Qurani-Kərimin 12-ci surəsi olan, 12-ci və 13-cü cüzlərdə yer alan və 111 ayədən ibarət olan "Yusuf" surəsi Məkkədə nazil olmuşdur. Yusif peyğəmbərin adı Quranda 27 dəfə zikr olunmuşdur və bunlardan 25-i "Yusuf" surəsindədir. (Bir dəfə "Qafir" surəsinin 34-cü ayəsində, bir dəfə də "Ənam" surəsinin 84-cü ayəsində göstərilmişdir.) Bu surənin ayələri (surənin son ayələrini çıxmaqla) bir-birinə bağlı şəkildə həzrət Yusifin (ə) uşaqlığından Misirin dövlət xəzinədarı məqamınadək olan ömrü, ona qarşı qurğuların puça çıxması, iffət və paklığı, imanı, nəfsi istəklərinə hakimliyi və təqvalı olması bəyan olunur. Bir sözlə, surədə həzrət Yusifin (ə) sərgüzəştindən söz açıldığı üçün, surə onun adını daşıyır.
Oxu24.com-a istinadən bildirir ki, digər peyğəmbərlərin əhvalatı ayrı-ayrı surələrdə nəql olunduğu halda, həzrət Yusifin (ə) əhvalatı yalnız bu surədə qeyd olunmuşdur. Həzrət Adəm və Nuhun hər birinin əhvalatı 12 surədə, həzrət İbrahimin əhvalatı 18 surədə, həzrət Salehin əhvalatı 11 surədə, həzrət Davudun əhvalatı 5 surədə, həzrət Hud və Süleymanın hər birinin əhvalatı 4 surədə, həzrət İsa və Zəkəriyyanın hər birinin əhvalatı 3 surədə nəql olunmuşdur.
Uyğun surədə göstərilən həzrət Yusifin (ə) əhvalatı o qədər cəzebedici və şirindir ki, insan onu təkrar-təkrar oxusa da, hər dəfə əhvalatdan təsirlənir və bu, insanı düşünməyə vadar edir. Elə buna görə də, Qurani-Kərimdə həzrət Yusifin (ə) əhvalatı "əhsənul-qisəs" (hekayələrin ən gözəli) adlandırılır və onda ağıl sahibləri üçün ibrət dərslərinin olduğu göstərilir. Sözügedən surənin 3-cü ayəsində buyurulur:
نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ الْقَصَصِ بِمَا أَوْحَيْنَا إِلَيْكَ هَـذَا الْقُرْآنَ وَإِن كُنتَ مِن قَبْلِهِ لَمِنَ الْغَافِلِينَ
"(Ya Rəsulum!) Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəni (qissəni) danışırıq. Hərçənd ki, sən əvvəlcə (ondan) xəbərdar deyildin."
Əlbəttə, rəvayətlərdə və təfsir alimlərinin qeydlərində Quran bütövlükdə "əhsənul-qəsəs" - "hekayələrin ən gözəli" adlandırılır. Səmavi kitablar arasında Quranın, Quran surələri arasında da "Yusuf" surəsinin "əhsənul-qəsəs" adlandırılmasında heç bir təzad yoxdur.
Təbii ki, həzrət Yusifin (ə) hekayəsinin "əhsənül-qəsəs" adlandırılmasının səbəbləri var. Həmin səbəblərdən ikisini göstərməklə kifayətlənirik:
1. Hekayədəki bütün simaların aqibəti xoş olur. Məsələn, Yusif hakimiyyətə çatır, qardaşları tövbə edir, atasının gözü açılır, ölkədə qəhətlik aradan götürülür, qəm vüsala və həsəd məhəbbətə çevrilir;
2. Bu hekayədə bir sıra ziddiyyətlər yanaşı qeyd olunur: Ayrılıq və vüsal, qəm və şadlıq, qıtlıq və bolluq, vəfasızlıq və vəfadarlıq, ağa və qul, quyu və saray, yoxsulluq və var-dövlət, bəndəlik və soltanlıq, korluq və görmə, paklıq və pislikdə ittiham.
