək üçün konsensus əldə edib. Bu formatda hər iki ölkənin xarici işlər nazirləri, müdafiə nazirləri və kəşfiyyat rəhbərləri arasında danışıqlar aparılmalı idi və bu formatda ilk görüş 2019-cu ildə baş tutdu. Yüksək Səviyyəli Təhlükəsizlik Mexanizmi platforması çərçivəsində ikinci görüş 19 dekabr 2023-cü ildə Ankarada iki ölkənin xarici işlər nazirlərinin sədrliyi ilə baş tutub.
Bu görüş nəticəsində İraq ilk dəfə olaraq terror təşkilatı PKK-nı “ortaq təhlükə” kimi rəsmi olaraq tanıdı. Terrorla mübarizədə əməkdaşlığın davamlı olmasını təmin etmək üçün danışıqları davam etdiririk. Bu kontekstdə bu gün Türkiyə ilə İraq arasında Yüksək Təhlükəsizlik Mexanizminin dördüncü toplantısı Ankarada, sonuncu iclası isə Bağdadda keçiriləcək”, - deyə Zeki Aktürk qeyd edib.
Bundan əlavə, nazirlik sözçüsü Muğla vilayətinin Dalaman rayonunda 16-cı əsas hava bazası və Çanaqqalada amfibiya korpusunun yaradıldığını açıqlayıb.
“Türkiyə silahlı qüvvələri əməliyyat ehtiyaclarına uyğun olaraq daim yenilənir. Bu çərçivədə Dalamanda 16-cı əsas hava bazası qurulur. Artan aviasiya sektorunu dəstəkləmək və istismar tələblərinə cavab vermək üçün 16-cı Böyük Hərbi Hava Bazası Nazirliyimiz tərəfindən təsdiqlənərək 2024-cü ildə fəaliyyətə başlayıb. Həmçinin Hərbi Dəniz Qüvvələrinin inkişaf edən və güclənən strukturuna uyğun olaraq Çanaqqalada amfibiya korpusunun yaradılması qərara alınıb”, - deyə kontr-admiral bildirib.
Zeki Aktürk həmçinin qeyd edib ki, son bir həftə ərzində Şimali İraq və Suriyada 73 terrorçu zərərsizləşdirilib. Onun sözlərinə görə, 2024-cü il yanvarın 1-dən indiyədək 1725 terrorçu məhv edilib ki, onlardan 845-i İraqın şimalında, 880-i isə Suriyanın şimalındadır.
Nigar
Oxu24.com
ŞƏRHLƏR