Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113646
az

Yenidən dünyaya gəlmək həvəsi -Sərvaz HÜSEYNOĞLU

16:0703 İyul, 2024
381
CƏMİYYƏT
  • A

Poeziya, söz sənəti də dəyərlər mislində qəlb, sirr, işarət hücrəsidir. Daha çox mənəvi təmizliyə çağırış vasitəsi, paklaşmaq məqamı, özünüifadə nəfəsciyidir... Necə ki, bu günlərdə ömür yolunun 57-ci ilini qutladığımız tanınmış şair Rəşad Məcid məhz bu nəfəscikdən o ilahi təmizliyə, paklığa yetməyin diləyini edir:

 

Tanrının yerdəki əziz bəndəsi,

Məni də mülkündə kirəkeş eylə.

Artır qüvvətimi, çoxalt gücümü,

Sıfırı bir eylə, biri beş eylə.

 

Qolla fərmanımı, əmrimi qolla,

Çıxaram sınaqdan, testini yolla,

Üşüyən qəlbimə istini yolla,

Odlu baxışını gur atəş eylə.

 

Durulan könlünəm, daşan selinəm,

Kölən, cangüdənin, qulun, dəlinəm.

Ovcunda yupyumşaq plastilinəm,

Yay məni, yenidən bir günəş eylə...

Gözəl və vacib istəklərdi. "İnsanda insan oyatmaq" ilticasının mükəmməl, şeirin şirin dililə yaddaqalan ifadəsidir. Daha çox titrəyiş, daha çox dartınma, əsl könül dostu önündə əyilməyin ucalıqla ənamlanacaq ifadəsi bu poetik misraların ahəngi boyuncadır. İnsanın insanlıq naminə günəş olmaq, atəşə dönmək və yenidən, yenidən, bir də yenidən ilkinliyinə, ötən çağların unudulmazlığına dönüb-qayıtmaq istəyini (eyni zamanda ehtiyacını) büsbütün simvolizə edir. Bu vacib, hər kəsin mənəvi aləmində, həyata baxışında, könül ehtiyacında zaman-zaman kükrəyən, özünü bu və ya başqa şəkildə ifadə etməyə can atan duyğular Rəşad Məcidin yaradıcılığı boyuna biçilib. Yəni, sistemli, bitib-tükənməz enerji, axın kimidir. Onun bir şeirinin, misrasının təsirindən çıxmamış eyni könül həyəcanları ilə kükrəyən yeni (və daha duyğulu) misraları üstünə axın edir:

 

Sənsən əzablardan dolu qüdrətim,

Sənsən diz çökdüyüm vətənim mənim.

Sənsən ən yaxınım, vəfalı dostum,

Qanıma susayan düşmənim mənim.

 

Cəhənnəmim də sən, cənnətim də sən,

Gah nəğmə oxuyan, gah ağı deyən...

Ağır əzablardan tir-tir titrəyən,

Ruhtək rahatlaşan bədənim mənim.

 

Sən gecəm-gündümüz, sən toyum, yasım,

Sənsən dar ağacım, sənsən xilasım.

Əynimə oturan ən düz libasım,

Boynuma biçilən kəfənim mənim.

 

 

Paradoksal, bir-birinə zidd, əks qütbdə dayanan yaşantı və dəyrələrin bir arada insana əzab yox, daha çox, daha ehtiraslı və daha insanca ömür payı yaşada bilməsi xoşbəxtliyinin poetik ifadəsi bu şeirdə bütün ayrıntıları ilə ifadə olunub. Hər bir predmet öz aralarında ziddiyyət qütbündə dayanır, ancaq ayırmır, təcrid etmir, daha çox bir araya gətirir, eyniyyətdən xilas edir, yaşama dinamik fon verir. Əslində, həyatın və yaşamın gözəlliyi bu əksilik və dinamikadadır.

Bir qayda olaraq Rəşad Məcidin şeirləri mövzu baxımından bir-birinin davamı kimi oxunur. Bununla belə, bu davamlılıq heç bir halda eynilik, təkrarçılıq effekti doğurmur. Baxırsan ki, mövzu, ifadə texnologiyası iç-içə, oxşardı. Ancaq Rəşadın hər şeirinin öz taleyi, bu oxşarlıq daxilində öz fərdiyyəti, anlatdığı fərqli, müstəsna həqiqətləri var. Məsələn, "Mələyim... İblisim" adlı şeirində olduğu kimi:

 

Hamıdan çətinsən, hamıdan asan,

Əzabın məşəqqət, sevincin dərman.

