Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahlarının bu günlərdə etdiyi əməliyyat - 14 yaşlı qızın qarnından kişi orqanlarının çıxarılması böyük marağa səbəb olub.
Tam formalı “testikulyar feminizasiya” diaqnozu ilə klinikaya yerləşdirilən 14 yaşlı uşaq xaricdən qadın olsa da, daxili orqanları kişi cinsinə aid olub. Xəstədə laparoskopik üsulla orxioektomiya əməliyyatı aparılıb, qarın boşluğunda yerləşən hər iki xaya çıxarılıb.
Bəs, bu kimi hallara tez-tezmi təsadüf olunur? Bu problemlər nədən yaranır? Hansı əlamətlər problemin olduğundan xəbər verə bilər?
Əməliyyatı icra edən mütəxəssislərdən biri, ATU-nun Uşaq Cərrahiyə kafedrasının tədris hissə müdiri, tibb üzrə fəlsəfə doktoru Vüqar Məhəmmədov e-tbb.az saytına müsahibəsində bu və başqa suallara aydınlıq gətirib.
- Vüqar həkim, indiyə qədər belə halla rastlaşıb, oxşar əməliyyat icra etmişdinizmi?
- İndiyə qədər bizim klinikada 4 belə əməliyyat olunub. Bu, məhz bu problemlə bağlı ikinci əməliyyatdır. Sadəcə, bu hallar barədə statistika yoxdur, ona görə də deyə bilmərik ki, belə xəstələr nə qədərdir. Bununla bağlı statistik araşdırma aparılmayıb. Amma son vaxtlar müayinə imkanları, diaqnostik metodların inkişafı, həkimlərin ixtisaslaşması, valideynlər arasında tibbi biliklərin artması bu kimi xəstəliklərin daha çox aşkarlanmasına səbəb olur.
- Əməliyyat etdiyiniz uşağın 14 yaşı var. Ümumiyyətlə, belə xəstələr nə zaman əməliyyat olunmalıdır?
- Bununla bağlı yanaşmalar fərqlidir. Bu uşaqda 2-3 yaşında ikitərəfli yırtıq aşkarlanıb. Əməliyyatın rahat keçirilməsi baxımından, elə o zaman, yəni uşağın 2-3 yaşı olanda əməliyyat etmək olardı. Bəzi alimlər bunun tərəfdarıdır. Bəzi alimlər isə cinsi inkişaf dövrünə qədər gözləyib, əməliyyatı o dövrdə etməyin tərəfdarıdırlar. Hər ikisinin də üstün tərəfi var.
- Üstün tərəfləri nədir?
- Kiçik yaşlarda edilən əməliyyat daha rahatdır, bu zaman daxildə qalan yumurtalarda xərçəng yaranma ehtimalı daha azdır, demək olar ki, hətta yoxdur. Ancaq bu zaman başqa problem ortaya çıxır. Cinsi inkişafa çatanda uşaqda heç bir cinsi əlamət olmur. O zaman dərman müalicəsinə başlanmalıdır. Əməliyyatı cinsi inkişaf dövründə etməyin tərəfdarı olan həkimlər isə hesab edir ki, o dövrdə yumurtalar əmələ gəlir, onların müəyyən hissəsi qadın cinsi hormonlarına transformasiya olur və xəstədə xaricdən qadınlaşma əlamətləri meydana çıxır. Ona görə deyirlər ki, bunu 14 yaşdan sonraya saxlayaq. Həmin dövrdə də problemin şişə transformasiya olunma ehtimalı çoxdur. Çünki yumurtanın qarında qalıb, istinin təsirindən şişə çevrilməsi ehtimalı artır. Yaş artdıqca bu ehtimal çoxalır.
- Valideynlər belə bir halın olub-olmamasını necə anlaya bilərlər? Yəni hansı əlamətlər əsas sayıla bilər?
- Müəyyən əlamətlərdən şübhələnmək lazımdır. Qız uşaqlarında ikitərəfli yırtıq varsa, sadəcə, bir ultrasəs müayinəsi edilməlidir. Əgər onda daxili qadın cinsiyyət orqanları deyil, daxili kişi orqanlarının olduğu aşkarlansa, deməli bu, xəstəlikdir. Xəstəlik aşkarlanan kimi xəstə ixtisaslaşmış klinikalara göndərilməlidir. Belə klinikalarda uşaq anadan olandan sonrakı dövrdə aşkarlanan bütün patologiyalarla bağlı xidmətlər göstərilir. Məhz ixtisaslaşmış klinikada problemin nə olduğu aydınlaşdırılır və valideynlərlə izah olunur ki, nə etmək lazımdır. Əgər qız uşağında yırtıq varsa, mütləq mütəxəssis tərəfindən müayinə olunmalıdır. Çünki qarında ikitərəfli yırtıq kişi cinsi orqanının inkişafı, xayaların aşağı düşməsi, o yolların açıq qalması nəticəsində də əmələ gəlir.
