Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115702
az

“Toyda oxuyandan sonra özümə ev də ala bildim” – Opera artisti nələr danışdı?

19:3308 Avqust, 2024
105
MANŞET
  • A

Müsahibəyə onun ifasında bir zamanlar Rəşid Behbudovun ifasında sevilmiş "Leyla" mahnısından bir parça ilə başladıq və bu redaksiyamızda kiçik bir konsert havası yaratdı. Gur səsi pəncərə şüşələrini cingildədərək dalğa - dalğa yayıldı.

OXU24.COM xəbər verir ki, lent.az-ın müsahibi Azərbaycan Dövlət Akademik Musiqili teatrının aktyoru, solist-vokalist  Şaban Cəfərovdur.

- Şaban, öncə istərdim, sizi oxuculara yaxından tanıdaq...

- 1986-cı ildə Gəncədə ziyalı ailədə anadan olmuşam. Nənəm babam alim olublar. Babam pambıqçılıq üzrə alim idi. Dövlət mükafatçısı, eyni zamanda Şöhrət ordenli alim idi, onun adını daşıyıram. Anam, atam da ziyalı idilər. Keçən il dünyasını dəyişdi. O bu sənətdə ən böyük dəstəyim, dostum idi. Atamla məsləhətləşirdim hər addımımı, hər işimi. Onun yoxluğu məni çox üzdü.

Səsimi 12 yaşımda müəllimlərim kəşf etdilər. Piano sinfinə gedirdim, sonra yarımçıq qoyub qarmon sinfinə getdim. Həvəsim yox idi. Qarmon müəllimim səsimin olduğunu kəşf etdi, vokal sinfinə yönləndirdi. Sonra İncəsənət Universitetində estrada aktyoru sinfinə daxil oldum. Afaq Bəşirqızından dərs almışam, vokal müəllimimsə Azər Zeynalov olub.

 - Afaq xanımla Musiqili Teatrda tərəf müqabili olmusunuz?

- Təəssüf ki, yox, Universitetdə diplom tamaşasında oxuyanda olub.

- Nə zamandan səhnədəsiniz?

2006-cı ildə oxuya-oxuya işləmək qərarına da gəldim. Opera və Balet Teatrında xor truppasında işə düzəldim. Düzdür, xorda oxumaq mənə çox şey öyrətdi. Lakin hiss edirdim ki, ora mənim yerim deyil. Uşaqlıqdan solo oxumağa həvəsim vardı. Xorda oxumaq həyəcanımı, utancaqlığımı azaltdı. Təsəvvür edin, "Arşın mal alan" tamaşası gedirdi, biz xor kollektivi səhnəyə çıxıb əl çalmalı idik. Həyəcandan əl çala bilmirdim. Elə bilirdim hamı mənə baxır. Utanırdım. Bu keçdi. Düzdür, tam keçməyib. Bu da yəqin ailə tərbiyəsindən irəli gəlir. Ondan sonra əsgər getdim, gələndən sonra iki il Dövlət Filarmoniyasında işlədim. Daha sonra eşitdim ki, musiqili teatrda müsabiqə elan edilib. Müsabiqəni keçib orada işləməyə başladım. Musiqili teatra gələndə anladım ki, yerimi tapmışam, bunu istəyirəmmi? Burada həm rollar oynayır, həm səsimi göstərə bilirəm. "Kələkbazlar"da Fəqan , "Qızıl toy"da  Azər, "Talelər qovuşanda" da Əli,  "Baladadaşın toy hamamı"nda Əzizağa, "O olmasın, bu olsun" da Sərvər, "Paris Notr-Dama ithaf"da  Lüdovik, "Bəxtiyar"da Bəxtiyar kimi önəmli rollar oynadım. Mənə əsasən romantik qəhrəman rolları həvalə olunur.  

- Güclü səsiniz var. Toylara da gedirsiniz? Səsinizdən qazanc kimi istifadə edirsiniz?