Ümumiyyətlə, Quran hekayələrinin digər hekayələrlə bir sıra fərqləri var. O cümlədən, Quran hekayələri Allah tərəfindəndir, məqsədlidir, xəyal yox, həqiqətdir, güman yox, elmə əsaslanır, əyləncə və baş qatmaq yox, düşüncə və ibrət vasitəsidir. Elə sözügedən surənin son ayəsində də bu haqda buyurulur:
لَقَدْ كَانَ فِي قَصَصِهِمْ عِبْرَةٌ لِّأُوْلِي الأَلْبَابِ مَا كَانَ حَدِيثًا يُفْتَرَى وَلَـكِن تَصْدِيقَ الَّذِي بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ كُلَّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً لِّقَوْمٍ يُؤْمِنُونَ
"(Peyğəmbərlərin) hekayələrində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. (Bu Quran) uydurma bir söz deyildir, əksinə özündən öncə olanı (səma kitabları) təsdiq edən, (tərbiyə və mənəvi maarif barəsində) hər bir şeyi müfəssəl izah edən və iman gətirənlər üçün hidayət və rəhmətdir."
Həzrət Yusifin (ə) əhvalatında açıq-aşkar göstərilir ki, o, uşaq ikən bir yuxu görür, yuxusunu atası həzrət Yəquba (ə) danışır və atasının xüsusi məhəbbəti ilə qarşılaşır. Bundan sonra qardaşları ona paxıllıq edərək, zalımanə şəkildə onu quyuya atırlar. Misirə doğru hərəkət edən karvan əhli oradan keçərkən su götürmək üçün quyuya bir qab atır və qabı çəkərkən su əvəzində bir gənc oğlanla üzləşirlər. Yusif (ə) üç gün quyuda qaldıqdan sonra nicat tapır. Karvan əhli Yusifi (ə) özü ilə Misirə aparıb bazarda satışa qoyur. Onu Əzizi-Misir alır və beləcə, Yusif (ə) Əzizi-Misirin evində məskunlaşır. Yusif (ə) gözəl simaya sahib olduğu üçün, Əzizi-Misirin zövcəsi Züleyxa onunla bağlı iffətə zidd fikrə düşsə də, Yusif (ə) Allahın lütf və mərhəməti ilə özünü günahdan qoruyur. Züleyxa, Yusifi (ə) Əzizi-Misirin yanında şərləyərək onu zindana atır. Yusif zindanda ikən padşahın gördüyü yuxunu yoza bildiyi üçün, padşahın məhəbbət və ehtiramı ilə qarşılaşır.
Uyğun surənin 50-ci ayəsinə əsasən, padşahın elçisi zindana gedib, Yusifə (ə) azadlıq xəbərini verərkən, Yusif (ə) dərhal müsbət cavab vermir. O, keçmişdə haqqında qaldırılmış işin yenidən araşdırılmasını istəyir. Yusif günahsızlığını sübut etmək və padşaha onun rejimində nə qədər ədalətsizliklərə yol verildiyini anlatmaq istəyirdi. Peyğəmbəri-Əkrəm (s) buyurur: "Yusifin səbrinə heyranam. Əzizi-Misir yuxu təbirinə ehtiyac duyduğu vaxt Yusif bu təbirin müqabilində azadlıq tələb etmədi. Amma onu azad etmək istədikdə zindandan çıxmadı və üzərindəki böhtanın götürülməsini istədi."
Beləliklə, padşaha hər şey bəlli olduqdan sonra, Yusif (ə) zindandan çıxarılaraq "xəzinədar" vəzifəsinə, "Əzizi-Misir" olmağa layiq görülür. Bir gün qana boyanmış köynəyi atası Yəqubun (ə) gözlərinin kor olmasına səbəb olmuşdusa, növbəti dəfə köynəyi atasının gözlərinin açılmasına səbəb oldu.
"YUSUF" SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ
İmam Sadiq (ə) buyurmuşdur: "Yusuf surəsini hər gün və ya hər gecə oxuyan şəxsi Allah-Taala qiyamət günü Yusifin (ə) gözəlliyində gətirər, qiyamət gününün qəm-qüssəsi ona toxunmaz və o, Allahın seçilmiş və saleh bəndələrindən olaır." ("Təfsiri-nümunə", Ayətullah Məkarim Şirazi, 9-cu cild, səh.292-297 və "Yusuf" surəsinin təfsiri; "Nur təfsiri", Ustad Qəraəti, 6-cı cild, "Yusuf" surəsinin təfsiri; "Surələr gülüstanı", Məhəmmədhüseyn Cəfəri, səh.79.) Oxu24.com
ŞƏRHLƏR