Gah həyat verirsən, gah qətlə fərman,

Əzizim, ən yaxşım, ən pisim mənim.

 

Gah geniş çəmənsən, gah qara zindan,

Gah qatil olursan, gah da ki qurban.

Gah göydə yaşadan, gah yerə çırpan,

Ruhum, azadlığım, məhbəsim mənim.

 

Gördüm gecəsini, gündüzünü də,

Yaxşının, yamanın hər üzünü də.

Axır bircə dəfə gəl düzünü de,

Allahım, mələyim, iblisim mənim.

 

Bu bəndləri bütövlükdə misal gətirməyimizin başlıca niyəti yuxarıda qeyd etdiyimiz poetik ovqatın, daxili ziddiyyətlərin bir arada Rəşad Məcid poeziyasına sistemli şəkildə necə yansıdığının və uyarlı poetik ifadəsini tapa bilməsinin təsdiqi istəyindəndir. Eyni zamanda, xüsusilə qeyd etməyi vacib bilirik ki, gətirilən nümunələr bütövlükdə R.Məcidin gerçək yaşamını, həyat tərzini, ətrafına münasibətini dolğun şəkildə ifadə edir, bu münasibəti tamamlayır. O mənada ki, Rəşad Məcid hal-hazırda ömrünün 57-ci baharını yaşayır. Bu, kifayət qədər yetkin, görüb-götürmüş, dünyanın hər üzündən keçib gəlmiş bir insan həyatını əhatə edən rəqəmdir. Fiziki baxımdan sərt gerçəklikdir. Ancaq mənəvi baxımdan bu yaş daxilində onun düşüncələri, həyat sevgisi gənclik dönəmini, gənclik havasını yaşayır. İlkinliyinə vəfalı və etinalıdı. Bu səbəbdən də R.Məcid bugünün özündə də, daha çox öz gəncliyinin, vəfalı keçmişinin, sadiqliyinin şeirini yazır:

 

Şənimə sağlıqlar içiləndə də,

Boyuma təriflər biçiləndə də,

Ən qəmli anımda, dərdli anımda,

Ən xoşbəxt anımda, xoş zamanımda,

Yanımda gözəllər qımışanda da,

Dostlar bəlağətlə danışanda da -

səni unutmadım.

Qohumlar başıma yığışanda da,

Uşaqlar ucadan danışanda da,

Nəyinsə təcili barışığında

Evdarlıq, məişət qarışığında,

Ən hirsli çağımda,

dərdli çağımda

Dərdlər, problemlər

qoparağında -

unutmadım.

 

R.Məcidin poeziyası ilk növbədə yaddaşın, dərin və səmimi bir vəfadarlığın poeziyasıdır. Bu poeziya bütün halıyla oyadıcı, təzələyici, özünü-özünə qaytarmaq amacının unudulmaz ifadəçisidir. Unutqanlıq duyğusuna hesablanmamış şeirlərdi. Baxmayaraq ki, hər bir insan bütün həyatı boyu ona əzab verən, günlərini, vaxtını-vədəsini saran bu duyğulardan qaçmaq istəyir, ancaq R.Məcidin şeirlərini oxucuqca, bu şeirlərdə yaşadıqca gəlib-gəlib o yerə çıxırsan ki, orda hər şey sənin üçün yenidən başlayır, təkrarlanır, eyni həyəcanların tufanında yenidən itib-batırsan. R.Məcid poeziyası bu bitib-tükənməz harmoniyadan keçib gəlir. Bu harmoniyanı hər məqamda səmimi, olduqca kövrək etiraf məqamları izləyir:

 

Bilməzdim bu qədər ağrı verəcək,

Hər təzə misrası üzəcək məni.

Yolumu daşlığa sarı döndərib

Bu qədər incidib əzəcək məni...

Bilsəydim, yazmazdım bu şeirləri.

 

Mən dedim, yazdıqca unutduracaq

Köhnə ağrıları, əski dərdləri.

Bağrımın başında qalayıb ocaq

Yenidən yaşatdı məşəqqətləri...

Bilsəydim, yazmazdım bu şeirləri.

 

Ağrılar, əzablar ac quzğun kimi,

Boynuma uzatdı caynaqlarını.

Vurduğun yaralar sağalmamışkən

Yenidən qopardı qaysaqlarını...

Bilsəydim, yazmazdım bu şeirləri...

