Azərbaycanda dünyasını dəyişən bütün vətəndaşlara görə dəfn müavinətinin təyin olunması təklif edilir.
Oxu24.com xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, dəfnə görə birdəfəlik müavinət "İşsizlikdən sığorta haqında" qanuna uyğun olaraq işsizlikdən sığorta ödənişi alan, sığorta olunan şəxslər və ya əmək pensiyası alan şəxslər vəfat etdikdə ödənilir.
"Hazırda müavinətin məbləği işsizlikdən sığorta alan və sığorta olunan şəxslər vəfat etdikdə 500 manat, əmək pensiyası alan şəxslər vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin 3 misli məbləğində müəyyən edilir.
Praktik olaraq bu deməkdir ki, hazırda əmək pensiyalarının minimum məbləği 280 manat olduğuna görə bu ödəniş 840 manatdır. 280 manatı üçə vurulmaqla 840 manat ödəniş edilir.
Müavinət müraciətetmə müddətindən asılı olmayaraq, vətəndaşın ölümü ilə əlaqədər onun dəfni ilə bağlı xərclər təyin edilir və ödənilir.
Müraciətetmə qaydası digər sosial müavinətlərdə olduğu kimi, Dövlət Sosial Müdafiə Fonduna, Dost Mərkəzinə və şəhid ailələrinin ailə üzvləri, müharibə ilə əlaqədər xəsarət alan hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edilməklə mümkündür.
Mövcud qaydalara əsasən, dəfn üçün müavinəti heç də bütün vətəndaşlar ala bilmir və bu zaman işsizlikdən sığorta ödənişi almayan, sığorta olunmayan və əmək pensiyası olmayan şəxslər vəfat etdikdə onların dəfninə görə ödəniş edilmir.
Nəzərə alsaq ki, vətəndaşlarımızın bir qismi işsizlikdən sığorta almır və ya sığortalanmayıb və ya əmək pensiyası almır, əmək pensiyası tamam olmadan dünyasını dəyişir, bizim təqdim etdiyimiz təkliflər ondan ibarətdir ki, dəfnlə bağlı müavinət sığorta ödənişi edib-etməməsindən asılı olmayaraq, dünyasını dəyişən bütün vətəndaşlar üçün təyin olunsun", - deyə deputat qeyd edib.
O bildirib ki, bununla bağlı müzakirələr həm Milli Məclisdə, həm də komitə iclasında aparılıb və bu müzakirələr bu istiqamətdə praktik olaraq rəsmi müzakirələrin başlanması anlamına gəlir.
"Ona görə gözlənir ki, bu müavinət qaydalar dəyişməklə sığorta ödəyən şəxslərlə yanaşı, digər şəxslərə də ödənilə bilər və bu, imkan verə bilər ki, bu müavinəti bütün dünyasını dəyişmiş vətəndaşlarımızın yaxınları və ya ailə üzvləri istifadə etsin. Bu, dəfn xərcinin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması deməkdir.
O baxımdan, biz istisnasız olaraq dünyasını dəyişən bütün şəxslərlə bağlı dəfn müavinətinin təyin olunmasını təklif edirik", - deyə deputat əlavə edib.
Oxu24.com
ŞƏRHLƏR