- Bütün cərrahlar bu əməliyyatı edə bilərmi? Bunun üçün müəyyən təcrübə tələb olunurmu?
- Bu əməliyyatı edənlər uşaq cərrahları və uroloqlarıdır. Yəni onlar etməlidir, çünki bu uşaq cərrahiyyəsinə aid problemdir. Cinsiyyət qüsurlarını uşaq cərrahları daha yaxşı bilir və düzgün istiqamət seçə bilirlər. Onlar bilir necə etmək lazımdır ki, uşağın gələcəyi üçün problem olmasın.
- Siz xaricdən qız olan uşağı əməliyyat etmisiniz, əksinə hallar da olubmu?
- Başqa bir əməliyyatımızda uşaq xaricdən oğlan idi, daxildə isə hər iki cinsə məxsus orqanları vardı, yəni həm kişi, həm qadın, həqiqi hermafroditizm idi. Həm uşaqlığı, həm yumurtalığı, həm də xayası var idi. Bu dəfə əməliyyat etdiyimiz qız uşağında isə bu, yalançı hermafroditizm idi.
- Bu problemin yaranmasının səbəbi nədir? Buna gen dəyişikliyi demək olarmı?
- Müəyyən qədər irsiyyətin rolu var. Ətraf mühitin təsiri nəticəsində də belə problemlər yaranır.
- Əməliyyatda nəyi əsas götürərək dəyişiklik edirsiniz? Məsələn, əməliyyat etdiyiniz qız oğlan kimi həyatına davam edə bilərdimi?
- Bu uşaq xaricdən qız idi. Qız uşağını oğlana çevirmək daha çətindir, nəinki əksinə. Birincisi, bu uşaq 14 yaşına qədər qız kimi böyüyüb, bu çox böyük problem ola bilərdi. İkinci, qızı oğlana çevirmək üçün, bir neçə mərhələli əməliyyat lazımdır. Üçüncü, daxildə qalan orqanların bədxassəli şişə çevrilmə təhlükəsi var. Biz onu xaricə çıxarsaq bədləşmə gedəcək. Amma əməliyyat etdiyimiz uşaq xaricdən qız uşağından heç nə ilə fərqlənmir. Onlara gözəl, “tüksüz qızlar” da deyilir. Çünki qoltuqaltında və qasıqda tüklənməsi olmur. Bu qız normal qız kimi böyüyübsə, niyə əlavə problem yaradaq ki? Bu variant üçün qəbul olunan yol onun qız kimi həyatına davam etməsidir.
- Əməliyyat etdiyiniz qızın gələcək taleyi necə olacaq, ailə qura, ana ola biləcəkmi?
- Ailə qura, cinsi həyatı ola bilər, amma uşağının olma ehtimalı yoxdur. Çünki onda daxili cinsiyyət orqanları, yumurtalıq, uşaqlıq yoxdur. Daha doğrusu, bu halda ana olma ehtimalı yoxdur, gələcəkdə elmin, texnikanın necə inkişaf edəcəyini deyə bilmərik.
- Belə əməliyyatlardan sonra xəstəyə psixoloji dəstək olmalıdırmı?
- Bu uşaq qız kimi böyüyüb, psixoloji problemi yoxdur, heç özü bilmirdi ki, onda nə problem var. Bundan sonra endokrinoloq köməyi almalıdır. Cinsiyyət orqanları, süd vəzilərinin sonrakı prosesi üçün bu çox vacibdir.
- Valideynlərə tövsiyələriniz nədir?
- Uşaqları ultrasəs müayinəsi etdirməkdən çəkinməsinlər. Ultrasəs müayinəsinin uşağa heç bir ziyanı yoxdur. Bu, həkimə və xəstəyə yardımçı olan sadə müayinə metodudur. Müayinə zamanı ikitərəfli yırtıq, yaxud digər problem aşkarlansa, mütləq müvafiq mütəxəssislərə, uşaq cərrahlarına, ixtisaslaşmış klinikalara müraciət etsinlər. Oxu24.com
ŞƏRHLƏR