 

Təbii, "Şair olan əmrə peşiman ola bilməz". Təbii ki, bütün yolların son ucu o yerə aparır ki, məhz ordan qaçırıq. Hər gün bir ovqata köklənsək də, hər an bir yeni arzuyla yaşamaq istəsək də belə. Bu məqamda bütün qütblər, könül istəkləri, sonsuz üfüq qatları iç-içə gəlir. Bu harmoniyanın hansı nöqtəsində var olduğumuzu heç cür seçib-ayıra bilmirik. Günüz üzləşdiyin isti baxışlar gecə yatağına yağır buz kimi. Həmin durumu R.Məcidin bu misraları bütün ayrıntıları ilə ifadə etmiş olur:

 

İndiki əhvalım dünənki deyil,

Sabah olmayacaq bugünkü halım.

O rahat həyatım həmənki deyil,

Hər gün bir ovqata düşür əhvalım.

Gah ulduz olmusan, gah su pərisi,

Gah işıq yaymısan, gah daş atmısan.

Dərdi də vermisən, səadəti də,

Həm bahar, həm də ki qış yaşatmısan.

Özün də min haldan-hala düşmüsən,

Sevincdən uçmusan, dərddə bişmisən.

Dünyanın gərdişin qarışdırmısan,

Düz yolun, vərdişin qarışdırmısan.

Bilinmir kim udub, kim itiribdi,

Kim kimin ömrünü dəyişdiribdi?..

 

Qələm dostum Kəramət (Şükürov) haqlıdı ki, "biz coğrafi ərazilərdən daha çox vaxt məkanının vətəndaşlarıyıq. Bizim üçün ayrılmış həmin zaman zolağında, kəsimində yaşayırıq... Dərketmə, dünyaduyum sərhədləri eyniyyət təşkil etmir, bu məqam bizi müxtəlif zaman istiqamətlərinə aparır, istəyimizdən asılı olmayaraq ayrı-ayrı vaxt ölkələrinin vətəndaşlarına çevrilirik". Kəramətin (Şükürov) bu fikirləri hər dəfə yadıma R.Məcidin "Saatım qurulub sənin vaxtına" adlı şerini salır. Götürüb yenidən oxuyuram. Və hər dəfə özüm üçün bir daha dəqiqləşdirirəm ki, doğrudan da insan ömrü boyu daha çox vaxt məkanının vətəndaşı olaraq yaşayır. O məlum (və məlun) saata hesablanır, o saatın əqrəblərinə və vintciyinə çevrilir. Və bütün bu deyilənlər Rəşadın misralarında dəqiq cizgilərlə ifadə olunub; insan çox vaxt məhz bu zaman çərçivəsinə, diqtəsinə məhkumluğun xoşbəxti olur. Özünü bu çərçivədə rahat, sərbəst, şahanə hiss edir:

 

Saatım qurulub sənin vaxtınla,

Mənim günortamdı sənin səhərin.

Yerini bilirəm saata baxıb

Harasındasansa qoca şəhərin.

Görürəm yuxudan oyanmağını,

Görürəm yuyunub-daranmağını.

O rus qarısına çay verməyini,

Evdən çıxmağını, yol getməyini.

Mən burda məşğulam

hər addımınla -

Saatım qurulub sənin

vaxtınla.

 

Bir ömür boyunca "Səni məndən, məni səndən kim ayırdı, bilmədim" təəssüfümüzün, sorumuzun gerçək cavabları var R.Məcidin şeirlərində. "Keçərdim keçilməz qadağaları, sevərdim sevdiyin o adamları" qənaətinə aparan yol başlayır bu şeirlərdən. "Bir isti kəlməylə, işıqlı sözlə məhəbbət, səadət bəxş eyləyərdim" arzusu oyadır oxucularda... Tanış olduqca inanırsan ki:

 

Hər itkinin, hər dərdin,

Hər adamın, hər yaxının

çəkisinə uyğun

göz yaşı var bədəndə!

İki damla yaşla çıxanlar var,

Bir hönkürtüylə bitənlər.

Elə itki var

gərək bir həftə ağlayasan sərasər,

eləsi var, bir gün, bir saat...

 

Bu itki aylarla, illərlə, onilliklərlə də hesablana bilər. Amma qəti qənaətimdi ki, peşəkar bir qələm adamı olan Rəşad Məcidin həyat yolunda çoxlarımızın (eyni zamanda hər kəsin) üzləşdiyi, yaşadığı müxtəlif adda itkilər olsa da, yaradıcılıq, fəaliyyət müstəvisində Zaman, Vaxt itkisi yoxdur. Bu müstəvinin bütün məsamələri uğurlu yaradıcılıq bəhrələri ilə doludur. Məşhur mahnıda deyildiyi kimi: "Şokolad kimi...".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