-  Dəvət alanda gedirəm. Gündəlik çalışdığım restoranlar əyləncə mərkəzləri var ki, orada oxuyuram. Ailə qurandan sonra gördüm bir maaşla istəyimiz kimi yaşaya bilməyəcəyik. Ona görə başladım oxumağa. Amma getdiyim məkanlarda yalnız klassik mahnılar xalq mahnıları, bəstəkar mahnıları ifa edirəm. Zövqləri korlamaq istəmirəm. Səs həm də gəlir mənbəyidir. Gündəlik xərclərimi ödəmək üçün başladım oxumağa. Oxuyandan sonra özümə ev də aldım, bir çox maddi problemləri həll etdim. Səsi olan da oxuyur, olmayan da. Düşündüm ki, mən niyə səsimdən istifadə etməyim.

-    Ən sevdiyiniz rol hansı olub?

-   "O olmasın bu olsun" tamaşasında Sərvər.

- Sizcə Gülnaz Sərvərə ərə getməliydi, yoxsa Məşədiyə? Günümüzün reallıqlarında hamı onu Məşədiyə layiq bilir.

- Sevən sevənə qovuşmalıdır. O mənada Gülnazı elə mən özüm almalıydım. Məşədi İbadlar hər dövrdə olub. İnsan öz yarına qovuşmalı, kiminsə badına getməməlidir.  Məşədi nəfsin badına getdi. 

- Tamaşa zamanı səhnədə maraqlı anlar yaşamısınız?

- Əslində çox olub. İndi birdən sual verəndə yadıma düşmür. Bir  dəfə "Bəxtiyar" tamaşasında  "O sole mio" italyan əsərini oxuyuram. Tamaşaçılar da sükut içində diqqətlə qulaq asırlar. Royal çala-çala oxuyuram. Gəlib bir milçək qondu burnumun üstünə. Gah gözümə, gah burnuma girməyə çalışır. Qova da bilmirəm, vızıltısı da bir yandan mane olur. Musiqinin ən zil yerində səsimin dalğasından qorxub aralandı nəhayət. Səhnə sehrli dünyadır. Səhnəyə xəstə çıxanda sağalırsan. Bu necə olur bilmirəm, amma olur.

-  Bir zamanlar dünya şöhrətli opera müğənnisi  olmaq  istəmişdiniz. Səhnədə illəriniz keçdi. Nə o dünya şöhrəti oldu, nə də... Peşman deyilsiniz?

-  Peşman deyiləm bu sənətlə xoşbəxtəm. Amma bəzi reallıqlar var ki, yaşımın üstündən yaş gəldikcə anladım ki, imkansızdır. Həyatın reallıqları ilə xəyallar həmişə üst-üstə düşmür. Təcrübəsizlikdən əlçatmaz xəyallar qururmuşuq. Açıq danışım, opera sənəti çox çətin sənətdir, səsin hər an işləməlidir. Yəni bu sənətdə olub parlamaq  həddən artıq çətindir. Mənim üçün ən ideal yer Musiqili Teatrdır. Bu teatrda çalışmaq mənim üçün şərəfdir.

-  Əvvəllər ideal saydığınız, tanıdıqdan sonra gözünüzdən düşən sənətkar olub?

- İdeal insan yoxdur axı. Sadəcə anlayırsan ki, efirdə hamı idealdır, pərdə arxasında isə fərqlidir.  Mən də ideal deyiləm. 

-  Musiqimizdə yaranmış indiki  xaos, ucuzlaşma, bir sözlə indiki vəziyyət sizi incidir?

-  Çox incidir. Amma kiməsə deyə bilməzsən ki, sən oxuma və ya sən bu mahnını dinləmə. Artıq 20 ildir  incəsənətdə korlanma başlayıb. Ümid edirəm nə vaxtsa düzələr. Bəklə də musiqimizin keçid dövrünü yaşayırıq. Bu yaradıcılıq deyil. Biznesdir. Əylənmək istəyənlərə tez qavranılan mahnılar satılır. Amma əsl sənətə acı olan insanlar da var.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkənin təhlükəsizlik naziri HƏBS OLUNDU -FOTO
İran Prezidenti Moskvaya səfər edəcək
Şəhid anaları təyyarə qəzasında həlak olanların ruhuna dualar oxudular -FOTO/VİDEO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü