"İçərişəhər"də "Bahar Qalası" festivalı keçirləcək.
Oxu24.com Trend-ə istinadən bildirir ki, 20-26 mart tarixlərində baş tutacaq festivalda siz sehrli bir aləmə düşəcəksiniz.
Qoşa Qala meydanındakı dekorasiyalar qonaqları Bakımızın keçmişinə səyahətə aparacaq.
Ənənəvi olaraq təşkil edilən konsert proqramı festival ərzində hər gün saat 12:00-dan axşam saat 18:00-a qədər davam edərək, tamaşaçılara həm milli, həm də digər xalqların nümayəndələrinin ifasında Novruz ənənəsinə sadiq olaraq bir-birindən fərqli rəqslər və nəğmələr təqdim edəcək, estradamızın ulduzlarının ifasında sevilən mahnılar səslənəcəkdir.
Festival müddətində İçərişəhərin hər bir guşəsi çıraqban olacaqdır. Qüllə küçəsi boyunca səkiləri bəzəyəcək xalçalar, onların üzərində qoyulacaq incəbelli səmənilər, rəngbərəng yumurtalar sizə özünüzü evinizdəki kimi hiss etdirəcək, keçiddə canlandırılacaq opera səhnəcikləri izləyənlərdə sehrli bir nağıl təəssüratı yaradacaq.
Həmçinin Qüllə küçəsi boyu qurulacaq "Şərq Bazarı", oradakı tacirlərin və onların dəvələrinin istirahət etməsi bu ərazini öz tarixi gözəlliyinə qovuşduracaq. Bazarda yerli quru meyvə və çərəz markaları öz məhsullarının çeşid zənginliyi ilə qonaqları təəccübləndirəcəkdir.
Qız Qalasının arxasındakı meydanda İçərişəhərin sakinlərinin qonaqlara öz qonaqpərvərliklərini nümayiş etdirmək, onlara Bakı mətbəxinin zənginliklərini sərgiləmək və əlavə gəlir əldə etmək üçün 3 satış nöqtəsi təmənnasız onların istifadəsinə veriləcəkdir.
Qız Qalası qarşısında yerləşən meydanda Azərbaycan Respublikası ərazisində yaşayan xalqların uşaq ansamblları öz milli geyimlərində ifa edəcəkləri rəqslər və nəğmələrlə izləyənlərə Novruz bayramının çoxsaylı etnik qrupları birləşdirməsini, Azərbaycan ərazisində yaşayan xalqların firavan həyatını nümayiş etdirəcəkdir.
Bütün bu yeniliklər ilə yanaşı isə gəncləri sevindirəcək bir xəbərimiz var. Yalnız 1 gün - 23 mart tarixində, saat 17:00-da Qoşa Qala meydanında Türkiyənin gənc estrada ulduzu Aleyna Tilki konsert proqramı ilə çıxış edəcəkdir. Oxu24.com
ŞƏRHLƏR