Bu gün Azərbaycanda Novruz bayramıdır.
Oxu24com.com-un məlumatına görə, Novruz qədim və böyük bayram kimi yazın gəlişi ilə əlaqədar olaraq qeyd edilir.
Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalara əsasən, Novruz bayramının keçirilmə tarixi qədim zamanlara - Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Alimlər bu bayramın yaşını minimum 3700 il, maksimum 5000 il müəyyən edirlər. Qədim Babilistanda bu bayram nisan ayının (mart-aprel) 21-də qeyd edilirmiş və 12 gün davam edirmiş. Bu 12 günün hər birinin öz adət-ənənəsi var imiş. İlk yazılı abidələrdə qeyd edilir ki, Novruz bayramı eramızdan əvvəl 505-ci ildə meydana gəlib.
Təbiətin oyanması Novruz ilə başlayır və Azərbaycan xalqı hətta Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd edir. Belə ki, hər həftənin çərşənbə axşamı öz adət-ənənələrinə müvafiq olaraq - Su, Od, Torpaq və Yel çərşənbəsi (ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir. Xalq deyimlərinə görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə torpağın, dördüncü çərşənbədə isə küləyin köməyi ilə ağaclarda tumurcuqlar cücərir və bütün bunlar yazın gəlişindən xəbər verir.
Ənənələrə görə, bayramın ilk gecəsi hər kəs evdə olmalıdır. Deyilənə görə, əgər Novruzun ilk günü evdə olmasan, yeddi il evdə görsənməyəcəksən. Qədim adətlərə görə, bayır qapılar bağlanmır. Novruzun ilk gecəsi səhərədək şam yandırılır: sönmüş ocaq, sönmüş şam uğursuzluq əlamətidir.
Novruzu qeyd edərkən, kəndlilər növbəti ilin quraq, yaxud yağıntılı keçəcəyini, məhsuldar olub-olmayacağını müəyyən edirlər. Adətlərə görə, Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü isə qış hesab edilir. Əgər ilk gün külək və yağışsız olursa, deməli il kənd təsərrüfatı üçün uğurlu keçəcək. Əgər külək olarsa, deməli bütün il bu cür keçəcək. Son üç gündə də ilin qalan fəsillərinin necə keçəcəyi bu yolla müəyyən edilir.
Novruz şən və sevimli, xalqımızın bütün dəyərlərini özündə birləşdirən bayramdır.
Oxu24.com
ŞƏRHLƏR