“İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev xalqa Novruz bayramı münasibətilə etdiyi müraciətində deyib.
Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub:
“İslahatlar hərtərəflidir. İqtisadi islahatlar bizə imkan verir ki, əlavə gəlirlər əldə edilsin və büdcə gəlirlərimiz artıb. Bu ilin yanvar-fevral aylarında büdcə daxilolmaları 150 milyon manat səviyyəsində artıbdır. Bu, bizə imkan verir ki, həmin vəsaiti sosial layihələrə yönəldək. Qeyd etdiyim kimi, ciddi islahatlar üzərində işlər keçən il prezident seçkilərindən sonra başlamışdır. Bu gün isə çox ciddi sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan öz maddi vəziyyətini, maliyyə vəziyyətini yaxşılaşdırmış olur. Bildiyiniz kimi, minimum əməkhaqqı və minimum pensiya təxminin 40 faiz artmışdır. Sosial müavinətlər təqribən orta hesabla iki dəfə artmışdır. Köçkünlərə verilən müavinət 50 faiz artmışdır. Tələbələrin təqaüdləri, şəhid ailələrinə verilən müavinətlər, digər sosial ödənişlər artıb. Çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı müvafiq Fərman imzalanıb. Problemli kreditlərin həlli ilə bağlı çox ciddi Fərman imzalanıb. Onu deyə bilərəm ki, bu Fərmanın dünyada bənzəri yoxdur və bu Fərman 800 min insanı əhatə edir. Yəni, Azərbaycan dövləti bir daha göstərir ki, öz vətəndaşının yanındadır.
Bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha da geniş miqyasda öz həllini tapacaqdır. İqtisadi artım isə göz qabağındadır. Bu ilin iki ayında ümumi daxili məhsul 3 faiz artmışdır. Bu, son illər ərzində ən yüksək göstəricidir. Sənaye istehsalı 4,6 faiz artmışdır. Bu da yaxşı göstəricidir. Ancaq ən böyük artım qeyri-neft sektorunda sənaye istehsalına aiddir. Burada artım 15,5 faizdir. Hesab edirəm ki, bu, dünya rekordudur və son illər ərzində aparılan düşünülmüş ciddi iqtisadi islahatlar siyasətinin nəticəsidir.
Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir.
Mən tam əminəm ki, bu ili biz uğurla başa vuracağıq. Bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq”.
Oxu24.com
ŞƏRHLƏR