Ötən iki gün ərzində Feysbuk, Votsap və İnstaqram sosial şəbəkələrində məlum olmayan səbəblərdən problem yaranmışdı. Belə ki, paylaşım etmək, şərh yazmaq, Messencerə məlumat yükləmək, səsli mesaj göndərmək, şəkil paylaşmaq mümkün olmurdu. Bunun nədən qaynaqlandığı bəlli olmasa da, istifadəçilər problemdən çıxış yolu kimi bir-birindən yazdıqları statusa "nöqtə", "vergül" qoymalarını xahiş edirdi. Bu da iki gün ərzində yüzlərlə istifadəçi tərəfindən "nöqtə", "vergül" tələbi ilə yazılan statusların artmasına səbəb oldu.
Maraqlıdır, bəs bu problem "nöqtə", "vergül"lə aradan qaldırıla bilərmi? Bu durğu işarələrinin istifadəçilərə hansı köməyi var?
Oxu24.com xəbər verir ki, mövzunu Axar.az-a şərh edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, istifadəçilərin bu problemi aşmaq üçün şəbəkə dostlarından nöqtə, vergül istəməsini yersizdir:
"Son iki gündə bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda qlobal sosial media resursları (Feysbuk, Votsap, İnstaqram - hansı ki, bunlar hamısı Feysbukun məhsuludur, yəni bir serverdir) ilə bağlı problem var idi. İlkin məlumatlar bundan ibarət idi ki, bura müəyyən hücumlar olub, serverlərdə texniki xətalar, yüklənmələr baş verib. Bu səbəbdən həmin şəbəkələrdə paylaşım etməkdə, Messencerə nə isə yükləməkdə, Votsapda səsli mesajlar göndərməkdə problemlər yaranmışdı.
Bu problemlər dünəndən etibarən qismən həll olunub. Ancaq istifadəçilərin bu problemi aşmaq üçün şəbəkə dostlarından nöqtə, vergül istəməsinin bu məsələlərə dəxli yoxdur. Feysbukun alqoritmlərinə görə istifadəçi öz paylaşımının daha çox adam tərəfindən görüldüyünü istədiyi təqdirdə nöqtə, vergülə ehtiyac duya bilər. Bu da o zaman olur ki, istifadəçinin yazdığı statusa şərhlər az gəlir, reaksiya az olur.
Yəni əgər istifadəçi rahat şəkildə, heç bir problemsiz status yazıb "nöqtə, vergül qoyun" deyirsə, demək ki, onun hər hansısa problemi yoxdur. Çünki problem olsaydı o, "nöqtə, vergül qoyun" statusunu da yazıb paylaşa bilməzdi".
O.Gündüz bildirib ki, istifadəçilər belə tələblər etməkdənsə, elementar informasiya təhlükəsizlik qaydalarına riayət etsələr, daha yaxşı olar:
"İstifadəçilərin "nöqtə, vergül qoyun" xahişinin yaranmış problemin aradan qaldırılması baxımından heç bir əhəmiyyəti yoxdur. İstifadəçilərə tövsiyəm odur ki, belə texniki problemlər olanda daha ehtiyatlı olsunlar, naməlum, arzuolunmayan mesajları açmasınlar, şəxsi hesabları açıq ola-ola, şəxsi kompüterlərinə naməlum yükləmələr etməsinlər, elementar informasiya təhlükəsizlik qaydalarına riayət etsinlər".
O.Gündüz bildirib ki, sosial şəbəkələrdə yaranmış problem istifadəçilərin səbəb olduğu problem olmadığına görə onun aradan qaldırılmasında da istifadəçilər heç bir şey edə bilməz:
"Belə problemlərə nəzarət üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Elektron Təhlükəsizlik Mərkəzi var. O qurumun bu dəqiqə yeganə funksiyası insanları məlumatlandırmaqdan ibarət olmalıdır. İki gündür əsas sosial şəbəkələrdən biri hesab edilən Feysbukda böyük problem var, ancaq bu haqda nazirliyin rəsmi saytında heç bir məlumat yoxdur. Sonuncu məlumat 5 mart tarixində yerləşdirilib. Əslində isə problemin nədən ibarət olduğunu, bunun üçün nə etmək lazım gəldiyini nazirliyin rəsmi saytından öyrənməli idik. Nazirlik məlumat yaymalı idi ki, sosial şəbəkələrdə qeydə alınan bu problem nə ilə bağlıdır və aradan qaldırılması üçün nə edilməlidir, nə edilməməlidir. Belə olsaydı, heç kəs "nöqtə, vergül qoyun" xahişi etməzdi". Oxu24.com
ŞƏRHLƏR