Mayın 24-də Moldova Respublikasının daxili işlər naziri cənab Adrian Efrosun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Oxu24.com xəbər verir ki, nazir Adrian Efros və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Həmin gün Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov moldovalı həmkarını və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan nazir V.Eyvazov Moldova ilə Azərbaycan arasında əlaqələrin və qarşılıqlı münasibətlərin getdikcə daha da dərinləşdiyini məmnunluqla vurğulayıb.
O qeyd edib ki, Azərbaycanın Daxili İşlər Nazirliyi Moldovanın hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi ilə münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda inkişaf etdirilməsinə böyük önəm verir.
Ölkələrimizin müvafiq strukturları arasında uzun illərdir ki, mövcud olan sıx və işgüzar əlaqələri diqqətə çatdıran general-polkovnik V.Eyvazov qabaqcıl təcrübə və məlumat mübadiləsində maraqlı olduğumuzu, belə görüşlərin münasibətlərin daha da inkişaf etdirilməsinə, əməkdaşlığın möhkəmləndirilməsinə yeni töhfə verəcəyinə əminliyini bildirib.
Mövcud problemlərə toxunan daxili işlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
Moldova Respublikasının daxili işlər naziri cənab Adrian Efros səmimi qəbula və yüksək qonaqpərvərliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib, səfərin iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni təkan verəcəyinə əminliyini, rəhbərlik etdiyi qurumun bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini, azərbaycanlı həmkarlarının cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini sahəsində əldə etdikləri müsbət təcrübənin öyrənilməsində maraqlı olduğunu bildirib.
Görüş zamanı nazirlər “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.
Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinə, “102” və “Təhlükəsiz şəhər” xidmətlərinə gedərək həmin qurumların fəaliyyəti ilə yaxından tanış olublar.
Oxu24.com
ŞƏRHLƏR